Zərdab rayonunda nar emalı müəssisəsinin açılmasına ehtiyac olduğu barədə bir müddət öncə www.zerdab.com saytı məlumat vermişdi. Qeyd olunmuşdu ki, Zərdabda fərdi təsərrüfatlarda hektarlarla nar bağları var və burada hər il tonlarla nar yetişir: “Lakin vətəndaşlar narları sata bilmirlər. Söhbət ondan gedir ki, nar məhsullarının alış qiyməti o qədər ucuzdur ki, çəkilən xərci belə ödəmir. Odur ki, hər il rayonda tonlarla nar zay olur. Bundan əlavə, Zərdabda saxlama kameralarının olmaması da nar məhsullarının tələf olmasına gətirib çıxarır. Əgər rayonda saxlama kameraları olsaydı, vətəndaşlar müəyyən məbləğ ödəmək şərti ilə nar məhsullarını orada saxlayar və keyfiyyətli məhsulu baha qiymətə qış fəslində satışa çıxarardılar. İndiki halda vətəndaşlar narı kustar üsulla hazırladıqları şəraitdə saxlamağa məcburdurlar. Lakin qısa müddətdən sonra həmin məhsullar xarab olur və ya çəkisini itirir”.
Yazıda bu problemin həllinin iki çıxış yolu olduğu vurğulanmışdı: “Ya rayonda nar emalı müəssisəsi açılmaldır, ya da saxlama kameraları quraşdırılmalıdır. Ümid edirik ki, rayon rəhbərliyi bu məsələni də diqqətdə saxlayacaq”.
Aldığımız məlumata görə, rayon rəhbərliyi bu məsələ ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinə müraciət edəcək: “Rayonda kifayət qədər xammal bazası var. Bununla bağlı əhalindən çoxsaylı müraciətlər daxil olur. Bütün bunları nəzərə alıb şəhər mərkəzində şirə zavodunun tikilməsinə köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə müraciət olunacaq”.
Məlumat üçün onu da əlavə edək ki, “Sahibkarlığa Kömək Milli Fondu”nun dəstəyi ilə cari ilin martın 7-də rayonumuzun Şıxbağı kənd orta məktəbinin binasında sahibkarlara kreditlər verilib. Ümumilikdə rayonda güzəştli kreditlər hesabına pambıqçılığın tam bərpa olunub genişləndirilməsinə, nar bağları salınmasına olan imkanlar nəzərə alınaraq müvəkkil kredit təşkilatları vasitəsi ilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilmişdi.
Son illər rayonumuzda yeni-yeni pərakəndə satış və xidmət obyektləri də istifadəyə verilir. www.zerdab.com saytının məlumatına görə, hazırda Zərdabda 5 sahibkarlıq obyekti açılışa tam hazırdır.
www.zerdab.com