Bir tərəfdə övlad həsrəti, o biri tərəfdə abort

0
58

Qız övladıSon illər belə demək mümkünsə, mənəvi baxımdan ən xoşagəlməz dövrlərimizdən birini yaşayırıq desəm, bəlkə də səhv etmərəm.

Hər halda məni bu sözləri deməyə vadar edən ölkəmizdə sonsuzluğun və buna paralel olaraq abortların sayının ildən-ilə artması ilə bağlı Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu tərəfindən yayılan rəsmi məlumatdır. Belə ki, bir neçə  gün bundan əvvəl adı çəkilən institutun elmi katibi Leyla Məmmədova bildirib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub. Bu rəqəmi əslində sakit qarşılamaq çətindir. Çünki 31 min abort əslində gələcəyimizə qarşı yönələn qəsd, 31 min cinayət deməkdir. Bununla bağlı zənnimizcə dövlət səviyyəsində həyəcan təbili çalınmalıdır. 31 min abort  Azərbaycanın 31 min gələcəyinin məhvi anlamına gəlir. Bununla bağlı qəribə bir təzad ayranır. Bir tərəfdən Azərbaycanda sonsuzluqdan əziyyət çəkənlərin, digər tərəfdən də abortların sayı artmaqda davam edir. Yenə də rəsmi məlumatlara görə Azərbaycanda son illərdə müəyyən səbəblərdən gənclər arasında nəsil vermə qabiliyyəti olmayanların sayı sürətlə artaraq 20-25 faizə çatıb. Bu o deməkdir ki, faktiki olaraq hər 4 nəfərdən biri övlad həsrəti ilə həkimlərin qapılarını döyməkdə, bunun müalicəsinə çarə axtarmaqdadır. Əslində zənnimizcə sonsuzluqdan əziyyət çəkənlərin sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Sonsuzluğun sayının sürətlə artaraq təhlükəli həddə çatmaqda olduğunu “Süni mayalanma haqqında” qanun layihəsinin hazırlanması və Milli Məclisdə müzakirəyə çıxarılması da sübut edir. Bu qanun layihəsi nə qədər mənəvi, milli, əxlaqi dəyərlərimizə zidd olsa belə, zənnimizcə onun hazırlanması gənclər arasında sonsuzluğun artmasının təhlükəli həddə çatması ilə bağlı yaranan zərurətdən doğub.  Halbuki Azərbaycan ailəsi tarixboyu çoxuşaqlı olması ilə fərqlənib. Azərbaycan cəmiyyətində min illər boyu sonsuz insanlara az-az rast gəlinib və el arasında onlara hörmətlə yanaşılıb, xatirlərinə dəyməməyə çalışıblar. Çünki o dövrdə sonsuzluq tək-tük olsa da, Azərbaycanda ən ağır dərdlərdən biri hesab edilib. Təbii ki, sual ortaya çıxır: Azərbaycan xalqı üçün ənənəvi olmayan bu dəhşətli bəlanın kökündə nə dayanır? Həkimlərin əksəriyyəti bunun səbəblərini yediyimiz qidalarla, həmçinin, havanın sürətlə çirklənməsi ilə izah edirlər. Zənnimizcə bu sözlərdə bir həqiqət var. Bu gün nəinki respublikamıza xaricdən gətirilən, həm də ölkəmizdə istehsal edilən müxtəlif təyinatlı ərzaq məhsulları, xüsusilə  yağlara nəzarət kifayət qədər deyil. Ölkə əhalisinin  kasıb təbəqələrindən tutmuş orta imkanlı təbəqələrinə kimi hamısı yemək bişirərkən yerli və xaricdə istehsal olan yağlardan istifadə edir. Bu yağların isə tərkibinin ciddi şəkildə araşdırılmasına ehtiyac duyulur. Məsələn, tibb elmləri namizədi Aman Mehdiyevin sözlərinə görə, Azərbaycanda müxtəlif xəstəliklərin artmasında yemək hazırlanmasında istifadə edilən əksər yağların rolu var. Aman Mehdiyev deyir ki, işbazlar pul qazanmaq xətirinə istənilən çirkin addımlar atırlar. Yer gəlmişkən onu da deyək ki, 5-6 il bundan əvvəl qonşu  ölkələrin birindən  respublikamıza gətirilən alkoqollu içkilərin tərkibində sonsuzluğa gətirib çıxaran maddələr tapılmışdı. Araşdırma zamanı həmin alkoqollu məhsulların qonşu ölkədəki erməni şirkətlərindən biri tərəfindən hazırlandığı məlum olmuşdu. Bütün bunlar isə ölkə əhalisi arasında sonsuzluğun sürətlə artmasının təsadüfi olmadığını ehtimal etməyə imkan verir. Zənnimizcə nə qədər gec deyil, sonsuzluğun sürətlə artmasının səbəbləri rəsmi dövlət səviyyəsində araşdırılmalıdır. Çünki hər bir millətin gələcəyi ölkə əhalisi arasında doğumun atmasından asılıdır.   Bu müstəvidə də  abortların sayının artması ilə bağlı məsələ ətrafında da həyəcan təbili çalınmlalıdır. Çünki 31 min abort 31 min əsgər, 31 min oğul, 31 min qız, ana deməkdir.  Zənnimizcə hansı səbəb üzündən baş verməsindən asılı olmayaraq aborta qarşı mübarizə gücləndirilməli, bununla bağlı mövcud qanunlara dəyişiklik edilməlidir. Əks halda abortların və sonsuzluğun sayının sürətlə artması  gələcəyimizin məhvinə aparıb çıxaracaq.

Əziz Mustafa, www.zaman.az