“Mömin qibtə edər, münafiq həsəd aparar”

1
45

kainatHamı axşam evə qayıdanda onu hansı çöhrənin, hansı simanın qarşılayacağını düşünür.

Adam var ki, qapının astanasından ayağını içəri qoyanda ürəyində “yenə gəldim” deyir, adam da var ki, özünü qaça-qaça evinə salır. Sanki bütün problemlər, ağrı-acılar qapının o üzündə qalır. Bu qapıdan içəri ağrı girmir, giley-güzar girmir, acı söz girmir.

Bəli, səni evdə kim qarşılayır və necə qarşılayır? Çox vacib məsələdir. Etiraf edək ki, əksəriyyətimiz gündəlik qayğılarla əlləşirik. Biri çatanda biri çatmır, maaş 25 günə yetirsə, qalan 5 günü necə yola verməyin çarəsini axtarırıq. Üç gün deyil, beş gün deyil, illərlə eyni vəziyyət təkrarlananda qarşı tərəf fərqli reaksiyalar göstərməyə başlayır. Çünki divarın o üzündə heç bir problemi olmayan varlı-hallı xoşbəxt bir ailə yaşayır. Qapılarında “CİP” dayanır, pəncərələrindən əlvan işıqlar süzülür, ləziz yeməklərin qoxusu sizin evinizə qədər gəlib çatır. Və nəhayət, həyat yoldaşın bir gün dillənir: “Ailəni nə qədər kartof-soğanla yola vermək olar? Günümüz kartof-soğanla keçir. Uşaqlar da dil açıb gileylənirlər. Gör nə edirsən. Fikirləş, bir yol tap. Camaat necə qazanır, sən də elə qazan”…

Altı çoxdan yatmış kresloya çökürsən və fikirləşirsən ki, əslində 20 il səninlə bu ev-eşiyi bölüşən həyat yoldaşın haqsız deyil, ancaq nə edəsən, sənin də bacardığın budur, gözün sağa-sola baxmır, əlindən pis iş gəlmir, səhər yerindən duran kimi avtobusa minib işə gedirsən, gecənin bir vaxtına qədər əlləşib-vuruşursan, sonra da yorğun-arğın özünü avtobusun kirli oturacağına salıb, geri qayıdırsan. Sən ömrü boyu ürəyinin üstünə əyilən adam olmusan, heç kimdən minnət götürməmisən, heç kimin qapısında boyun əyməmisən. Xoşuna gəlməyəndə sözünü deyib, çıxıb getmisən. Nəticə də göz qabağında. Ancaq başqaları başqa yol tutublar və səndən çox-çox yaxşı yaşayırlar. Günlərin bir günü də həyat yoldaşın artıq sənə qarşı “üsyana qalxır”…

Ailənin dincliyini, rahatlığını qaçıran əsas amillərdən biri və bəlkə də, birincisi elə həsəddir. Həsəd çox dəhşətli bir xəstəlikdir. Daha doğrusu, alov kimidir: həsəd edəni də yandırır, həsəd ediləni də.

Əslində həsədin cəmiyyətdəki “sərhədləri” çox genişdir. Həsəd təkcə qonşuluqla məhdudlaşmır, qohumluqda da, qardaşlıqda da, dostluqda da, yoldaşlıqda da özünü göstərir.

Uca Kitabımız Quranda da həsəddən bəhs edilir və bu cür xəbis duyğulardan uzaq durmaq tövsiyə olunur. Quranın “gözün xainliyi və zülmü” dediyi bəla bəzi alimlərin fikrincə, həsədlə baxan gözün verdiyi zərərdir.

Həsəd halal yolla bir neməti qazanmış insandan o nemətin getməsini arzu etməkdir. Təsəvvür edin ki, həsəd aparan şəxs rahatlığını itirir, “onda olandan məndə də olsun” demir, “məndə olmayan onda da olmasın” deyir. Yəni həsəd sahibi inkişaf istəmir, xeyir arzulamır; pislik istəyir, qıtlıq arzulayır; Quran həsəddən Allaha sığınmağı tövsiyə edir və bildirir ki, həsəd çox pis və zərərli duyğudur. Başqa bir ayədə isə belə buyurulur: “Yoxsa onlar Allahın lütfündən insanlara ehsan etdiyi nemətlərə həsəd edirlər?..”

Quranın məntiqindən də anlaşıldığı kimi, malın-mülkün həqiqi Sahibi Allahdır və bəndələrindən istədiyinə istədiyini verir. Allahın bu qərarına qarşı üsyan etmək, Ondan verdiyini geri almağı diləmək, sizcə, nə qədər doğrudur, əxlaqa, mənəviyyata nə qədər uyğundur?

Allah sonsuz xəzinələr Sahibidir, Ondan qıtlığı yox, bolluğu diləmək, yoxu yox, varı istəmək daha fəzilətlidir. Halbuki həsəd bu düşüncəni qəbul etmir, həmişə yoxluğu, ehtiyacı, ağrı-acını tələb edir.

Dinimizin də buyurduğu, elmin də təsdiq etdiyi kimi, həsəd insana birbaşa fiziki təsir göstərir. El arasında “gözdəymə” deyilən şey Quran məntiqi ilə izah ediləndə “gözün həsədli baxışı” mənasına gəlir.

Peyğəmbərimiz (s.ə.s.) bir hədisində belə buyurur: “Sizi həsəddən uzaq durmağa çağırıram. Çünki həsəd atəş odunu yandırdığı kimi, sizin gözəl əməllərinizi yandırır”. Başqa bir hədisdə isə Allah Rəsulu: “Bir ürəkdə iman və həsəd birlikdə olmaz” deyərək, insanları bir-birindən ayıran əsas amillərdən birini göstərir.

Yəni insan ürəyində ya iman daşıyır, ya həsəd. İkisi bir yerdə mümkün deyil. Ona görə də insan hər gün özünü təzələməyə çalışmalı, həsəd hissindən qurtarmalıdır. Allah bir insana bir sərvət, bir nemət veribsə, ona həsəd aparmaq doğru deyil.

Bu mövzuda da Peyğəmbərimizin belə bir hədisi var: “Mömin qibtə edər, münafiq həsəd aparar”. Hədisdən də göründüyü kimi, qibtə etmək xoş duyğudur, bir növ onun sərvətinə xeyir-bərəkət diləməklə yanaşı, özünə də Allahdan bir şey istəməkdir.

Doğrudur, bəzən bir qədər yuxarıda da dediyimiz kimi, biri əyri yollarla özünə cah-calal yığır, naz-nemət düzəldir. Ancaq son məqamda hər kəs öz əməli ilə imtahana çəkilir. Sən ondan bütün göstəricilərinə görə ola bilsin ki, üstünsən. Ancaq nə edəsən ki, zəmanənin “dilini” bilmədiyin üçün bu vəziyyətinlə barışmağa məcbursan. Divarın o üzündəki qonşun isə 5-i 3-ə vura bilmədiyi halda, qapısında 5 maşın saxlayır, şəhərin hər rayonunda bir evi var…

Qəlbində iman olan insan həsəd aparmaz. İnanar ki, hər şeyin hesaba çəkiləcəyi bir gün var. O gün hər kəs əməlinə görə cavab verəcək. Ötəri həyat üçün axirətini satan insandan bədbəxt insan ola bilməz. Əgər sən, həqiqətən də, Allaha inanmış bir bəndəsənsə, təmiz həyatının, gözəl əməllərinin mükafatını alacağına şübhə etmə.

Bir məsələyə də toxunmadan keçmək olmaz: həsədli insanların böyük əksəriyyəti xəstəlik tapırlar. Davamlı olaraq neqativ duyğularla yaşamaq insanın psixoloji müvazinətini pozur. Bu cür insanlar əksər hallarda təzyiq və şəkər kimi xəstəliklər tapırlar. Uca Peyğəmbərimizin həsəd haqqında “atəş odunu yandırdığı” kimi ifadəsi həm psixoloji, həm də fiziki cəhətdən özünü doğruldur. Həsəd olan ailələrdə rahatlıq olmur. Bu ailədə yetişən övladlar sanki kiçik yaşlarından zədə alırlar, əzilirlər, cəmiyyətə normal yanaşma hissini itirirlər. Onlar cəmiyyətə ya amansız, yırtıcı bir fərd kimi atılır, ya da əzilmiş, bir işə yaramayan nümayəndə kimi daxil olurlar.

Gözəl bir söz var: mənəvi gözəlliklərdə özündən irəlidəkinə bax, maddi zənginliklərdə özündən geridəkinə. Əlbəttə, hər bir insan ailəsinin ehtiyaclarını ödəmək, övladlarının tələblərini qarşılamaq üçün halal yollarla çalışmalı, əlindən gələni etməlidir. Ancaq onu da unutmayaq ki, biz nə qədər özümüzü oda-közə vursaq da, nəticədə qismətimizi Allah verəcək. Çalışacağıq və Allahın bizə verdiyi qismətə də razı olacağıq. Öz əlimizdəkini qoyub, başqalarının var-dövlətinə baxaraq həsəd aparmaq insanı həm mənən, həm də cismən çökdürər.

www.zaman.az

1 comment

  1. Heqiqeten beledir.Amma gozel bir heqiqeti unutmayaq.Bu dunyanin mali-mulku ebedi deyil.Allah bize cennet nemetlerinden nesib etsin.Biz ozumuzle var deyil emellerimizi aparacagiq.Allah yar ve yardimcimiz olsun

Comments are closed.