Bir qaba suyun girməsi üçün gərək əvvəlcə oradakı hava çıxsın, hava çıxmadıqca su qaba girməz.
Allahı sevmək istəyən qəlbindəki dünya sevgisini çıxarıb atmalıdır ki, Allah sevgisi qəlbi öz nuru ilə süsləsin. Bir qəlbə iki sevgi sığmaz, orada ya dünya sevgisi olar, ya Allah sevgisi. Dünyalara sığmayan Allah da sevdiyi qulunun qəlbinə sığar. Bir bəndə qəlbini Allah sevgisi ilə süsləmək istəyirsə, əvvəlcə gərək oranı elə təmizləsin ki, dünya sevgisindən əlamət qalmasın. Bu iki sevgi odla pambıq kimidir, bir arada olmaz. Allah sevgisi imana, dünya sevgisi günaha götürər.
İki cür sevgi var; həqiqi sevgi və mücərrəd sevgi. Allah sevgisi həqiqi sevgidir, dünya sevgisi mücərrəd, fani, ötəri. Fani olana yönəlmiş sevgi də fani olar, sevginin əbədiliyi əbədiyə yönəlməsi ilə mümkündür.
Dünya sevgisinin ən xoş meyvəsi sevdiyini ələ gətirməkdir. İnsanın dünyadakı bütün xoşbəxtliyi beş duyğu üzvü ilə yaşanır, o duyğular zəiflədikcə xoşbəxtlik hesab edilən o sevgilər də dəyərini itirir, adiləşir, bayağı hala gəlir.
Bir bəndənin Allahı sevməsi isə bu duyğularla müqayisə edilməz. Dünyada o sevginin ən gözəl əlaməti göz yaşları və səcdə ilə ifadə olunur. Bəli, o sevginin dünyadakı ən uca məqamı səcdə halı və göz yaşlarıdır.
Əgər bir bəndə Allahı sevə bilirsə, bu, o deməkdir ki, Allah da o bəndəsini sevir. Çünki bəndənin Allahı sevməsi Allahın o bəndəsinə ən böyük lütfüdür. Unutmayın, kimsənin kimsəyə yardım edə bilməyəcəyi Qiyamət günündə hər kəs öz sevdiklərinin yanında olacaq. Daha bundan gözəl, bundan möhtəşəm müjdə olarmı?!
Allahı sevməyin bir əlaməti də Allahı düşmən bilənləri özünün düşməni bilmək, Allahın sevdiklərini sevməkdir.
***
Həqiqi sevgi üç əlamətlə bəlli olur:
– Sevən sevdiyinin sözünü əsas alar, onun istədiyi kimi davranar;
– Sevdiyinin yanında olmağı başqalarının yanında olmaqdan üstün tutar;
– Sevən sevdiyinin ondan razı olmasını başqalarının məmnunluğundan çox-çox dəyərli bilər.
Dünya səltənətini, naz-nemətini rədd edib ,Allahına gözəl bir bəndə ola bilmək üçün yollara düşən, getdiyi hər yerdə Ondan bəhs edən İbrahim Ədhəm bir dəfə duasında: “Ey Rəbbim, Səni sevən bu qulunun qəlbini hüzura, rahatlığa qovuşdur” – deyə dua edir və yuxusunda: “Ey İbrahim, axı Mənə qovuşmadan necə hüzur istəyirsən? Sevgiliyə qovuşmadan hüzura qovuşmaq olarmı?” – deyildiyini eşidir.
***
Bəli, Allah-Təala (c.c.) bəndələrini sevir və Həzrəti- İbrahimlə bağlı bir söhbətdə belə deyilir:
Bir dəfə İbrahim Peyğəmbər (ə.s.) belə deyir:
– Ey Rəbbim, sənin hikmətindən sual sorulmaz, Sən nə edirsənsə, gözəl edirsən. Bizim bilmədiyimizi Sən bilirsən. Bilirəm ki, sən öz elçilərini imtahana çəkirsən. Üsyan üçün olmasın, bilmək üçün soruşuram, mənim imtahanım bir qədər ağır olmadımı? Xüsusilə də, övladın boğazına bıçaq çəkmək çox ağır deyildimi, ey Rəbbim? Çox şükür ki, Sənin istəyindən başqa bir əmələ imza atmadım, amma o bıçağı çəkərkən də ciyərim “cızz” elədi.
Allah-Təala (c.c.) da qarşılığında belə buyurur:
– Ey İbrahim, xatırlayırsanmı, sən filan zaman filan yerdə Mənim bir bəndəmi günah işləyərkən görmüş və elə o andaca “Allahım, bunu qəhr elə”,- deyə bədduaya başlamışdın?
– Bəli, ey Rəbbim, xatırlayıram.
– Bəs, ey İbrahim, sən o quluma o cür bəddua edəndə Mənim ciyərimin necə “cızz” elədiyini bilirsənmi?
Nə qədər həqiqi olduğunu bilməsəm də, söylənən o qədər möhtəşəm, o qədər düşündürücüdür ki, söyləməyə söz tapmırsan. O, günahkar bəndəsinin belə cəzaya layiq hala gəlməsini istəməz, amma neyləyəsən ki, bəndə öz gühanları ilə israrla cəza istəyir.
***
Həzrəti-Musanın (ə.s.) sualına qarşılıq olaraq Allah-Təala (c.c.) sevdiyi və hirsləndiyi bəndələri haqqında belə buyurur:
Sevdiyim bəndənin iki əlaməti var: O hər an məni düşünər və günahlardan uzaq durar. Mən də onu mələklərin yanında anar və günahlardan mühafizə edərəm. Hirsləndiyim bəndənin də iki əlaməti var: Məni unudar, heç düşünməz və günah, üsyan içində üzər. Hirsləndiyim bəndənin qəlbi təkəbbürlü olar, dili haqsız şeylər söylər, əli də xəsis olar. Mən belə olanlara hirslənər və əzab verərəm.
Eyni mövzuda Allah-Təalanın (c.c.) belə buyurduğu da deyilir:
Mən Məni sevənin sevgilisiyəm. Mən Məni gerçəkdən sevəni hər kəsdən üstün tutaram. Məni axtaran məni tapar, başqasını axtaran Məni tapa bilməz. Elə bəndələrim var ki, Mən onları sevərəm onlar da Məni sevərlər. Onlar Mənə müştaq, Mən də onlara müştaqam. Onlar məni düşünərlər, Mən də onları düşünərəm. Onların yolunda olanları da sevərəm. Onların yolundan ayrılanlara da hirslənərəm. Gecə hər kəs sevgilisi ilə baş-başa qaldığı zaman o qullarım yatmaz, Mənə dua edər, namaz qılar, verdiyim nemətlər üçün şükür edər, göz yaşları tökərlər. Bütün sıxıntılara ancaq Məni sevdikləi üçün qatlanarlar. Mən də onlara böyük ehsanlar yetirərəm.
***
Hər dəfə Mövlanadan sevə-sevə təkrarladığım bir sözü xatırlamadan keçə bilmədim: Allahı sevmək, Allaha qovuşmaq istəyən öz nəfsinin istəklərini tərk etsin və hər işdə, hər qərarda Onun buyurduğunu əsas alsın. Necə ki, ney onu üfürənin istədiyi kimi səs çıxarır, insan da gərək onu yaradanın, yaşadanın, öldürənin və sonra da dirildib, sorğu-suala çəkəcək olan Allahın istədiyi kimi yaşasın ki, o böyük sevgiyə, nemətə qovuşsun. Hər bir insanın Allaha qovuşmasına bircə əngəl var, o insanın öz nəfsi. Ancaq öz nəfsinin istəklərini köksündən qoparıb ata bilənlər Allaha qovuşmağın zövqünü yaşaya bilərlər.
Yunus Əmrə də o sevginin sərməstliyin də o qədər nazlanır, o qədər xoşhallanır ki, cənnətdir, oradakı nemətlərdir.., heç birini istəmir, “ancaq Səni istəyirəm, Sənə qovuşmaq istəyirəm”, – deyə Rəbbinə üz tutur. Bilir axı, nə istədiyinin fərqindədir axı! Yaxşı bilir ki, Allahın rizasını qazanmaq hər şeyi qazanmaqdır. Ona görə də:
Cənnət, cənnət dedikləri,
Bir kaç köşkdür, bir kaç huri.
İstəyənə ver onları,
Mənə səni gərək, Səni. – deyir. Bizim dediyimiz, amma çox-çox üzülərək söyləyim ki, hələ mahiyyətindən, nə istədiyindən, nə dediyindən, kimə üz tutduğundan tam xəbərdar olmadığımız böyük Füzuli babamız da elə bu böyük söz ustalarının, könül ərbabalarının istədiyini fərqli bir üslubda, daha ağır, daha samballı və biçimli şəkildə belə ifadə edir:
Aşiq oldur kim, qılır canın fəda Cananına
Meyli-Canan etməsin hər kimi ki, qıymaz canına.
Canını Canana verməkdir kamalı aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
Füzuli deyir ki, könlünü Allaha verə bilməyən, Allahın əmrini ömrünə daşımayan insan öz eybini, qüsurunu etiraf eləsin. “Canını Canana vermək” dediyin söz də elə budur, öz istədiyini deyil, Allahın istədiyini əsas tutmaq.
***
Sevmək sevdiyinə təslim olmaqdır, sevdiyində ərimək, sevdiyində yox olmaqdır, özündən imtina etməkdir, başqalaşmaqdır, sevdiyinin istədiyi şəklə, qəlibə girməkdir. Nağıllarda buta verilər, badə içirlər aşiqlərə. Badə içənin köksü od qapıb atəşlənər, dünya dadını, rahatlığını itirər. Sevmək yerindən-yurdundan olmaqdır, sevgi qəlbin hicrətidir, hər şeydən qurtulub sevdiyinə yüksəlməsidir. Sevmək eşq badəsini başına çəkib, hər kəsin gözündə başqalaşmaqdır, hələ üstəlik çoxluq hara getdiyini bilmirsə, sevgi badəsi sərxoşluqdur pərdəli gözlərdə:
Sofular haram demişlər bu eşqin badəsinə,
Mən doldurur, mən içərəm, günah mənim, kimə nə?
Şərqdə hər böyük alimin bir şair bənzəri var. Toplumun gözündə fərqli görünmək, adamların qəzəbini üstünə çəkməkdə alim Muhiddin Ərəbi ilə şair İmadəddin Nəsimi ruh qardaşlarıydılar sanki. Bu iki misra Nəsiminin öz mühitinə üsyanıydı. Neyləyəsən axı, hamının dəli olduğu yerdə ağıllı olmaq özü dəlilikdir. Sən gördüyün kimi tanıyırsan, tanıdığın kimi sevirsən, deyirlər olmaz. Niyə?- heç özləri də bilmirlər, sadəcə belə deyirlər, vəssalam. Dəli dedilər Ərəbiyə, qovdular məclislərdən. O da gedib bir təpəyə çıxdı, ayağı ilə yeri döyüb dedi ki, sizin tapındığınız mənim ayağımın altındadır. Bir belə, iki belə, axırda o qədər vurdular ki, üz-gözünün qanı qurumamış ruhu tən qəfəsindən uçub getdi. Öncə əlləri işlədi, ağıl deyilən o nemətin bərəkətindən faydalanmadılar, niyə belə deyir, niyə hər dəfə eyni yerə çıxıb ayağını yerə döyür, niyə bizim kimi olmur və olmaq da istəmir?… Düşünmədilər ki, düşünə bilmədilər ki… Cansız cəsədi bir peyinlikdə basdırdılar və rahat nəfəs aldılar. Vəssalam, elə bildilər ki, daha qurtardılar. Bəlkə də, qurtardılar, amma müvəqqəti, ölüm adlı o keçid məntəqəsinə qədər. (Davamı var)
www.zaman.az
Menim fikrmce en ulvi sevgiye bizi yaradan layiqdir.Ondan sonra butun yaratdiqlarini sevmek lazimdir.Ailede xanim beye cox hormet gostermelidir ki ovladlar bu munasibeti her an gorub hiss etmelidirler.Sozsuz ki bu hormet ve sevgi qarsiliqli olmalidir.Allah butun aileleri ser ve bohtanlardan qorusun.amin
Comments are closed.