İnanmaq bir ehtiyacdır. Hər kəs daxilindəki bu ehtiyacı müxtəlif yollarla qarşılamağa çalışır. Amma hər kəs mütləq bir şeyə inanır. İnancsızlıq da əslində bir inanc növüdür. İnandığımızın xüsusiyyətləri bizim həyatımızı, dünyaya baxışımızı, düşüncə formamızı müəyyənləşdirir. Zənnimcə, insandakı əskikliklər inancındakı boşluqlardan, xəyalında formalaşdırdığı inandığının çatışmazlıqlarından qaynaqlanır.
Həqiqi inanan bir insan inandığından başqa, heç kimdən, heç nədən qorxmaz. Bu qorxu hissi də əslində inandığını, sevdiyini incitmək istəməməsidir. İnanması lazım olan kimi inanan bir insan üçün ətrafında baş verən hadisələr Yaradıcısının imtahanlar silsiləsidır. Bizi də, hadisələri də O yaratdığına görə çox narahat olacaq, bədbinləşəcək məsələ yoxdur, demək.
Bizim anladığımız mənada inanan insan, həqiqi müsəlman Yaradıcısına güvəninin nəticəsi olaraq, hadisələrə müsbət baxar; müsbət düşünər hər yaxşı və ya pis hadisə haqqında. Hadisələrin yaxşı və ya pis olması nisbi bir anlayışdır. Bunun nisbi olduğuna dair onlarla misal vermək olar. Önəmli olan baxış pəncərəmizdir. Belə bir rəvayət oxudum.
Bir adam pis yollardan qazandığı pulla bir inək alır. Bir müddət sonra əməllərindən peşman olur. Günahını yumaq üçün inəyi Hacı Bektaş Vəlinin dərgahına qurban kimi bağışlamaq istəyir. Məsələni Hacı Bektaş Vəliyə danışır. Hacı: “sənin qurbanın halal deyildir”, – deyə qəbul etmir. Sonra adam Mövlananın dərgahına gedir. Məsələni ona da danışır. Mövlana onun bu hədiyyəsini qəbul edir. Adam eyni şeyi Hacı Bektaş Vəliyə təklif etdiyini, amma onun qəbul etmədiyini Mövlanaya danışır. Səbəbini soruşur. Mövlana: “Biz qarğa kimiyik, Hacı Bektaş isə şahin kimidir. Şahin qarğa kimi hər leşə qonmaz. Ona görə də sənin hədiyyəni biz qəbul edərik, amma o qəbul etməyə bilər”, – deyə cavab verir. Adam tənbəllik etmir. Yenidən Hacı Bektaşın dərgahına qayıdır. Başına gələnləri ona danışır. Səbəbini ondan da soruşur. Hacı Bektaş: “Bizim könlümüz balaca bir gölməçə kimidir, Mövlananın könlü isə okean kimidir. Bir damla ilə bizim könlümüz kirlənə bilər, amma onun əngin könlü kirlənməz. Hədiyyəni qəbul etməsinin səbəbi budur”, – deyir.
Təvazökarlıqla bir-birini ittiham etmək yerinə, ucalda bilmək, ən azından, anlamağa çalışmaq ictimaiyyətin təməl faktoru olmalıdır.
İnsanları ittiham etmək ən asan şeydir. Başqalarını günahlandırmaq özümüzü təmizə çıxarmağın alışılmış yoludur. Amma bu yol ilə nə biz, nə ittiham etdiyimiz, nə də cəmiyyət bir şey qazanar. Halbuki hər baş verən hadisədə hamımız əskikliyi özümüzdə axtarsaq… Öz çatışmayan cəhətlərimizi görsək, düzəltməyə çalışsaq… Qonşudakı evi təmir etməkdənsə, yəqin ki, öz evimizi təmir etmək daha asan olar. İkincisi də, əgər biz öz evimizi təmir etsək, qonşumuz da utanacaq, evini təmir edəcək.
Baxış pəncərəmiz xoşbəxtliyimizə birbaşa təsir edən amildir. Hadisələr haqqında, ətrafımızdakılar haqqında müsbət düşünmək, olanları anlamağa çalışmaq… Ya da başqalarının hər addımını mənfiyə yozmaq, onları ittiham etmək…
Bu seçimimiz həyatımıza birbaşa təsir edir. Eyni zamanda bizim dəyərimizi də müəyyənləşdirir…
Anar Qaraxançallı
a.qaraxancalli@zaman.az