1967-Cİ İL: GƏLMƏ FACİƏSİ
(Sovetlər dönəmində bu və buna bənzər hadisələr barədə yazmaq qadağan idi)
1967-ci il iyulun 1-də axşamüstü Kür çayının Zərdab şəhərindən keçən hissəsində dəhşətli faciə baş verdi. Qarabağdakı tarlalardan evə dönən pambıqçıları gətirən yük avtomobili bərədən aşaraq, Dəli Kürün coşqun sularında qərq oldu.
İnsanları sarsıdan o müdhiş faciədən çox illər ötsə də, həmin hadisəni təfərrüatları ilə yazmağı özümüzə borc bilərək, o faciənin qurbanlarının nakam ruhlarına hörmət və ehtiram əlaməti olaraq məhz ölkəmizin müstəqillik dövründə «Əkinçi” qəzetinin 7 oktyabr 1999-cu il tarixli 12-ci nömrəsində məqalə dərc etdik.
Bu gün isə həmin yazını yenidən işləyərək faciədən 47 il sonra Zerdab.com-un oxucularına təqdim edirik, onu da bilirik ki, bu yazı bir çox bacı və qardaşlarımızın yaralarını göynədəcək və buna görə də hər kəsdən üzr diləyirik…
…1967-ci il, 1 iyul. Çox qızmar və bürkülü adi yay günü. Zərdab rayonundakı 7 kəndi—Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndlərini əhatə edən, mərkəzi malikanəsi Gəlmə kəndində yerləşən Karl Marks adına kolxozdakı Əbülfət Orucovun briqadasının pambıqçıları axşamüstü tarlada becərməni başa vurub yorğun-ağrın evə dönürdülər. «QAZ-51» markalı yük maşını Zərdab bərəsinə çatdı. O vaxt bərə şəhərimizdəki indiki Kür restoranından və keçmiş yay kinoteatrından bir neçə metr yuxarıda yerləşirdi. Sürücü bərəçinin işarəsilə maşını bərəyə sürdü. Qız-gəlinlər, körpə uşaqlı qadınlar deyib-gülür, zarafatlarından da qalmırdılar. Bərə isə sahilə yaxınlaşırdı. Onlar uzağı 5-7 dəqiqəyə evə çatacaqdılar… Sahilə 2-3 metr qalanda bərəçi sürücüdən xahiş etdi ki, maşını azacıq geri sür ki, bərə sahilə lap yaxınlaşsın…
Təlimata görə, bərəyə çıxan zaman maşında sürücüdən başqa heç kəs olmamalı idi. Maşın geri sürülürdüsə, arxada maneələr qoyulmalı idi ki, əyləc işləməzsə, maşının ağırlığından bərə bərk yellənərsə təkərləri həmin maneələr dayandırsın. Amma qız-gəlinlər də, məsum körpələr də maşında idilər və darıxırdılar ki, evə tez çatıb çörək yesinlər, dincəlsinlər. Elə bu vaxt maşın geriyə hərəkət etməyə başladı və qaz elə bərk basıldı ki, maşın yüksək sürətlə dalın-dalın gedərək, bərədən çaya düşdü. Vahiməli qışqırıqlar, kömək diləyən tükürpədici fəryadlar…
O hadisənin çox şahidləri ilə görüşdük, amma heç də hamı bu barədə danışmaq istəmədi. Bununla belə, bir çoxları ilə söhbətimizdə tam təfsilatı öyrənə bildik və həmin şahidlərin dediklərini olduğu kimi oxuculara çatdırırıq.
MARYA HƏMZƏYEVA,
Gəlmə kəndi:
-Mən onda Şirin Şirinovun pambıqçılıq briqadasında işləyirdim. Əbülfətin briqadasının maşını bərəyə bizdən azca qabaq çatdı və bərəyə çıxdı. İstədik biz də onlarla gedək ki, evə bir az tez çataq. Çünki bizim briqadanın maşını bərənin geri qayıtmasını göləməli idi. Elə oldu ki, biz onlara çata bilmədik, bərə sahildən iki-üç addım aralanmışdı… Onlar sahilə lap yaxınlaşmışdılar. Maşınları guruldayıb hərəkətə gəldi və qəfildən sürətlə geri gedərək, Kürə düşdü, arvad-uşaq, qucağı çağalı qadınlar da içində. Bizi dəhşət bürüdü. Bir anda suyun üzündə zənbillər, süfrələr, örpəklər, qadın saçları göründü. Vahiməli körpə qışqırtıları dəhşətli, tükürpədici ana fəryadlarına, nalələrə qarışdı. Gözümüzün qabağında həmkəndlilərimiz, qonşularımız, qohumlarımız Kürdə batırdılar. Biz qadınlar isə saçlarımızı yola-yola fəryad edir, onlar axan istiqamətdə sahilboyu qaçırdıq. Kişilər hər iki sahildəki qayıqlarla, çoxları isə özünü paltarlı suya atıb üzərək, köməyə tələsirdilər və deyim ki, onlar da vahimə içində, çaşqın vəziyyətdə idilər. Hamı dəhşətli hadisədən başını itirmişdi…
İsaq HÜSEYNOV,
“Əkinçi”nin keçmiş əməkdaşı, Gəlmə kənd sakini:
-Kəndimizə xəbər çatan kimi, biz uşaqlar da hadisə yerinə yüyürdük. Sahil adamlarla dolu idi. Suyun üzündə kolxozçuların əşyaları, paltarları çay aşağı axırdı. Bir çoxları isə batıb-çıxır, sahilə yaxınlaşmağa can atırdı. Onların əksəriyyəti üzə bilənlər idi. Amma paltarları, bəzilərinə isə qucaqlarında bərk-bərk tutduqları körpələri mane olurdu. Üzə bilən heç kəs batmaq anında da körpəsini əlindən buraxmaq istəmirdi. Qayıq isə çatışmırdı…
Şəhər sakini, mərhum Hümmət XƏLİLOV o hadisəni belə xatırlayırdı:
-Zərdab mərkəzi xəstəxanasında sürücü idim. Telefonla xəbər verildi ki, belə bir hadisə olub. Baş həkimi təcili ora apardım. Qadınlar suyun üzündə batıb-çıxırdılar. Sahildən 5-6 metr aralıda bir körpə qundaqda axırdı. Özümü suya atdım. Qundağı qaldırıb sahilə gətirdim. Ana təzəcə batmışdı, körpə isə ağzı yuxarı qaldığına görə, batmamışdı. Başqa bir qadın da suyun üzündə görünəndə, ona doğru üzdüm, saçlarından yapışıb özümü sahilə çatdırdım. Sahildəkilər dedilər ki, irəlidə bir qadın da axır, batıb-çıxır. Var qüvvəmlə üzüb ona çatdım. Sahildən xeyli aralı idik. Qadın suyun üzünə çıxan kimi, vahimə içində, gözləri böyümüş halda boğazımdan yapışdı. Onun məni boğmasına imkan verməməyə çalışa-çalışa, çox çətinliklə də olsa, sahilə tərəf irəliləməyə cəhd etdim. Qırağa bir neçə metr qalmış hər ikimiz suyun dibinə getdik. Ayağım torpağa dəyən kimi, var gücümlə təkan vurdum və beləcə, sahilə yaxınlaşdıq. Qadın huşunu itirmişdi, mən də tamam taqətdən düşmüşdüm. Yaxşı ki, son anda adamlar özlərini suya atıb, hər ikimizi xilas etdilər. Rəhmətlik bacım Zalikə xəstəxanada tibb bacısı idi. Həmin qadın orada özünə gəldi. Bacım məni göstərib dedi ki, sənin xilaskarın budur. Qadın minnətdarlıq edib, hönkür-hönkür ağladı…
Bənövşə MƏMMƏDOVA,
“Əkinçi”nin əməkdaşı:
Qadınların yaylıqları və donları, saçları Kürün üzünü örtmüşdü. Üzməyi bacaran bir qadın uşağını köksünə sıxmışdı, bir əlində də zənbilini tutaraq, batmamağa çalışırdı. Bir cavan oğlan özünü suya ataraq, ona tərəf üzdü. Qadına qışqırdı ki, zənbili burax, sənə mane olur. O isə təlaş, çaşqınlıq və vahimə içində zənbildən bərk-bərk yapışmışdı. Oğlan ona çatanda bədbəxt qadın artıq suyun üzündə yox idi…
Firudin MƏMMƏDOV,
“Əkinçi”nin veteranı, Gəlmə kənd sakini:
-O faciə nəticəsində kəndimizin 7 sakini – 5 qadın, 2 körpə uşaq boğularaq, həlak oldu. Bir ana körpəsini köksünə sıxaraq batmışdı. Meyitləri də elə bu vəziyyətdə tapıldı. Bir ana isə özü xilas edilsə də, körpəsini əlində saxlaya bilməmiş, uşaq batmışdı. 5-6 gün keçsə də, bəzilərinin meyiti tapılmırdı. Şəl qarmaqlar, iri torlar saldılar Kürə, barkaslar, katerlər, gəmilər dayanmadan hərəkət etdirildi ki, bəlkə dalğalar meyitləri suyun üzərinə çıxara. Mingəçevirdən dalğıclar da gətirildi, su bulanıq olduğuna görə, onlar da heç nə edə bilmədilər, sahilboyu projektorlar quruldu. Ölü yiyələri sahilə miçətkən, çarpayı qoyub, gecə-gündüz keşik çəkirdilər. Hətta bəziləri meyitin tapılacağına olan bütün ümidlərini itirərək, ehsan verdilər. Amma hər halda, ulu Tanrı heç kəsi gözü yolda qoymadı. Axırıncı meyit faciənin 8-ci günü suyun üzünə elə bir sürətlə qalxdı ki, sanki partlayış oldu. O anda demək olar ki, Kürün dibi göründü. Özü də meyitlər batdıqları yerdən yox, xeyli irəlidən çıxdılar…
Şəhərimizin keçmiş sakini, uzun illər rayon təhsil şöbəsi nəzdində uşaq gənclər idman məktəbinin direktoru işləmiş mərhum Vaqif Rəhimov o vaxt bizə bunları danışdı:
–Həmin gün iş yoldaşımız Lətif müəllimin (Eminov) Şahhüseynli kəndində toyu idi. Toydan qayıdanda Əlihüseyn müəllimlə (Cəbiyev) Kür sahilinə çıxmaq istədik. Sahilə yaxınlaşırdıq ki, birdən çaxnaşma, səs-küy qopdu. Kimsə qışqırdı ki, caamatla dolu maşın Kürə düşdü. İnsanlar şivən qoparırdılar…
Mən bədən tərbiyəsi institutunu 1965-ci ildə bitirmişdim. İxtisasımla yanaşı, 4 il üzgüçülüklə də məşğul olmuşdum. Yəni, sudan heç vaxt qoprxmamışam. Hətta təsəvvür edin ki, bir dəfə Soçidə–Qaradənizdə batan bir qadını ayaqlarımla sahilə tərəf itələyə-itələyə ölümdən xilas edə bilmişdim. Halbuki ona əlimlə kömək etsəydim, mütləq məni batıracaqdı, çünki çox ağır çəkili idi. Demək istəyirəm ki, batan adamları xilas etməyin qaydalarını yaxşı bilirdim. Beləcə, dəhşətli xəbəri eşidən kimi, paltarlarımı soyuna-soyuna qaçaraq, özümü sahilə çatdırdım. Dərhal suya atıldım və boğulmaqda olan 1-2 yaşlı 2 uşağa çatdım. Allahın möcüzəsidir ki, bu körpələr bir zənbildən yapışıb suyun üzündə qalmışdılar, amma, demək olar ki, artıq huşlarını itirmişdilər, zənbil isə batmaqda idi. Onları sahilə çatdırdım və ilk tibbi yardım da göstərdim, qarınlarını sığadım ki, su tökülsün… Çox heyfsilənirəm ki, o uşaqların birini xilas etmək mümkün olmadı…
Mən daha bir neçə nəfəri xilas edə bildim. Sonda isə boğulmaqda olan, bir-birindən yapışıb üzməyə mane olan 3 qadına tərəf üzdüm. Onların biri, ya ikisi üzməyi bacarırdı, amma vahimədən özlərini itirmişdilər. Mən onlara doğru üzə-üzə qışqırdım ki, bir-birinizi batırmayın, gəlirəm. Amma onlar bir-birlərindən bərk-bərk yapışaraq, üçü də suyun dibinə getdi. Ən gec də suyun üzünə çıxan o bədbəxtlərin cəsədləri oldu…
O vaxt Zərdab çörək zavodunun direktoru işləyən mərhum Tacı Hüseynov da qayıqla çox adamları—uşaq və qadınları xilas edə bildi, böyük fədakarlıq göstərdi o rəhmətlik…
Həmin dövrdə rayonumuzda baş həkim işləyən Qüdrət həkim, Məlahət həkim insanları həyata qaytarmaq üçün çox zəhmət çəkdilər.
Faciə ilə əlaqədar o vaxt raykomun I katibi işləyən mərhum Fikrət Əfəndiyev Kür sahilinə işıq çəkdirdi, suyun üzünü tam işıqlandıran projektorlar qurdurdu ki, gecə meyit çıxsa, axıb getməsin. İnsanlar sahildə gecə-gündüz keşik çəkirdilər. Hadisə baş verən vaxt televizorda SSRİ—Bolqarıstan futbol oyunu gedirdi. Ona görə də küçədə, Kür sahilində kişilər lap az idi. Yoxsa, çox adamı xilas etmək olardı.
Mən suya atılanda yadigar qızıl qol saatımı açmağa macal tapmadım. O da qolumdan çıxıb Kürün dibinə getdi.
Bu faciədən bir neçə il sonra Bakıda yol getdiyim yerdə bir ağsaqqal qəfildən qarşıma çıxdı. –Xoş gördük, igid oğlan,–dedi. –Sənə ad, ya mükafat verdilərmi?
Düzü, əvvəl fikirləşdim ki, yəqin bu kişi ruhi xəstə-zaddı. Amma o da təəccübləndiyimi görüb bir az geri çəkildi: — Sən zərdablı Vaqif müəllim deyilsən?
–Bəli,–dedim.
–Mən onda Kənd Təsərrüfatı Nazirliyində işləyirdim. Zərdabda ezamiyyətdə idim. O hadisə vaxtı Kürün sahilində dincəlirdim. Sənin necə cürətlə, cəsarətlə üzdüyünü indi də yaxşı xatırlayıram, imkanım olsaydı, sənə mükafat, fəxri ad verərdim…
Unutqanlıq faciəmizdir. Yaşadığımız hər gün xoşumuza gəlsə də, gəlməsə də, acılı–şirinli tariximizdir. Bu tarixi isə daim xatırlamalıyıq və kim bilir, bəlkə də nə vaxtsa, Kür sahilində bir abidə də qoyulacaq – 1967-ci il Gəlmə faciəsi qurbanlarının xatirə abidəsi. Bu, o nakam insanların ruhuna böyük hörmətin ifadəsi olardı…
İSAMƏDDİN ƏHMƏDOV.
Bu materialı Zerdab.com üçün kompyuterdə yığdılar: “Əkinçi” qəzetinin əməkdaşları Xəyalə, Züleyxa, Ələkbər, Bənövşə və Günel.
Bu faciəni bizim ailə də yaşadı.Həmin vaxt mənim 9 yaşım vardı. Hər şeyi yaxşı xatırlayıram. Böyük bacım Raya körpə oğlu ulə həmin yük maşınında idi.Yaxşı insanların köməyi ilə bacım və körpəsi sağ qaldı.Bəlkə də bacımı və körpəsini şəhər sakini H. Xəlilov xilas etmişdi. Artıq nə bacım, nə də H. Xəlilov həyatda deyil.Allah hər ikisinə rəhmət eləsin.Tarix heç vaxt unudulmur.Mən bu faciə ilə bağlı məlumatı oxuduqda sanki həmin illərə qayitdım. Allah bu faciənin qurbanlarına rəhmət eləsin.Bu materialı hazırlayan əməkdaşlara da təşəkkür edirəm
siza va kollektiviniza darin tasakkurumu bildiriram hal hazirda bu yazini goz yaslari icinda yaziram allah o insanlara rahmat etsin
Men bu agir hadiseni hec vaxt hec kimden esitmemisdim.Cox tesirlendim.Allah dunyadan kocenlere remet qalanlar sebr vesin.Sizin de boyukluyunuz bilmediklerimizi bize catdirmaqdir.Allah her birinizden razi olsun.
bu hadiseden 1 il sonra anadan olmuwam 45 yawindayam ancaq bu barede birinci defedi ewidirem .Demek ki biz cox unutqaniq baw vermiw bu hadiseni unutmaga caliwiriq her il bu hadiseni xatirlasaydiq yeqinki mende xatirlayardim ALLAHDAN bu hadisede vefat edenlere rehmet dileyirem bu hadiseni fb sehifesinde paylawam Mirsabit beye tewekkur edirem Bu hadise mene inanilmaz kovreltdi
Yarım əsrin astanasındayam,amma belə bir hadisənin varlığından xəbərsizəm.Çox pərişan oldum.Amma eyni zamanda fikirləşirəm ki,gör nə qədər murdar bir quruluşda yaşamışıq.Körpə,südəmər körpənin sahədə nə işi var?Niyə analar körpələrinə südü pambıq tarlasının ortasında verməli idi?Gözümün qarşısındadır:Kəndimizdə bir qadın var idi.Hamiləydi.Təsəvvür edin,havanın temperaturu bir tərəfdən,hamiləliyin özünəməxsus ağırlığı o biri tərəfdən…Bizim o vaxtkı “kişilərimiz”–o vaxtkı milislər onu zorla da olsa pambığa gətirirdilər.Neçə dəfə görmüşdüm ki,o qadın (Allah ona qəni-qəni rəhmət eləsin.Həmin körpəni böyüdüb başa çatdıra bilmədi)körpəni pambıq kolunun kölgəsinə qoyub səksəkəli şəkildə pambıq yığır.(Sonralar o uşağa dərs dedim,amma təbii ki,o günləri xatırlatmadım.O vaxt artıq onun anası həyatda deyildi)Bu hadisə də o dövrün nisgilli bir xatirəsidir.Düzdür,çətindir, ağırıdır,amma kədərli bir reallıqdır.Allah hamısına rəhmət eləsin!
Comments are closed.