Xocalıdan olan 5 yaşlı qızın nağılı

1
70
Billurə Aslanqızı
Billurə Aslanqızı

Gecə-gündüz şəhid qəbirlərinin sirdaşına çevrilən, səssiz-səmirsiz onlara ağı deyən, 1990-cı ilin 20 yanvarından bütün libaslarını atıb yas-hüzn çiçəyinə çevrilən qərənfilə bürünmüş; həm igidlik, vətənpərvərlik rəmzi, amma həm də göz yaşı, nisgil, ah-nalə dolu Şəhidlər Xiyabanında mən də bütün normal insanlar kimi qəhərlə böğuluram. Amma məni ən çox düşündürən və göz yaşına boğan isə bir məzar olur…

XOCALIDAN OLAN 5 YAŞLI QIZ….Onun adı da, soyadı da, doğum tarixi də, cəmi bir neçə səhifəyə sığacaq ömür kitabı sadəcə bu dörd sözdən ibarətdi…Onun yerinə hər şeyi  başdaşı danışır öz qara sükutu ilə…Bəs görəsən özünü tanısaq, qəlbinə boylana bilsək nələri görərdik, nələri eşidərdik…

Adım nə idi mənim görəsən? Necə bir evdə yaşayırdım? Simam kimə oxşayırdı? Heç şəklim vardımı mənim? Arzularım necə…Hamınınkına bənzəyirdi? Bütün uşaqlar kimi dünyam vardımı mənim də? Oyuncaqlarım, dostlarım necə? Görəsən, qışı, qarı sevirdimmi mən də əksər uşaqlar kimi? Qarın üstünə uzanıb şəklimi çəkmək istəmişdimmi nə vaxtsa mən də? Kaş ki, istəməyəydim! Hardan biləydim ki, qanla çəkəcəklər şəklimi qar üstünə qansız düşmənlər… Və bu, mənim son şəklim olacaqdı…Son şəklim…O qədər ürək ağrıdan olacaqdı ki… O şəkildə xatırlanmamı istəməyib, tamamilə qaranlığa qərq edəcəkdilər məni…Bir parça qara mərmər əvəz edəcəkdi qəbrim üstə durub məni düşünən, mənə rəhmət diləyən, narahat ruhuma dua oxuyan hər kəs üçün məni…Diqqətlə başdaşına baxanda orda  hər kəs öz kölgəsini görəcəkdi, mənim yerimə… Yəqin ki, mənim yerimə qoycaydı özünü…Necə öldüyümü düşünəcəkdi…Həqiqəti, hər şeyi olduğu kimi bilən olacaqdımı bəs görəsən? Necə qorxduğumu, necə üşüdüyümü, ölümü necə gördüyümü və neçə son nəfəsimi verdiyimi bu balaca canımla, bu körpə vücudumla, bu günahsız cismimlə…

Niyə məni hamı Xocalıdan olan naməlum 5 yaşlı qız kimi xatırlamalıdı ki? Axı mənim də bir nağılım vardı…Biri vardı, biri yoxdu ilə başlayan…Amma sonunda qırmızı almalar düşmədi göydən….Qırmızı qanlar axdı bəmbəyaz qarın üstünə… Nə qısa…amma nə uzun nağıldı bu…Danışsam, dinləyərsinizmi?

Sadəcə dinləməkmi?! Daha çoxunu etmək istərdik səninçün, balaca! Kaş ki,  edə bilsəydik! Kaş ki, unutqan olmasaydıq… Kaş ki, sənə doğru gizlicə uzanan əlləri hələ lap əvvəldən qıra bilsəydik!  Kaş ki…

Mən də bir ailənin sevinci kimi doğulmuşdum. Sevilərək gəlmişdim bu dünyaya…Gəlişim toy-bayrama çevrilmişdi…Mən də ana südü, ana laylası ilə böyümüşdüm…Və hər gün daha tez böyüməyə çalışmışdım…Amma bilsəydim…

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…

Bizi kim aldatdı görəsən? Kim aldatdı? Kim aldı arzularımızı əlimizdən? Mən ki, məktəbə getmək istəyirdim…Əlində çanta məktəbə gedənlərə həsrətlə baxardım. Yazmaq, oxumaq, anamın rəsmini çəkmək istəyirdim…
Anamın da arzuları vardı yəqin…Mənim təhsil almağım, böyüyüb bir peşəyə sahib olmağım… Bütün gənc qızlar kimi ağ libasda gəlin köçməyim…övlad sahibi olmağım…
Mən vaxtından əvvəl getdim məktəbə, çox az oxudum, həyat məktəbini bitirdim…Az yaşımda, qısa müddətə…Qazandığım peşə şəhidlik oldu! Diplomum da qırmızı! Öz qanımla boyadım onu! Həm gəlinliyim, həm kəfənimsə fevral qarı oldu….Mənim övladım olmadı…Mən özüm bütün Azərbaycanın övladına çevrildim…Adsız övladına…. siması simasızlar, qansızlar tərəfindən parçalanan, adı da, siması da, taleyi də silinən, “XOCALIDAN OLAN 5 YAŞLI NAMƏLUM QIZ” övladına….
O gecə….O qanlı gecə olmasa, mən də sevimli bir gəlin, gənc bir anaydım yəqin bu gün…27 yaşlı, adı və bütün varlığı ilə var olan bir Azərbaycan qızı…Necə görünəcəkdim bilə bilmərəm ki…Tək bildiyim…Sevərdim Vətənimi…Torpağımı…O torpağı ki, mən qanıma qəltan edilərkən, mən  erməni vəhşiləri ilə üzbəüz qorxu və acı içində ölümümü qarşılarkən…məni qucağına aldı…Torpağın üzü soyuq olur-deyirlər. O gecə də torpaq buz kimi idi…Amma buz olmasa bu qədər övladının cəsədini qucaqlarkən tək-tənha…necə dözərdi? Necə göylərə od püskürüb dağılmazdı, parçalanmazdı, sovrulmazdı….Bəs o, sovrulsa, dağılsa, parçalansa, yoxa çıxsa necə olardı? Onda tək mənim, bizim, Xocalıların nağılı sona yetməzdi…Onda bütün Vətənimiz-anamız yox olardı axı…Yaxşı ki…Qurban gedən sadəcə biz-onun övladlarının bir qismi oldu…Amma anamız Azərbaycan hələ var axı…olacaq axı…Tarix bir daha olanları unudub, qanımızı yerdə qoymayacaq axı…Unutmayın, burdakı hər qəbirdə bir ailənin faciəsi, bütövlükdə isə, qanla yazılmış tarix yatır. Həmrəyliyin – Azadlığın tarixi! Bu tarixi yazanların qanının yerdə qalmaması, ruhunun şad olması diləyilə…

Billurə Aslanqızı

 

1 comment

  1. Oxuyub cox qemli notlar ustunde koklenirsen….sanki qefil bir yuxudan oyanib sukur edirsen.Ne gozel Allahim vetenimin bu cur savadli,derin dusunceli Billuresi var.Sizin de soylediyiniz kimi ins-h bu qan yerde qalmayacaq.Allah cox sebrli ve sonsuz edaletlidir.Amma qezebi de cox dehsetlidir.Inaniriq ki bu facieni toredib gunahsiz korpelerin qanini tokenler bu qezebe ducar olacaqlar…

Comments are closed.