Zərdab Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabatına dair geniş şura yığıncağı keçirilib.
Öncə yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2014-cü ilin birinci rübü ərzində respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da sosial-iqtisadi həyatında özünü göstərib. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülüb və bu işlər hazırda da davam etdirilir.
Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi, bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərib.
2014-cü ilin birinci rübündə rayon iqtisadiyyatının əsas sahələrində 14 milyon 213 min manatlıq məhsul istehsal edilib.
İlin əvvəlində 4 kənddə, o cümlədən İsaqbağı, Böyük Dəkkə, Gəlmə və Salahlı kəndlərində qaz xəttinin açılışı olub. Artıq 10 yaşayış məntəqəsi qazlaşıb. Digər kəndlərə qaz xəttinin çəkilişi davam edir.
Hazırda şəhər əhalisi, Təzəkənd və Qoşaoba kənd sakinləri təmiz içməli bulaq suyundan istifadə edirlər. 20 kənddə modul tipli su qurğularından istifadə olunur.
15-ci məhəllədə yeni yol çəkilir. Sahil parkı abadlaşır. Heydər Əliyev parkının işıqlanma sistemi yenidən qurulur. Su xəttinin çəkilişi zamanı yararsız hala salınan Məlik Məhərrəmov, Füzuli, Zərifə xanım Əliyeva küçələrinin tam asfaltlaşmasına başlanılıb. Digər küçələrin də təmiri həll olunacaqdır. Mərkəzi xəstəxana binasının əsaslı təmiri davam edir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq idarəsinin binası, Suvarma Sistemləri İdarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır.
Üçüncü Dövlət Proqramında 13 maddə üzrə 16 bənddən ibarət tədbirlərin icrası, o cümlədən yol, məktəb, bağça tikintiləri və digər məsələlərin icrası nəzərdə tutulub.
Təhsil, səhiyyə, mədəniyyət sahəsində işlər uğurla davam edir. Gənclərlə iş, onların idmana geniş cəlb olunması daim nəzarətdədir. Kənd təsərrüfatı dinamik inkişaf edir. Bu il Zərdabda bol taxıl məhsulu gözlənilir.
Aztəminatlı insanlara qayğı həmişə diqqət mərkəzində saxlanılır.
Lütvəli Babayev qeyd edib ki, rayonda bütün işlər uğurla icra olunur. Bunlar deməyə əsas verir ki, zərdablılar 2014-cü ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaq. Bunun üçün hər bir sahədə nizam-intizam yüksəldilməli, məsuliyyət artırılmalı, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunub.
Yığıncaqda Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ruslan Nemətov, Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz Kərimov və digərləri çıxış ediblər.
Sonda müvafiq qərar qəbul edilib və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanıb.
Zərdab Rayon İcra Hakimiyyəti