Haram yeyən insanın bədənindəki haram ancaq cəhənnəmlə təmizlənəcək

0
75

qəbirPeyğəmbərimiz (s.ə.s.) haram yeyən bir insanın bədənindəki haramın ancaq cəhənnəmlə təmizlənəcəyini bildirərək, ümmətini xəbərdar etmişdir. Peyğəmbərimizin (s.ə.s.) halal-haram, şübhəli şeylər və onlardan çəkinmək barəsində tövsiyələrini əsas tutan, özləri üçün həyat meyarı halına gətirən səhabələr və Allah dostları bu mövzuda çox həssaslıq göstərmişlər.

Siddiqin həssaslığı

Siddiqi-Əkbər Həzrə8ti Əbubəkir yeməyini gətirən xidmətçisinə hər dəfə yeməyi hardan gətirdiyini və hansı yolla aldığını soruşardı. Bir dəfə, güman ki, uzun müddət ac qaldıqdan sonra iftarda xidmətçinin verdiyi loğmanı yeyib, ardınca da  südü içəndə soruşmağı unudur. Bir neçə loğmadan sonra əndişəli bir səslə xidmətçisinə: “Bu yemək hardan oldu, hansı pulla almısan?” – deyir. Həzrəti Əbu Bəkirin yanında bir kölə, bir xidmətçi kimi deyil, bir dost, bir yoldaş kimi dolanan bu şəxs: “Mən cahillikdə falçılıq edirdim. Fala baxır, qeybdən xəbər verir, kahinlikdən pul qazanırdım. O vaxtdan bu işə görə mənə borcu olan bir nəfər var idi. Dünən həmin adam borcunu qaytardı, yeməyi də həmin pulla aldım,” – deyə cavab verir. Bunu eşidən həzrəti Əbu Bəkir birdən səndələyir, az qalır ki, yıxılsın, rəngi-ruhu qaçır. Dərhal yediyi yeməyi geri qaytarır. Sonra da xəcalətlə: “Allahım, mədəmdə qalan, qanıma qarışandan da Sənə sığınıram” – deyir. Həzrəti Siddiqin bu həssaslığını görən səhabə: “Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu hərəkətin yersiz deyilmi? Niyə bu qədər özünə əziyyət verirsən?” – deyincə Əbu Bəkir (r.a.) belə cavab verir: “Rəsuli-Əkrəmdən şəxsən özüm eşitdim; Rəsulullah (s.ə.s.) bədənində bir tək haram loğma olanın ancaq cəhənnəmdə təmizlənəcəyini demişdi”.

Əbdulqadir Qeylani, İmam Şazəli, Şahi-Naqşibənd və İmam Qəzali kimi məna aləminin sultanları da təsəvvüfi təcrübələrindən haram loğmanın insana mənfi təsir etdiyini və haram yeyən ata-anadan dünyaya gələn uşağın da -istisnalar xaric- mənəvi yöndən nöqsanlı olacağını bildirirlər. Onlar da bu sahənin həkimləri olaraq haram loğmanın bəzi haramzadaların meydana gəlməsinə yol açdığını deyirlər.

Portağal şirəsi nələrə səbəb olur?!

Əbu Vəfa həzrətləri bu mövzunu izah edərkən şəxsi həyatından və öz uşağından misal verir: Həzrətin oğlu əlinə çuvalduz (qıyıq; iri, uzun iynə) alıb su daşıyan insanların tuluqlarını deşir. Əbu Vəfa həzrətlərini incitməyə könlü razı olmayan əhali bunu uzun müddət gizlədir, şikayətçi olmur. Lakin iş cızığından çıxır və xalq məcburən məsələni Haqq dostuna açır, oğlundan ona şikayət edir. Həzrət bunu eşidəndə çox kədərlənir və elə bir o qədər də təəccüblənir. Xanımına hər şeyi danışır. “Buna səbəb ikimizdən biridir,” – deyib yoldaşından uşağa hamilə ikən səhv bir iş görüb-görmədiyini soruşur.

Ana düşünüb-daşınır və belə deyir: “Uşaq dünyaya gəlmədən bir neçə ay əvvəl qonşunun evinə getmişdim. Orada portağal və nar gördüm. Nəfsim çox çəkdi, istəməyə də utandım. Qonşum görmədən əlimdəki hörgü bizini meyvələrə batırıb şirəsini sordum”. Əbu Vəfa həzrətləri bunu eşidincə: “Həmin o hörgü bizini meyvəyə batırıb bir neçə damcı icazəsiz, haram meyvə şirəsinin dadına baxmağın oğlumuzun tuluqları deşməsinə səbəb oldu. Allaha yönəl, ağla ki, günahın bağışlansın,” – deyir. Ana xətasını anlayıb ağlayır, Allaha dua edərək əfv diləyir. Həmin o qonşusundan evinə gedərək məsələni danışır, üzr istəyir və halallıq alır. Bundan sonra onların övladları da peşman olub: “Bu cür əməl mənə heç yaraşmır. Bir də etməyəcəyəm,” – deyərək, o vərdişini tərgiyir.

Deyilənlərə görə, Həzrəti İmam Əzəm Quranı gün yarıma əzbərləmişdir. Bu dövrün insanına qəribə gələ bilər, halbuki mən gündə 10-12 səhifə əzbərləyən insan görmüşəm. Atam, otuz gündə Quranı əzbərləyən nadir təbətli insanlardan bəhs edərdi. Eynşteyn, Hegel və Dekart kimi şəxslər də nadir təbiətə malik insanlardı. Amma onları görmədiyimizə görə, bizə qəribə gələ bilər. İmam Şafii “Ömrümdə bir şey unutduğumu xatırlamıram” demişdir. Rəvayətlərə görə, tabiindən Zöhri səkkiz yaşında ikən bir həftəyə Quranı əzbərləmişdir.

Təsirli nəsihət

İmam Əzəm də bu cür nadir fitrətə malik insanlardan biridir. O, Qərb aləmində özünü İslam dünyasının böyük hüquqçusu kimi tanıdan böyük bir alimdir. Eyni zamanda çox bacarıqlı bir tacirdir. Rəvayətlərə görə o, gün yarımda Quranı xətm edərmiş. Yeri gəlmişkən, onun haqqında rəvayət olunan bir söhbət var: bir uşağa bal yemək ziyan imiş, ana-ata nə qədər “Bal yemə!” desələr də, o yenə yeməyə davam edirmiş. Öhdəsindən gələ bilməyən ana-ata uşağın əlindən tutub, onu  Həzrəti İmamın yanına gətirir və “bu uşaq bal yeyir, nə qədər tərgitməyə çalışsaq da, bundan əl çəkmir”, – deyə şikayət edirlər. Həzrəti İmam: “Aparın bu uşağı, qırx gündən sonra gətirərsiniz”,- deyir. Valideynlər qırx gündən sonra yenə gətirirlər. İmam uşağa üz tutub bal yeməməyi nəsihət edir. Uşaq bundan sonra əyilib atasının əlini öpür və:- “atacan, bir də bal yeməyəcəm”, – deyə söz verir. Ana-atanın: “Ya imam, niyə bizi qırx gün gözlətdin?”, – sualına imam belə cavab verir: “Siz uşağı yanıma gətirdiyiniz gün mən bal yemişdim. Əgər özüm elədiyim bir işi ona tərgitməyə çalışsaydım, güman ki, təsiri olmayacaqdı. İstədim ki, bu qırx gündə bal vücudumdan çıxsın, sonra nəsihət edim.”

Alma söhbəti

Həmin bu böyük şəxsiyyətin atası Sabit də harama qarşı çox həssas imiş. Onun haqqında da belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərənin kənarına gedir. Dərədə bir alma görür və götürüb yeyir. Görür ki, ağzında qan var. Belə bir hadisə ilə qarşılaşmayan Sabit buna səbəbin yediyi alma olduğunu başa düşür və peşman olur. Almanın sahibini tapıb halallıq almaq üçün dərə boyu gedir və onu tapır, lakin almanın sahibi halallıq vermək üçün onun qarşısına ağır şərt qoyur. Deyir ki, mənim həm kar, həm kor, həm də topal bir qızım var, əgər onunla evlənməyə razı olsan, sənə haqqımı halal edərəm. Sabit həzrətləri axirətdə Allahın qarşısına qul haqqı ilə getməmək üçün bu təklifə razı olur. Toy məclisi başa çatır. Axşam Sabit gəlin otağına girir və elə girməsi ilə çıxması da bir olur. Tez qaynatasının yanına qayıdaraq: “Deyəsən siz səhv salmısız, mənim evləndiyim qız kar, kor və topal olmalıdır, otaqda isə başqa bir qız var”, – deyir. Qaynatası Həzrəti Sabitin bu sözünə gülümsəyərək: “Oğlum, o gördüyün qız mənim övladım, sənin də halal zövcəndir. Ona kar dedim, çünki ömründə haram eşitməyib, kor dedim, çünki həyatında haram görməyib, topal dedim, çünki heç vaxt haram dalınca getməyib. İndi get öz halal zövcənin yanına, Allah (c.c.) mübarək eləsin”, – deyir. Bax bu izdivacdan Həzrət İmam Əzəm Əbu Hənifə dünyaya gəlir. Bir gün anası İmam Əzəmə deyir: “Əgər atan o almanı dişləməsəydi, sən Quranı bir gündə əzbərləyəcəkdin.” Əlbəttə bu bir mənqibədir. Əsas olan bu söhbətdən özü üçün gərəkli dərs götürməkdir.

www.zaman.az