9 may 2014-cü il tarixdə Zərdab şəhərində, Kür çayı sahilindəki Qələbə meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə ümumrayon mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoydular.
Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev mərasimdə çıxış etdi. Bildirdi ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli bir dövr olub. Müharibə illərində xalqımız həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib. Bu qəhrəmanlar arasında zərdablılar da çox olub. Müharibədə Zərdabdan 3384 nəfər iştirak etmiş, onlardan 1407 nəfər geri dönməmişdir. Həmyerlilərimiz olan Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif edilib. 2011-ci ildə isə o, Prezident təqaüdünə layiq görülüb.
Natiq qeyd etdi ki, ölkəmiz hazırda müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir. Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” 30 aprel 2014-cü il tarixli sərəncamı ilə veteranlara 700 manat, arxa cəbhədə çalışanlara 300 manat vəsaitin verilməsi də bu diqqət və qayğının əyani təzahürüdür
İcra başçısı bildirdi ki, Ali Baş Komandanımızın Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğı hər bir azərbaycanlını ürəkdən sevindirir. Bizim Ermənistanı susdurmağa qadir ordumuz var. Lakin inanırıq ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi cənab İlham Əliyevin müdrik siyasəti ilə sülh yolu ilə öz həllini tapacaqdır.
Tədbirdə iştirak edən “Şöhrət” ordenli, əməkdar elm xadimi, görkəmli akademik Teymur Bünyatov çıxış edərək müharibə veteranlarını bayram münasibətilə təbrik etdi.
Sonra Böyük Vətən Müharibəsi veteranlarına maddi yardımlar təqdim olundu.
“Cəsurlar” hərbi-idman və turizm oyunları üzrə respublika finalının qalibi olmuş rayonun Gəlmə kənd tam orta məktəbinin komanda üzvləri veteranları təbrik etdilər və onların estafetini layiqincə davam etdirdiklərini bildirdilər.
Mərasimdə Rayon Veteranlar Şurasının sədri Hüseyn Həsənov və 3 “Şöhrət” ordenli veteran, Prezident təqaüdçüsü Muradalı Heydərov çıxış etdilər. Çıxış edənlər müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbir konsert proqramı ilə davam etdirildi.