Sevə bilmək üçün tanımaq əsas şərtdir

1
55

sevgiYunus Əmrə deyir ki, elm özünü bilməkdir, əgər sən bu qədər oxuduğun halda özünü öyrənə bilmirsənsə, daha bu oxumaq nəyə lazımdır? İnsan özünü öyrənə bilirsə, özünün boşluğuna, zəifliyinə, acizliyinə, nə qədər möhtac olduğuna baxıb, bu qədər aciz, zəif halı ilə onu yaşadan, dolandıran, bütün ehtiyaclarını təmin edən Xaliqi-Mütləqini (c.c.) hiss edir, Ona doğru yönəlir.

İnsan hər gün oxumalı, hər gün öyrənməli, nəyisə qazanmalıdır ki, bir addım qədər belə olsa, irəli gedə bilsin. Sevimli Peyğəmbərimiz (s.ə.s) buyurur ki, iki günü bərabər olan zərərdədir. Demək, hər gün nəsə öyrənmək, dünənə nisbətən nəsə xeyirli bir şey əldə etmək müsəlmanın borcudur.

***

Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün. Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb, çöldən də yola salırıq. Bəlkə də bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə belə vərdiş yaranır. Amma iş orasındadır ki, Şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, sevdiyini də gərək yaxşı tanıyasan. Kor-koranə sevgi təməlsiz bina kimidir. Sevə bilmək üçün tanımaq təməl şərtdir. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin… Bütün bunları düşünəndə özümdən utanıram.

***

Etiraf edək ki, ümumiyyətlə, klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da, ən azı komsomol bileti soxublar. Üstəlik də, Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulin,i tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar.

Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır; istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə…

***

Mövlananın “Məsnəvi”si 700 ildən artıq bir müddət ərzində məktəb və mədrəsələrdə tədris edilib. Dinimizi başa salmaq üçün yeri gəldikcə bu möhtəşəm əsərdəki misallardan, deyimlərdən istifadə edilib. İstər Mövlana, istər Nizami, istər Yunus Əmrə, istər Füzuli, istər Sədi Şirazi, istərsə də burada adını çəkə bilmədiyimiz neçə-neçə mütəfəkkir yazmağa “Bismillah” deyərək başlayıb. Hamısı da irihəcmli əsərlərini minacatla (Allah-Təalanın (c.c.) tərifi ilə) başlayıb, nətlə (Həzrəti-Məhəmmədin (s.ə.s.) tərifi) davam edəndən sonra mətləbə keçiblər. Demək olar ki, İslam şərqində əsrlər boyunca bu ənənə pozulmaz qanun kimi mövcuq olub.

***

Mövlana bütün yazdıqlarında insanlara sevgi öyrədib. Onun üçün sevgi bir xanıma ünvanlanmış xoş duyğu deyil, yaradılmışın Yaradana can atmasıdır. Həm də bu sevgi elə duyğulu, elə coşquludur ki, gərək hər şeyini unudub, özünü bu selin içinə atasan ki, təşnəsi olduğun sonsuz ümmana qovuşa biləsən. Mövlanaya görə, yaradılan Yaradana qovuşmaq üçün öz “mən”ini unutmalı, Yaradanın iradəsinə təslim olmalıdır. Həm də hər kəs təslim ola bildiyi nisbətdə azad olur, yüksəlir, Haqqa qovuşur. İnsan gərək şəkər suda əriyən kimi İlahi sevgidə əriyib yox olsun. Hər kəslə Allah arasında bircə maneə var: mənimlə Allah arasındakı maneə mənəm, səninlə Allah arasındakı maneə sənsən… Mən “mən” dən, sən “sən”dən vaz keçə bilsək, Allaha qovuşa bilərik, üstəlik də biz Allahda qovuşa bilərik. Əgər sən bütün ruhunu, düşüncələrini, qəlbini tərtəmiz boşaldıb nəfsinin istəklərindən təmizləyə bilsən, səhralara yağan yağmur kimi  İlahi sevgi bütün ruhunu, könlünü doldurar, doyurar. İnsan nə halda olursa olsun, gərək Allahdan ümidini kəsməyə, tövbə qalxanını əlindən yerə qoymaya. Gərək unutmaya ki, onun günahları Allah-Təalanın mərhəməti qarşısında yox sayılacaq qədər kiçikdir.

***

İnsanı xarakterizə edən əsas cəhət onun boy-buxunu, sifətinin cizgiləri deyil, hansı duyğularla yaşaması, hansı məqsəd uğrunda nəfəs tükətməsidir. Yəni söhbət klassiklərimizi tanımaqdan və sevməkdən gedirsə, bunun üçün çox işlər görülməlidir. Son onilliklərdə ölkəmizdə həm Nizami, həm də Füzuli yubileyləri keçirilib. Amma üzülərək söyləyim ki, bu yubileylərdən hər hansı birində yubilyarın doğru-düzgün, olduğu kimi tanınması üçün mühüm işlər görüldüyünü iddia etmək mümkün deyil. Yəni çox işlər görülməlidir. Məsələ təkcə klassik əsərləri naqis bir tərcümə ilə çap edib yaymaqla bitmir, ən doğru izahlar, ensiklopedik lüğətlər hazırlanmalıdır. İstər Füzuli, istər Nizami, istərsə də Mövlana və ya Yunus Əmrənin əsərlərindəki hər hansı ifadənin, deyimin hansı həqisi-şərifdən və ya ayədən gəldiyini göstərmək və mövzu ətrafında geniş bilgi vermək lazımdır. Bu işdə biliyi, qabiliyyəti çatan hər kəs əlindən gələni ortaya qoymalıdır, yəni hərəmiz bir az da olsa, Mövlana olmalıyıq. Haqqında danışdığımız əsərlər oxuyub faydalanmaq, öyrəndiklərimizi yaşamaq üçün, mənən gözəlləşmək, ucalmaq üçündür.

***

Həqiqi alimlər Peyğəmbərimizin (s.ə.s.) varisləridir. Malın-mülkün zəkatı olan kimi, elmin də zəkatı var. Elmin zəkatı onu paylaşmaqdır. Mütləq elm Allahın elmidir. Bəşərin bildiyi elm bütün ümmanlar qarşısında bir quşun dimdiyindəki bir damla su qədər belə deyil. Amma bu bir damla suda ən ali həqiqət varsa və sən o ali həqiqəti tutub düzgün istiqamətdə gedirsənsə, zərərə uğrayanlardan olmazsan. Bizim üçün ən böyük elm lə ilahə illəllah həqiqətidir. Bu həqiqətə yönəlməyən, onu təsdiq etməyən elm həqiqi elm deyil. Bütün həqiqi elmlərin son dayanacağı Allahın varlığını və birliyini təsdiq etməkdir. Əgər sənin ağlın, elmin bu istiqamətə yönəlibsə və sən hər gün bu istiqamətdə məsafə qət edirsənsə, demək, zərərdə deyilsən. Riyaziyyat da bu həqiqəti təsdiq edir, fizika da, astronomiya da. Mendeleyev cədvəli kimyanın ana xəritəsi sayılır. Bu cədvəl nəyi öyrənir, bilirsinizmi? – Allah-Təalanın yaratdıqlarının tərkibini. Yəni belə demək mümkünsə, Allah-Təalanın işlətdiyi materialların tərkibini. Demək, yuxarıda saydığımız və saymadığımız bu elmləri doğru istiqamətdə öyrənmək və öyrətmək müəyyən mənada ibadət kimidir. Alimin mürəkkəbinin dəyəri də məhz bu məqam üçün şəhid qanından dəyərlidir.

Önümüzdə iki kitab var: biri Allahın göndərdiyi Quran, o biri də Allah əsəri olan kainat kitabı. Hər ikisi də bir-birini təsdiqləməkdədir. Aqil insan bir ağacın yarpağını belə, kitab kimi oxuyur, onda Allahın böyüklüyünün, qüdrətinin sonsuzluğunun dəlillərini görür və göstərir.

***

Bütün bunlar məlum. İndi də gələk əsl mətləbə. Baxmaq azdır, baxdığını görməyi bacarmaq lazımdır. Görmək də yetməz, gördüyünü ağlına, ağlından da həyatına daşımaq, vicdanında hiss etmək, bütün qərarlarında nəzərə almaq şərtdir.

İnsan üçün elm dediyin nəticə etibarilə ədəbdir, kimə qarşı necə davranmaq, hansı məsafədə durmaq, nə qədər bağlanmaq, nə qədər güvənməkdir. Elə ədəb də bir yerdə elmə çevrilir. Yəni istiqamətin doğru olandan sonra hansı qapıdan girsən, eyni dəhlizə çıxacaqsan.

Elm əxlaqdır, mənəvi yüksəlişdir, elmin də imanı var. İmanı olmayan elm atom bombasıdır, kütləvi qırğın silahıdır, məkrdir, fəlakətdir…

Allah-Təala bizlərə həqiqi elm yolunun yolçusu olmağı nəsib eləsin!

www.zaman.az

1 comment

Comments are closed.