Elə insanlar var ki, onu yaxından tanımasan da davranışı, ətrafdakılarla münasibəti, hətta bircə baxışından ziyalıdır – deyə bilirsən. “Qadın istəsə”nin budəfəki qonağı da belə nurlu və ziyalı xanımlardan biri – millət vəkili Jalə Əliyevadır.
– Jalə xanım, həmişə diqqətimi mülayim, səbrli davranışınızla cəlb etmisiniz.Mənə elə gəlir ki,siz heç vaxt əsəbləşmirsiniz, yanılmıram ki?
-Təbiətcə mülayiməm, yəni ətrafdakılar belə qiymətləndirirlər. Hansı məsələ olursa olsun, həmişə hadisələrin sonunu gözləməyə çalışıram. Amma hər birimizə canlı varlıq olaraq, təbiət müəyyən xüsusiyyətlər verib. Bəzən elə situasiya ilə rastlaşırsan ki, orada fikir bildirməmək ən azından loyallıq kimi qiymətləndirilə bilər. İnsan sözünü deməyi , lazım olduqda öz idealları uğrunda prinsipial olmağı da bacarmalıdır. Bəzən belə də olur ki, gün ərzində gözləmədiyin situasiyalarla qarşılaşanda, əsəblərinə hakim ola bilmirsən. Şeytanla mübarizədə mən həmişə peyğəmbərin kəlamını xatırlayıram. “Qəzəblənmə, qəzəblənmə, qəzəblənmə”. Ona görə mülayim görünürəm.
– Eşitmişəm uşaqlıqda müstəntiq olmaq istəmisiniz. Düzü təəccübləndim, heç özünüzü o sərt obrazda təsəvvür edirsiniz?
-Hüquqşünas olmaq arzum idi. Araşdırmaq, üstü açılmayan cinayət işlərini tədqiq etmək və s. Uşaqlıqda macəra, dedektiv əsərlərə meylli idim, bəlkə bundan qaynaqlanmışdı o istək.Orta məktəbi bitirənədək bu arzuyla alışıb yandım. 1970-ci ilərin sonu,1980-ci ilin əvvəllərində ulu öndər H.Əliyev tarixi qərar vermişdi ki, hüquq fakültəsinə fəhlə və kəndli ailələrinin uşaqları daxil olsun. Çünki o zaman belə bir tendensiya yaranmışdı. Sanki hüquq fakültəsində yalnız prokuror uşaqları, yüksək təminatlı ailələrin uşaqları oxumalı idilər. Bu qərar çox ədalətli qərar idi, lakin mənim də bu fakültəyə gedən yolum bağlandı (gülür), çünki ziyalı ailəsinə mənsub idim. Bu gün bir daha bu qərarın nə qədər düzgün verilmiş olduğunu anlayırıq. Ölkəmizdə hüquq sahəsində çox savadlı mütəxəssislər var və onlar sadə ailələrdə böyüyüblər.
– Məlumdur ki, seçicilərlə çoxsaylı görüşləriniz olur, təbii, hər kəsin arzusunu reallaşdırmaq qeyri mümkündür.Kiməsə kömək edə bilməyəndə hansı hissi keçirirsiniz?
– Səmimi deyim ki, üzülürəm. Çox istəyirəm ki, yanıma gələn, mənə məktub göndərənlərə, öz seçicim olmasa belə kömək edim. Hər axşam evə gələndə, gündəlik qeyd kitabçamdakı adların qarşısında müsbət işarəsi görəndə, yəni ki, bu məsələ həllini tapıb, sevinirəm, yorğunluğu unuduram. Bəzən də elə olur seçici haqlı olmur, ona elə gəlir ki, hansısa icra orqanında süründürməçilik edilib. Yaxud da məsələn, əfvlə bağlı müraciət edən anaya oğlu qatı cinayətkar olduğu üçün kömək edə bilməyəndə məyus oluram. Lakin daha sonra başqa bir işin yaxşı nəticəsi o üzüntünü aradan qaldırır.
– Azərbaycan seçicisi öz vəkilinə inanırmı?
– Düşünürəm ki, inanır. Məsələn, bir millət vəkili seçildiyi rayona gedəndə seçicilər onunla görüşə can atırsa, xahiş etdiyi məsələ həllini tapana qədər onun yanına gedib-gəlirsə, deməli inanır. Bilsə ki, onu eşitməyəcəklər, gəlməz. Mən və həmkarlarım rayonlarda bunu görürük.
– Sırf insanlıq, ümidini qırmamaq xətrinə seçiciyə yalan danışmısınız? Səmimiyyətinizə inandığım üçün soruşuram.
– Adətən deyirlər ki, acı həqiqət şirin yalandan yaxşıdır. Amma elə məqamlar olur ki, acı həqiqəti gizlətmək məcburiyyətində qalırsan. Əgər övladının çarəsiz xəstəliyinın müalicəsi üçün valideyn son ümid yeri kimi sənin yanına gəlibsə və sən dünyanın hansı nöqtəsinə getsə belə bu uşağın müalicəsinin mümkün olmayacağını öyrənirsənsə, bu xəbəri anaya necə verəsən? Bax belə vəziyyətlərlə qarşılaşdığımız məqamlar da olur.
-Gərgin iş qrafiki fonunda Müjgana kifayət qədər vaxt ayıra bilirsiniz?
– Mən həmişə buna üzülmüşəm. Çünki o doğulandan bəri çalışan, hər səhər saat 8-də evdən çıxıb, axşam nə vaxt qayıdacağı bəlli olmayan bir anası olub. Mənə elə gəlir ki,qızım həmişə böyük olub. Onu özümə arxa, bacı hiss etmişəm. İstədiyim kimi analıq missiyasını həyata keçirməmişəm. Arzum olub ki, o,dərsdən gələndə qapını açım, onun önünə yemək qoyum. Amma təəssüf ki, bu mənə çox nadir hallarda müəssər olub.
-Adətən qızınızla nədən söhbət edirsiniz?
– Mən onunla hələ uşaq ikən həyatın hər üzündən danışmışam. Uşaq beyninin qəbul edəcəyi, ona ağırlıq gətirməyəcək həqiqətləri anlatmışam. Lakin bununla belə onun müstəqilliyini təmin etməyə, mənim zövqümdən asılı olmamasına çalışmışam. Seçimi isə ona buraxmışam.
– Qızınızın ən yaxın rəfiqəsi sayıla bilərsiniz?
– Çox istəyərdim, amma Azərbaycan ailəsində övlad və valideyn arasında qalın pərdə var. Elə nüanslar olur ki, övlad bunu anaya demək istəmir.Yaşıdı ilə bölüşməyə üstünlük verir. Məndə də olub, anamı sırf narahat etməmək, onu qorumaq üçün hansısa məqamı deməmişəm. Qızım da məni azacıq da olsa üzə biləcək şeyləri müəyyən ana qədər məndən gizlədirsə, bunu normal qəbul edirəm. Amma eyni zamanda düşünürəm ki, biz bir-birimizi bütün situasiyalarda çox düzgün anlayırıq.
– Müjganın taleyi ilə bağlı qərarları Jalə xanım təkbaşına verir?
-Bu, ailə ənənələri ilə bağlı məsələdir. Elə ailələr var ki, bir nəfərin sözü vacib sayılır. Bizim ailədə isə bütün qərarlar məşvərətlə verilir.
– Bizim cəmiyyətdə belə bir baxış var ki, ana evdar xanım olanda daha faydalı olur, övladı tərbiyəli olur,nəinki karyera quranda.Sizin buna münasibətiniz necədir?
– Birmənalı olaraq yanlış fikirdir. Bu nisbi yanaşmadır ki, evdar xanımın övladı daha tərbiyəli olur, karyera quran qadının övladı isə arxa planda qalır. Mən belə düşünmürəm. Verilən tərbiyədən, ananın dünyagörüşündən, uşağını nə dərəcədə formalaşdırmasından çox şey asılıdır. Kifayət qədər nümunələr var ki, ana evdar qadındır, bütün diqqəti, bacarığı, qabiliyyəti uşağının təlim-tərbiyəsinə yönəlib, amma ailəsində ciddi problem var. Yaxud da, oxumuş, savadlı, müəyyən bir iş, karyera sahibi , ictimai yük daşıyan bir qadının uşağı həm yaxşı, həm də pis tərbiyə ilə böyüyə bilir. Bütün bunlar nisbidir. Ailənin təməlindən, ənənələrindən, ailədaxili münasibətlərdən çox şey asılıdır.
-Bizim parlamentə nəzər saldıqda xanım-xatınlığı, yaraşığı ilə seçilən xanımlardan biri də sizsiniz. Gözəlliyinizi qorumaq üçün nə edirsiniz?
– Belə qiymətləndirdiyiniz üçün çox sağ olun.(gülür) Xoş, gözəgəlimli görünə bilərəm. Ancaq mənim nəzərimdə gözəllik kriteriyası çox fərqlidir. Gözəlliyi qorumaq üçün xüsusi bir vasitəm yoxdur. Gözəlliyimizlə məşğul olmağa vaxt da çatmır. Təbii ki, cəmiyyət arasına çıxırıq, ilk növbədə insanlara və özümüzə hörmət etməliyik. Evdəki halınla, yaxud ailənlə istirahətə getdiyin vəziyyətdə bir tədbir və ya iclasda iştirak edə bilməzsən. Getdiyin yerin nüfuzunu aşağı sala bilərsən. Bu baxımdan elementar kosmetik vasitələrə müraciət edirəm, saç düzümümə diqqət edirəm.
– Nə vaxtsa ehtiyac yaransa, plastik əməliyyata gedərsiz?
– Bilmirəm. (gülür) Hər yaşın öz gözəlliyi var, hər yaş özü ilə fərqlilik gətirir. Qırışların belə hər biri yeni çalar yaradır. Bu yaxınlarda anam Nurəngiz xanımın elə bu mövzuda bir müsahibəsi var idi, bu, mənə nümunə oldu. Ona sual verdilər ki, siz üzünüzə, gözünüzə nə vaxtsa əl gəzdirmisiniz? Anam cavabında, axı mənim üzümdəki qırışların hər birinin bir anlamı var, keçdiyim həyat yolunun izləridir söylədi. Sevincli və ya kədərli, yaxşı və ya pis hər bir hadisə təbii ki, öz izini qoyur. Xüsusi ilə qadınlarda. Birinci növbədə üz cizgilərimizdə, qəlbimizdə, həyat tərzimizdə. Ona görə mən bunların heç birini silmək istəmirəm. O zaman xatirələrimi silmiş olaram,deyə Nurəngiz xanım vurğuladı. Bu, əlbəttə ki, poetik bir yanaşma idi. Və özünə görə haqlı yanaşmadır. Düşünürəm ki, cəmiyyət içinə ikrah hissi, bulantı yaratmayacaq şəkildə çıxmaq lazımdır. Deyək ki, tibbi estetik baxımdan. Kimsə bir qəza keçirə bilər, üzünün bir hissəsi yana bilər. Təbii ki, bu zaman əməliyyat qaçılmazdır. Amma 70 yaşında 20 yaşındakı qız kimi görünmək üçün bunu etmək düzgün deyil. Hətta buna cəhd belə gülüncdür. Çünki, insanlar onsuz da səni tanıyır. Bilirlər ki, sənin neçə yaşın var. Onu etməklə özün–özünü aldadırsansa, buyur et.
-Mandat şəxsi həyatda müəyyən çərçivə tələb edirmi?
– Təkcə mandat sahibi yox, cəmiyyətə söz demək imkanına sahib olan, müəyyən bir məqama yüksələn kəs həyat tərzinə, addımlarına, iki dodağının arasından çıxan kəlmələrə çox diqqət etməlidir. Ölçülü -biçimli davranmağa məcburdur. Sadəcə, ailəsində iki-üç nəfər deyil, gündə yüzlərlə, minlərlə insana xitab edirsə, onu toplum dinləyirsə təbii ki, örnək olmağa çalışmalıdır. Çünki, bu, onun seçimidir. Hərəkəti, davranışı, əxlaqı ilə və s. Amma təbii ki, söhbət qeyri səmimi, daxili başqa, xarici başqa olanlardan getmir. Mən hər addımına, sözünə diqqətlə yanaşan və getdiyi yolda cığır aça biləcək şəxslərdən danışıram.
– Zehni yorğunluq, fiziki gərginliyi azaltmağa nə kömək edir?
-Evə gəlib, rəsmi libası dəyişəndən sonra, rahat bir geyimdə evdə ən sevimli və sakit küncümə çəkilib, sadəcə bir stəkan çay içmək belə yorğunluğumu, gərginliyimi azaldır.
– Siz uğurlu qadın sayılırsınız, bunu şəxsi həyata da şamil etmək olarmı?
-Şəxsi həyat deyəndə çox vaxt onun əks cinslə bağlı olan həyatı nəzərdə tutulur. Mənə görə isə şəxsi həyat sənin evinin içidir, sənin yuvandır. O evdə sevdiyim insanlar yaşayırsa, konkret anam varsa, balam varsa , doğmalarım gəlib gedirlərsə, bu mənim şəxsi həyatımdır.Və mən düşünürəm ki, kifayət qədər nüfuzlu bir ailənin övladı, sanballı nəslin davamçısıyam. Bununla fəxr edirəm. O ailənin, nəslin ənənələrini bu gün qoruyub saxlaya bilirəmsə, bu, mənim uğurumdur .
– Qarşıdan 8 mart- Beynəlxalq qadınlar günü gəlir.Hansı hədiyyəni sevirsiniz?
– Əvvəla, mən 8 Mart günündə qadınların bir-birini təbrik etməyini heç sevmirəm. Qoy bunu əks cinsin nümayəndələri etsin. Amma onların üzərinə də ağır yük qoymayaq. Əks cins də bunu bir vəzifə borcu hiss edib, hədiyyə seçmək məcburiyyətində qalmasın. Qadın dəyər verdiyi və ona dəyər verən insandan ildə bir gün deyil, il boyu diqqət gözləyir. Mənə gəlincə, əhval- ruhiyyəmdən çox şey asılıdır. Kimin üçünsə çox qiymətli olan bir hədiyyə ürəkdən gəlməyibsə, mənim üçün sıfır dəyərindədir. Qoy qeyri-səmimi səslənməsin. Hədiyyənin dəyəri heç əhəmiyyətli deyil. Bir neçə qəpiyə başa gələn hədiyyə elə gözəl ola bilər ki, sən ona baxmaqdan doymazsan. Təbii, baxır, hədiyyəni kim və necə təqdim edir.(gülür)
– Jalə xanım Əliyevanın reallaşmasını gözlədiyi ən böyük arzusu nədir?
-Qoy, deməyim. Bu da mənim sirrim olsun. (gülür)
Söhbətləşdi: Elnura Cavadzadə
Jale xanımı zerdab rayonuna böyük desteyi olub.
Comments are closed.