Dövlət Sosial Müdafiə Fondu Zərdabda “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat keçirib. Fonddan Zerdab.com saytına verilən məlumata görə, 11 rayonu təmsil edən sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə təşkil olunan tədbirdə Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin hər biri barədə geniş məlumat verilib.
“Elektron hökumət” portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlərə aiddir. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Növbəti belə tədbir iyulun 2-də Zərdabda keçirilib.
Zərdab, Ağcabədi, İmişli, Beyləqan, Saatlı, Ucar, Kürdəmir, Xocavənd, Füzuli, Cəbrayıl və Laçın rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçıların iştirak etdiyi “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimat mərasimində ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyəti vurğulanıb və bildirilib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.
DSMF-nin şöbə müdiri Famil Qədimov öz çıxışında qeyd edib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 282 min nəfərədək pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur.
F. Qədimov vurğulayıb ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. «Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu›› adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Bununla yanaşı, DSMF-nin yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir.
Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlayn həyata keçirilir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.
Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 «Çağrı Mərkəzi» nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.
DSMF-nin elektron xidmətlərindən biri də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir. Bu xidmət aşağıdakı 5 növ müvainət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2) hamiləliyə və doğuma görə müavinət; 3) uşağın anadan olmasına görə müavinət; 4) uşağa qulluğa görə müavinət, və 5) dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib.
Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətləri barədə təqdimatla çıxış edərək, hər bir xidmət barədə ətraflı məlumat verib. Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilib.
Zerdab.com