11 mart 2014-cü il tarixdə Novruz çərşənbələrindən olan yel çərşənbəsinin gəlişi münasibətilə Zərdabda növbəti dəfə ümumrayon iməciliyi keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan könüllü aksiyada rayon sakinləri, küçə, park və xiyabanlarda, məhəllələrdə səliqə-sahman işləri aparıblar. 2 min ədəddən çox müxtəlif növ ağac əkilib.
İməcilikdə müxtəlif idarə və müəssisələrdən, ayrı-ayrı təşkilatlardan 500 nəfərdən çox sakin iştirak edib. Müxtəlif küçələrdə, parklarda abadlıq və səliqə-sahman işləri aparılıb. Zərdab-Ucar magistral yolunun sağ və sol hissələrində yeni yaşıllıqların salınması üçün hazırlıq işləri görülüb. Həmin əraziyə 2000 ədəddən çox sərv, küknar, şam və türk qovağı əkilib. Yeni salınmış ağaclara su verilib. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda da ağac və gül kollarına, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar budanıb, gövdələrinə əhəng çəkilib. Burada yeni ağaclar əkilib. Şəhidlərin xatirə parkında da səliqə-sahman işləri görülüb. Rayon sakinləri bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildiriblər ki, yaşıllıqların salınması ekoloji tarazlığın bərpasına kömək etməklə yanaşı Zərdabın yaşıllaşmasında da mühüm rol oynayır. Ağacəkmə kampaniyasında Suvarma Sistemləri İdarəsinin, Mədəniyyət və Turizm Şöbəsinin, Qaz İstismar Sahəsinin, Mərkəzi Xəstəxananın, Kommunal Müəssisələri Kombinatının kollektivləri daha çox fəal olublar. Rayonun digər ərazilərindəki yaşıllıqlara da aqrotexniki qulluq göstərilib.
Ümumiyyətlə, son illər Zərdabda 350 minə yaxın müxtəlif növ ağac və gül kolları salınıb.
Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.