Verdim səni yad əllərə,
Üz tutdum qürbət ellərə,
Bağışla Şuşam, bağışla.
***
Yandırdılar, sönəmmədim,
Dərd dağından enəmmədim,
Heyif, sənə dönəmmədim,
Bağışla Şuşam, bağışla.
***
Közüm yanıb külüm oldu,
Vaxtsız solan gülüm oldu,
Bizə yaman zülüm oldu,
Bağışla Şuşam, bağışla.
***
Viran oldu mülküm, yurdum,
Düşmən gəldi, geri durdum,
Özgə eldə yuva qurdum,
Bağışla Şuşam, bağışla.
***
Demə ki, səni anmıram,
Sən yanırsan, mən yanmıram,
Vətənsizəm, utanmıram,
Bağışla Şuşam, bağışla.
***
Uzaq düşdü doğmam, yadım,
Unuduldu sözüm, adım,
Nə taledi mən yaşadım?
Bağışla Şuşam, bağışla.
***
İsaməddin sənə qurban,
Qəlbimdəsən Vallah hər an,
Öldürmədi məni hicran,
Bağışla Şuşam, bağışla…
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.