Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov Prezident İlham Əliyevə məktub yazıb. Bu barədə Zerdab.com saytı Preizdent İlham Əliyevin rəsmi saytına istinadən məlumat yayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident!
Öncə Sizi və ailə üzvlərinizi Novruz bayramı münasibətilə təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Möhtərəm Prezident! Siz bu bayram ərəfəsində bizi çox sevindirdiniz. 2014-cü il 17 və 18 mart tarixli məlum sərəncam və fərmanlarınızla müharibə əlillərinə verilən Prezident təqaüdünü, habelə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən müharibə veteranlarına və bir sıra digər kateqoriyadan olan vətəndaşlara ayrılan sosial müavinətlərin məbləğini artırdınız, onların ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan uşaqlarını təhsil haqqından azad etdiniz. Bu xeyirxah əməllərinizə görə biz əlillər hər zaman Sizi dəstəkləyir və Sizinlə birgə olduğumuzu bəyan edirik.
Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə, Yediyarov Neman Qulam oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri”.