Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. O, sizə düşünüb ibrət alasınız deyə belə öyüd-nəsihət verir. (əl-Nəhl surəsi – 90).
Bu ayədə Allah-Təala (c.c.) cəmiyyət həyatında əmin-amanlığın, birgə yaşayışın əsas təməllərini sayaraq, onları yerinə yetirməyi əmr etmişdir. Ədalətli olmaq əslində o qədər geniş anlayışdır ki, bütün münasibətlərdə ona ehtiyac var. Ətraf mühitlə, heyvanlarla, ağaclarla, insanlarla və təbii ki, bizi yaradan, yaşadan, hər cür nemətlərlə təmin edən Allahla münasibətdə ədalət anlayışı ilk sırada yer alır. Bəndənin Allaha qarşı ədalətli davranması Onun haqqını etiraf etmək və əmrlərini həyata keçirməkdir. Ədalət – hər kəsi layiq olduğu qədər sevmək, hər kəslə layiq olduğu məsafədə dayanmaqdır. İnsan ədalət yolundan çıxanda zülm etmiş olur, yəni zalıma çevrilir.
İnsanlara qarşı haqsızlıq edən Allaha qarşı ədalətli davrana bilməz, çünki insanlara qarşı adil davranmağın yolu Allah qorxusundan keçir. Əgər bir müəssisədə rəhbər olan şəxs və ya şəxslər işçilər arasında ayrı-seçkilik qoyurlarsa, demək, orada zülm yaşanmaqdadır. Çalışanın haqqının hələ alnının təri qurumamış verilməsi, bugünkü anlamda vəd olunmuş zamanda ödənməsi ədalətdir və sevimli Peyğəmbərimiz (s.ə.s.) ümmətindən bu ədaləti istəyir. İşçilərin yalnız fəaliyyətlərinə görə qiymətləndirilməsi, eyni işi görənlərin eyni haqlara sahib olmaları ədalətin ifadəsidir. Allahdan qorxan adam ədalətdən ayrılmaz, zülmün hər çeşidindən uzaq durar.
Ayənin davamında yaxşılıq etmək əmr olunmuşdur. Yaxşılıq, ehsan dinimizin təşviq etdiyi əməldir və xeyir istiqamətdə bir başqasına əl tutmaq, dəstək olmaq, işi ən gözəl şəkildə yerinə yetirmək, Allah-Təalaya ixlasla, yəni hər hansı başqa niyyəti qarışdırmadan, sadəcə Allah əmr etdiyi üçün itaət və ibadət etmək mənalarında işlədilir. Ehsan ədalətin fövqündə olan, daha yüksək və üstün əməldir. Həzrət Əli (ə.s.): “İnsanlar öz işlərini ehsan şüuru ilə yerinə yetirdiklərinə görə dəyər qazanırlar”, – buyurmuşdur. Ehsan şüurunun ən yüksək dərəcəsi özünü hər an Allah-Təalanın nəzərləri altında hiss etmək, gözümüzlə Onu görə bilməsək də, hər an Onun bizi gördüyünü hiss etməkdir.
Ayədə ehsandan sonra yaxınlarımıza yaxşılıq etmək əmr olunur. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur: “Savabı ən tez yetişən itaət yaxın qohumlara baxmaqdır.” Fitrə və zəkat verərkən yaxın qohumlardan başlamaq tövsiyə olunur. Ayənin digər hissəsində uca Rəbbimiz bizə həyasızlığın, zinanın, pis əməllərin hər çeşidini yasaqlayır.
Mənbə: www.zaman.az