Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar respublikanın ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri arasında Zərdab rayonunun Əlibəyli kənd tam orta məktəbinin IX sinif şagirdi Səadət Namazova da var. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, rayon, şəhər səviyyəsində keçirilmiş müsabiqənin iştirakçısı olan şagirdlər Mirzə İbrahimovu necə tanıdıqlarını ən sadə, ən səmimi fikirlərlə ifadə ediblər: “Müsabiqənin rayon, şəhər mərhələsinin yekunu olaraq Təhsil Nazirliyinə 115 inşa yazı təqdim olunub və həmin yazılar burada ekspertlər tərəfindən qiymətləndirilib”.
Müsabiqənin qalibləri sırasında respublikamızın bütün bölgələrindən şagirdlərin olduğunu diqqətəlayiq hal kimi dəyərləndirən təhsil naziri bunu ölkəmizin hər yerində Mirzə İbrahimovun yaxşı tanınması, onun adının məktəblilərin, müəllimlərin qəlbində daim yaşaması ilə əlaqələndirib.
Qeyd edək ki, Əlibəyli kənd tam orta məktəbinin şagirdi Səadət Namazova “Böyük dayaq” əsərində xalq və şəxsiyyət problemi” inşa yazısı isə III yerə layiq görülüb. S. Namazova Təhsil Nazirliyinə dəvət olunub və ona diplom və hədiyyələr təqdim edilib.
Hazırladı: Sabir Abbasov / www.zerdab.com