Bakı, 21 aprel (AzərTAc). Zərdab rayonunun Qoruqbağı kəndində Həsən bəy Zərdabiyə aid yeni əşyalar tapılmışdır.
AzərTAc xəbər verir ki, həmin əşyalar – 2 ədəd kasa kənddə yaşayan Şirinovlar ailəsində aşkarlanmışdır. Jurnalist Nicat İntiqam yazır ki, 116 yaşı olan bu kasaları Həsən bəy Zərdabi 1895-ci ildə kənd sakini Məmməd Səmədova hədiyyə edibmiş. Faktın üstü Məmməd Səmədovun nəvəsi, hazırda 100-ə yaxın yaşı olan Sərəncam nənənin dediklərindən sonra açılmışdır. O, bu əşyaların tarixçəsini nəql edərək demişdir ki, kəndimiz köhnə yurdda olanda Ağcabədi bazarının yolu buradan keçirmiş. Kürün sol sahilində atları, faytonları saxlamaq üçün “Düşərgə” deyilən bir yer olmuşdur. Müxtəlif bölgələrdən gələn adamlar bu “Düşərgə”də atlarını, arabalarını nəzarətçiyə təhvil verər, sonra gəmi ilə o taya keçib oradan arabalarla Ağcabədi bazarına yollanıb alver edərmişlər. Böyüklərdən eşitdiyimə görə, Ağcabədi bazarı o vaxtlar çox zəngin olub. Bir gün babam Məmməd öz gəmisi ilə Kürdə balıq ovlayırmış. Qarabağ tərəfdə faytondan bir nəfər düşüb və gəmiçilərdən heç kimin olmadığını görüb babamı çağırıb, onu Kürdən keçirməsini xahiş edib. Babam öz gəmisi ilə sahilə yaxınlaşıb və həmin şəxsin aldığı şeyləri gəmiyə yığıb, qarşı sahilə doğru irəliləyib. Babam savadsız olduğu üçün əvvəl onu tanımayıb. Lakin həmin şəxs zərdablı Rəhim bəyin oğlu Həsən bəy Zərdabi olduğunu söyləyib. Beləcə, babam Həsən bəy Zərdabi ilə tanış olub.
Sərəncam nənə sözünə davam edərək demişdir ki, növbəti görüşlərin birində Zərdabi babama iki bahalı kasa hədiyyə edib. Onu da deyim ki, Həsən bəy Zərdabi babama bu hədiyyələri səbəbsiz yerə verməyib. Belə ki, həmin ərəfədə, yəni 1895-ci ildə babamın ikinci qızının toyu olmalı imiş. Həsən bəy Zərdabi hədiyyələri məhz buna görə bağışlayıbmış. O vaxtdan bu kasalar əziz bir əşya kimi qorunub saxlanılır. Rəhmətlik babam bu əşyaları “bəy kasaları” adlandırırdı. Elə indi də “bəy kasaları” deyəndə nəslimizdə hər kəs söhbətin hansı əşyadan getdiyini yaxşı bilir.
Qeyd edək ki, bu əşyalar itməsin deyə, Sərəncam nənə onları qardaşı oğluna – Zərdab rayonunun Qoruqbağı kənd orta məktəbinin müəllimi Şirin Şirinova verib. Ş.Şirinov isə həmin əşyaları Həsən bəy Zərdabinin Zərdab rayonunda fəaliyyət göstərən ev muzeyinə hədiyyə edəcəyini bildirmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır