Heç yadımdan çıxmaz, uşaq ikən əhəmiyyətsiz işlərdən bir arzu kimi bəhs edəndə eşitdiyim tənbeh hər zaman eyni olurdu, “səfəh-səfeh danışma!”. İçimdə incisəm də cavab qaytarmırdım.
Sonra da könlümü almaq üçün təxminən eyni sözləri deyirdilər, “dilini boş şeylərə öyrəşdirmə! Allaha xoş getməz”. Mən fərqində deyildim, amma tənbeh edənlər “Allaha xoş getməz” xofu ilə məni düşünməyə vadar edir, ağzımdan çıxan hər kəlmənin başıma bəla ola biləcəyindən qorxurdular. Mən onda hələ uşaq idim, böyüklərimin bu həssaslığından bəzən sıxılırdım belə. Amma indi başqa şeylər düşünürəm. Düşünürəm ki, məni tənbeh edənlər əslində öz borclarını yerinə yetirirmişlər. Üslublar fərqli olsa da övladına tərbiyə vermək hər bir normal valideynin həm arzusu, həm də vəzifəsidir. Mənimkilər də məni “səfəh-səfeh danışma!” ilə tərbiyə edirdilər. İndiki ağlımla belə ümid edirəm ki, Allah-Təala həddi-buluğa yetişməmiş uşağın sözünə görə ona günah yazmaz, amma uşağına tərbiyə verməyən və buna heç təşəbbüs etməyən valideyni bu məsuliyyətdən azad eləməz və o məlum gün yetişəndə bunun hesabını sorar.
***
Bir gəlin öz uşaqlarına qarğış edəndə qoca arvadın “ağzından çıxsın, qoynuna girsin” dediyini çox eşitmişəm. El arasında geniş yayılmış “ana qarğışı tutmaz” sözünü çox eşitsəm də, indi bu deyimin doğruluğuna inanmıram. Düşünürəm ki, çox övladın başına gələnlər elə ananın qarğışıyladır. Mötəbər qaynaqlarda bunun çox örnəkləri var. Övlad ana qarğışı ilə Allahın mərhəmətindən məhrum qala, ana alxışı ilə bəladan qurtula bilər.
Bəzən insan sevgisindən kor olur, xətaya düşür. Övlad sevgisi nə qədər şirindirsə, dərdi də o qədər ağırdır. Bəzən sevginin şirinliyində və ya itkinin ağırlığında insan öz tarazlığını itirir, günah edir.
Əslində sevgi də ədalət işidir. Ədalət – hər kəsi layiq olduğu yerə qoymaq, aradakı məsafəni doğru-düzgün tuta bilməkdir. Allah-Təala bizə bizim boynumuzun şah damarından da yaxındır, bizim yaradanımızdır, yaşadanımızdır, sahibimizdir, sahib olduğumuz hər şeyin gerçək sahibidir, biz hər şey üçün Ona borcluyuq. Amma bu həqiqəti bildiyimiz halda biz Onun yerinə bir başqasını, məsələn Onun bizə pay verdiyi övladı qoyuruqsa, görün nə qədər ədalətsizlik etmiş oluruq.
***
Bir vaxtlar tələbə idik və o qayğısız illərdə yarısarafat, yarıgerçək deyirdim ki, bu dünyada iki işdən heç xoşum gəlmir: tərcüməçilikdən və jurnlistlikdən. Tərcüməçiliyi ona görə xoşlamırdım ki, ömrün boyu onun-bunun sözlərini deyəcəksən, öznünün sözü olmayacaq; jurnalistlikdən də ona görə xoşum gəlmirdi ki, yenə kimlərinsə ağzına mikrofon tutub yazını kimlərinsə fikri ətrafında qurmalı olursan. Bəli, o illərdə belə deyirdim, amma mənim qismətimə baxın ki, əlimə diplom alandan bəri bu iki işlə məşğul olmuşam: tərcüməçilik və jurnalistlik. Hər dəfə də bu haqda düşünəndə öz axmaqlığıma gülməyim tutur. Amma daha nəticə çıxarmışam, ehtiyatlı danışıram.
Bilərəkdən və ya bilməyərək dilimizlə günah işləyirik. Peyğəmbərimizin (s.ə.s.) dil haqda bildirdiklərini gözdən keçirsək, heç tərəddüd etmədən bu qənaətə gələrik ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı çoxları üçün də baş bəlasıdır.
***
Uşaq vaxtı babamdan eşitdiyim bir söhbət heç yadımdan çıxmır. Sizə söyləmək istədiyim həmin o söhbət yaşanmış bir hadisədir və boş-boş danışmağın nə kimi nəticələr verəcəyinə dair ən aydın örnəklərdən biridir. Babam danışırdı: “Bizim camaatımız tərəkəmə idi, yayı heyvanlarımızla yaylaqda, qışı qışlaqda keçirərdik. 1920-ci illərin əvvəllərində Zəngəzurda, Qarabağda, müxtəlif yerlərdə ermənilərlə müharibə gedirdi. O zaman bizim camaatımızın bu gün Ermənistan xəritəsi içində qalan Pəni, Qısır, Hacı Fərhad yurdu, Əyriqar kimi yaylaqları vardı.
O il erməni-müsəlman davası daha da şiddətlənmişdi. Biz bir yoxuşa yaxınlaşanda qəfildən ermənilər bizi atəşə tutdular, təbii ki, biz də əliboş deyildik və daşların arxasında yerimizi tutub atışmağa başladıq. Qısa müddətdə erməniləri yolumuzun üstündən kürüyüb ata bildik. Bir neçəsini öldürmüş, bir neçəsini də ağır yaralamışdıq. Ermənilər yaralılarını, meyitlərini götürüb qaçdılar, bizdən də Məmmərzə adlı bir nəfər ölmüşdü. Məmmərzənin ölümünə üzülmüşdük, amma ermənilərə üstün gəldiyimiz üçün çox məmnun idik. Qarşıdakı təpənin başına növbətçi qoyduq və oturub dincimizi alandan sonra meyiti yuyub kəfənlədik, qəbrini qazıb namazını qıldıq. Qəbri yamacda axar-baxarlı bir yerdə qazmışdıq. Oradan baxanda göz işlədikcə işləyir, adamın könlü rahat olurdu.
Məmmərzə rəhmətliyin yaşı yetmişi keçmişdi, ömrü boyu xoş yaşamışdı, uşaqlarını evləndirib ayırmış, işlərini zamanında yerbəyer eləmişdi. Ona görə də kədərlənmirdik. Adətən bizim elatda onda kədərlənirlər ki, ölənin körpə yetimləri qalır, cavan arvadı dul qalır. Bu dünyadan alacağını alıb, verəcəyini vermiş kişilərin ölümünə o qədər də üzülmürdük, dua edirdik arxasınca. İsaxan da bəlkə elə bu düşüncə ilə Məmmərzənin arxasınca zarafat eləmək istədi:
– Ay kişilər, eey, bu dünyada hər şeyin yaxşısı bu Məmmərzənin olub. Atın yaxşısı onun, arvadın göyçəyi onun, çadırın, çubuğun qəşəngi onun, indi də bəxtəvərin qəbrinə adamın tamahı düşür, yerə-yurda bax e, elə bil seyrəngahdır, hər tərəf nə qəşəng görünür!..
Elə İsaxının sözü ağzından çıxarmışdı ki, atışma səsi dünyani başına götürdü. Məmmərzəni dəfn edə bilmədik, elə meyiti də götürüb geri çəkildik. Heyvanları sürüb ordan uzaqlaşdırdıq, yerimizi tutub ermənilərin hücumunu gözləməyə başladıq. Bu dəfə də itki verməmək üçün biz geri çəkilməli olduq. Səhəri gün Məmmərzənin meyitini köhnə bir qəbiristanlığın kənarında basdırdıq və yığışıb hücuma keçdik. Ən güclü atışma Məmmərzənin boş qalmış məzarının yanında oldu. Ermənilərdən öldürdüyümüzü öldürdük, neçəsini də yaraladıq, qalanlarını da qovub dağdan aşıra bildik, amma burda da İsaxan vuruldu. Məmmərzənin boş qalmış məzarına İsaxanı basdırdıq. Basdıranda da hər kəs bir-birinin üzünə baxırdı, amma kimsə ağzını açıb bir söz demirdi. Çünki hər kəsin nə deyəcəyi hər kəsə bəlli idi, gözümüzün qarşısında bir ibrət hadisəsi yaşanmışdı. İsaxan zarafatla da olsa Məmmərzənin məzarına tamah salmışdı, Allah-Təala da o məzarı Məmmərzəyə yox, elə İsaxanın özünə qismət eləmişdi”.
***
Heç fərqinə varmadan, zarafatla söylədiyimiz bir alxış və ya qarğış dua yerinə keçər. “Dünya dağılsa da etmərəm, olmaram” dediklərimiz başımıza gələr. İçimizdə qətiyyətimiz nə qədər möhkəm, sarsılmaz olur-olsun, dilimzdəki sözümüz sərt olmasın, mülayim olsun. Unutmayaq ki, insan ağzından çıxardığı hər sözə məsuldur və ən çox günahı da dili ilə qazanır. Dediyimiz odur ki, danışanda taleyə meydan oxumayaq. Bir çox ibrətli hadisələr göstərir ki, insan əksər hallarda öz dili ilə, yəni el arasında deyildiyi kimi, yekə-yekə danışdığı sözlərlə imtahan olunur.
Bəzən zarafat hesab edirik və ya mənasız söz-söhbət kimi ağzımıza gələni danışırıq. Amma heç bir söz boşa getmir, bu həqiqəti unuduruq.
Ağzımızdan çıxardığımıza diqqət yetirməliyik ki, başımız bəla çəkməsin. Quran nə buyurur, bilirsinizmi? – Qarşınıza çıxan bütün yaxşılıqları Allahdan, başınıza gələn bütün bəlaları isə özünüzdən bilin.
Hər kəs özü düşünsün, özü qərar versin. Bizdən deməkdi, dedik. Allah-Təala bizə də, sizə də bu həqiqəti anlamağı və yaşamağı qismət eləsin! Vəssalam!
www.zaman.az
O qeder deyerli yazidir ki bitdiyine heyfslenirsen.Allah sizden razi olsun.Heqiqeten her sey cox deqiq vurgulanib.Deqiq yaza bilmerem hasi suredendir “DEQQAN-DUQQAN”yeni erebceden diqqildatmaq.Risxend etdiyin her hansi sey senin de qapini mutleq doyecek bir gun.Gelin gozel seylerden danisaq qapimizi da doyen onlar olsun.Risxend etdiyin bir seyi yasamadan qebre girmezsen.Uca Rebbimiz cumlemizi emeli-saleh,gozel dusunub danisanlardan eylesin.Amin
Comments are closed.