Qız qaçıraraq evlənmək hələ qədimdən məlumdur. Bu işdə iki əsas variant var: birincisi qaçırmaq, ikincisi isə qoşulub qaçmaq… Ailənin qurulmasında hər iki tərəfin razılığı şərtdir, xüsusilə də qadının. Biz bu yazımızda digər variantdan, yəni hər iki tərəfin razılığı ilə qaçaraq qurulan ailələrdən danışmaq istəyirik. El arasında buna qızın qoşulub qaçması da deyirlər.
Qızı bu addımı atmağa məcbur edən müxtəlif amillər ola bilər: məsələn, onu istəmədiyi adama verirlər, onu istədiyi adama vermirlər, qarşı tərəfdən böyük miqdarda qızıl-gümüş və ya daş-qaş tələb edirlər və s. Təbii ki, bu siyahını uzatmaq da olar. Yəni qızı öz valideynlərinin “əleyhinə gedərək” istədiyinə qoşulub qaçmağa məcbur edən bu səbəblər ortaya çıxdıqda o da bu addımı ataraq qoşulub qaçır.
İslam alimləri qızın könüllü şəkildə qoşulub qaçması üçün belə, müəyyən şərtlər qoyurlar. Əgər qız qoşulub qaçmağa qərar verirsə, ilk növbədə, kəbin kəsilməsinə nail olmalıdır. İki nəfər şahidin hüzurunda kəbin kəsdirdikdən sonra onların qaçmasının mümkünlüyünü söyləyən alimlər var. Bu fikrin tərəfdarları onu əsas götürürlər ki, artıq qız öz duyğularını qorumaq və sevdiyinə qovuşmaq üçün məcburiyyət qarşısında bu addımı atır. Çünki əks halda, onu sevmədiyi biri ilə ailə qurmağa məcbur edəcəklər.
Bəzi alimlər isə iki şahidin bu nikah üçün kifayət etmədiyini, evlənən tərəflər və şahidlərlə yanaşı, valideynlərin də razılığının vacib olduğunu deyirlər. Bu fikrin tərəfdarları onu da bildirirlər ki, əgər bu yeni ailə dağılsa, qadının qayıdacağı yer yenə ata evidir və ona görə də valideynlərin icazəsi, razılığı olmadan kəbin kəsdirmək doğru deyil.
Ailə insanın dünyadakı səadətinin əsas şərtlərindən biri, bəlkə də, birincisidir. Təbii ki, bu səadət də sevgi ilə, qarşılıqlı anlaşma ilə mümkündür. Ona görə də ailə quranda diqqətli olmaq, hər şeyi xırdalığına qədər ölçüb-biçmək və valideynlərin də razılığını almaq lazımdır.
Ancaq yaxşı olar ki, valideynlər də gənclərin fikirlərinə qiymət versinlər və onları arzu etmədikləri addımlar atmağa məcbur etməsinlər.
www.zaman.az