“Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə, tikanlar arasında gülü yaratdığı üçün şükür etmək lazımdır”. Zənnimcə, bu fikir, bu cümlə günümüz üçün çox aktualdır. Hansı sahəyə, hansı problemə, hansı çətinliyə şamil eləsəniz, uyğun gələr.
Məsələn, günümüzdə hər xırda məsələyə görə özünü dərdli sayan insanlar azdırmı? Sıradan məsələlərə görə, əsəbləşib özündən çıxanlar azdırmı? Sükan arxasında 2 dəqiqə səbir edə bilməyib saatlarla tıxacda səbəb olanlarla az qala hər gün rastlaşırıq. Bu cür misalları uzatmaq da olar. Halbuki, bunlarsız da keçinmək, bunlarsız da yaşamaq olar. Təsəvvür edirsinizmi bizim xırda hesab etdiyimiz bu məsələlər olmasa dünyamız necə gözəl, necə rahat olar.
Bax elə bu yazını yazmağa başlamamışdan öncə Bakının Binəqədi rayonunda yerləşən Məlikov adına xəstəxananın terapiya şöbəsinin müdiri Eyvazova Sevil xanımdan müsahibə almağa getmişdim. Sevil xanım bir çox məsələlərdən danışdı. Onun sözündən, fikirlərindən belə aydın oldu ki, cəmiyyətimizdə xəstəliklərin artmasının əsas səbəblərindən biri də stress faktorudur. Şöbə müdiri deyir ki, stress bir orqanizmdə ürək xəstəlikləri formasında, bir orqanizmdə qan təzyiqinin yüksəlməsi formasında, bir başqasında zobun əmələ gəlməsi ilə və s. büruzə verir. 40 ildən artıqdır ki, bu sahədə çalışan Sevil xanım bizimlə söhbət zamanı bir maraqlı məqama da toxundu. Dediyinə görə, cəmiyyətimizdə stresi azaltmağın bir yolu da maarifləndirmə səviyyəsinin yüksəldilməsindən keçir…
Bir-birindən gözəl, rəngarəng şeyləri də görmək lazımdır
Yağış görməyən, günəş görməyən bir ağac düşünün. Sizcə o ağac sağlam böyüyə və ya bar gətirə bilərmi? Ətrafa kölgə salmayan, meyvələri ilə ağızları dada gətirməyən bir ağacın nə qiyməti ola bilər? Kim saralmış, solmuş, qurumuş bir ağacı öz bağında görmək istəyər? Bir mütəfəkkirimizin dediyi kimi “bar verməyən ağac odundur”, odunun yeri isə od…
Elə bir insan ki, nə danışmağı bilir, nə susmağı. Nə ədəbdən xəbəri var, nə əxlaqdan. Elə bir insan ki, nəfsinin əsiridir. Elə bir insan ki, insanlıqdan xəbərsizdir. Sizcə bu insan başqalarına fayda gətirə bilərmi? Ya da özünə və başqalarına faydası olmayan bir insanın nə qiyməti ola bilər? Kim başqalarına ziyandan başqa bir şey gətirməyən, başı bəlalardan xilas olmayan bir insanla dost olmaq istəyər? Deməli, bir-birindən gözəl, rəngarəng şeyləri də görmək lazımdır. Ətrafımızdakı şeylərə baxıb, məyus olmaq da, sevinmək də öz əlimizdədir. Necə deyərlər, əsas məsələ hara baxmaq yox, necə baxmaqdır. Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək, zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik. Çünki hər şey ya birbaşa, ya da nəticə etibarı ilə gözəldir. Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır. Səbir də, uzaqgörənlik də, nikbinlik də bu xüsusiyyətlərdəndir.
Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür. Deməli, əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır. Əşya və hadisələrə ibrətlə baxa bilsək, onların hansı mənanı tərənnüm etdiyini görərik.
Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə, müəyyən şablonlar daxilində düşünməkdən əl çəkməli, əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik. O vaxt güllərin arasındakı tikanları yox, tikanların arasındakı gülləri görər, həyatımızda kəşf edilməmiş nə qədər gözəlliklərlə qarşılaşarıq. Çünki, “gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar”…
Ümid elə güclü bir küləkdir ki…
“Sistemsiz” həyat tərzindən, xəstəliklərdən və s. ehtiyat etməliyik. Düzgün qidalanmalı, stress, alkoqol, siqaret kimi şeylərdən uzaq olmalı, yuxu rejimimizə diqqət yetirməliyik. Təbii ki, burada vaxtaşırı tibbi müayinələri, çəki, təzyiq, ürək-damar və s. kimi problemləri də unutmaq olmaz. Bundan başqa, nəslimizdəki irsi xəstəlikləri araşdırmaq və onlardan qorunmaq da çox vacibdir.
Günəşi görmədiyi üçün ağlayanlar ulduzları da görə bilməzlər. Başqa sözlə, əgər siz günəş doğmamış axşam batacaq deyə ağlamağa başlasanız, günəşi görməz, üstəlik, ulduzlardan da məhrum olarsınız…
Hər yaşın, hər dövrün öz gözəlliyi olduğunu unutmamalı, ancaq haradan gəlib-haraya getdiyimizi də yaddan çıxarmamalıyıq. Necə deyərlər, bu gün üçün yaşa, sabah üçün xəyal qur, dünəndən öyrən…
Ümidsizliyə qapılmayın. Ümid elə güclü bir küləkdir ki, ümidsizliyin bağladığı ən möhkəm qapıları belə taybatay açar.
“Zaman-Azərbaycan”