Sarıqaya yaşayış yeri (Zərdab rayonu). Sarıqaya kəndi ərazisində 2013-cü ildə T.V.Əliyev tərəfindən arxeoloji tədqiqat işləri aparılmışdır. Burada yerləşmiş kəndtipli yaşayış yerinin XI – XIII əsrlərə aid olduğu məlum olsa da, yaşayış yerinin quruluşu və coğrafi mövqeyi bir növ Tərkəş kəndi ərazisindəki Tikanlı Qoruq yaşayış yerini xatırladır. Bu iki abidəni bir-birindən stratiqrafiyası fərqləndirir. Ərazi cənub-şərq tərəfdən Kür çayı ilə sərhədlənir. Hündür qayalıqdan kəndə doğru yaşayış yerinin izləri aşkar olunmuşdur. Torpağının rəngi sarı olduğu üçün ərazinin hazırki adı Sarıqayadır.
Ağcabədi ərazisində T.R.Əliyevin rəhbərliyi ilə həyata keçirilən arxeoloji tədqiqat işləri nəticəsində Salmanbəyli kəndi ərazisində Qalatəpə abidəsi öyrənilmişdir. Strabonun “Coğrafiya” əsərində adı keçən Ayniana antik alban şəhərinin qalıqları olan abidədə şəhər yerinin olması bir daha təsdiq olunmuşdur. Xatırladaq ki, bu şəhərlə Kürün şimalını birləşdirən ticarət yolunun Zərdab rayonu ərazisində Sarıqayadan keçməsi güman olunur.
Zərdab rayonunun Xanməmmədli kəndi ərazisindən təsərrüfat işləri zamanı 1973-cü ildə kəndin cənub-qərbində meliorasiya işləri zamanı 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdur. F.Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur. Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə Xanməmmədli küp qəbirləri nekropolu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Zərdab rayonunun Təzəkənd ərazisindən təsərrüfat işləri zamanı keramika nümunələri əldə olunmuş, 2012-ci ildə isə yer şumlama prosesi zamanı kiçik küp qəbir də dağıdılmışdır. Qeyd etdiyimiz maddi mədəniyyət nümunələri kəndin əkin sahələrinin yerləşdiyi ərazidə, Zərdab – Dəli Quşçu yolunun sağ hissəsində üzə çıxarılmışdır. Boğaz hissəsi dar olan tayqulp qab isə son antik – ilk orta əsrlərin başlanğıcına aiddir. 2013-cü ildə aparılmış arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri deyilənləri bir daha təsdiq edir.
Əliyev Taleh Vasif oğlu. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant