Kəlimullah, yəni Allahla kəlmələşən ünvanına layiq görülmüş Həzrəti Musa (ə.s.) Uca Rəbbi ilə söhbət üçün yenidən Turi-Sinaya getməyə hazırlaşanda qövmü ondan xahiş elədi ki, Allah-Təalanı (c.c.) qonaq dəvət eləsin. Həzrəti Musa bu təklifin doğru olmayacağını söyləsə də, qövmü israr elədi və o da Allah-Təala ilə söhbəti zamanı qövmünün dəvətini dilə gətirdi:
– Ey Rəbbim, qövmümün dəvətini bilirsən. Mən geri dönəndə onlara nə deyim?
Allah-Təala (c.c.) da buyurdu ki, o dəvəti qəbul edir və filan gün filan saatda onlara qonaq gələcək.
Həzrəti Musa qövmünün yanına döndü və Allah-Təalanın söylədiklərini onlara çatdırdı. Həmin andaca hazırlıqlar başladı. Hər tərəf süpürülüb təmizləndi, evlər, məhəllələr bəzədildi, yollara su səpildi, çeşid-çeşid yeməklərin hazırlığına başlandı. Deyilən gün, deyilən saat gəldi və hər kəs dörd gözlə Allah-Təalanın (c.c.) gəlişini gözlədi. Həzrəti Musa da ətrafa diqqət edir, hazırlıq işlərini yoxlayırdı ki, bir qüsur olmasın. Bu arada bir qoca Həzrəti Musaya yaxınlaşıb:
– Uzaq yoldan gəlmişəm, bir stəkan su xahiş edirəm,- dedi.
Həzrəti Musa da:
– Get özün bax, gör oralarda harda var, al iç, – dedi və öz işinə davam elədi. Həzrəti Musa və qövmü çox gözlədilər, amma gələn olmadı. Növbəti dəfə Turi-Sinada söhbət zamanı Həzrəti Musa (ə.s.) Allah-Təalaya (c.c.) belə dedi:
– Ey Rəbbim, Sən verdiyin vədindən dönməzsən, Səni hər cür qüsurdan, yalandan uzaq tuturam, amma ey Allahım, Sən gələcəyini söylədin, mən də qövmümlə birlikdə gözlədik, amma Səni görə bilmədik, bu işin hikməti nədir, bilmək istəyirəm.
Allah-Təala (c.c.) bu sualın cavabından belə buyurdu:
– Mən gəldim, ya Musa, siz fərqinə vara bilmədiniz.
Həzrəti Musanın heyrəti başından aşdı:
– Bu necə oldu, nə zaman gəldin, niyə görə bilmədik?
Allah-Təala (c.c.) buyurdu:
– Ya Musa xatırlayırsanmı, bir qoca səndən su istədi, sən də “get oralardan tap iç” deyib ona qayğı göstərmədin?
– Xatırlayıram, ey Rəbbim.
– Ya Musa, Mən o qulumla birlikdə gəlmişdim, onun qəlbində idim. O, Mənim elə bir qulumdur ki, qəlbində Məndən başqa heç bir kəsə, heç bir şeyə yer ayırmayıb. Onun qəlbində ancaq Mən varam, amma sən ona əhəmiyyət vermədin. Ona göstərəcəyin qayğı Mənə göstərilmiş olacaqdı, ona edilən hörmət Mənə edilmiş olacaqdı.
Həzrəti Musanın Turi-Sinadan hələ o cür məhzun və düşüncəli dönüşü olmamışdı.
www.zaman.az
Ona görədə deyirlər ki,hər gecəni qədir bil,hər gələni Xıdır bil!Allah hər kəsi hidayətə yetirsin!
Comments are closed.