Gözəl bir söz var: Padşah bağbana bir bağ qıydı, bağban padşaha bir alma qıymadı. Bu sözün arxasında əslində çox böyük mətləblər durur. Yəni insan sahib olduğu hər şeyi ona verənə nə verə bilir. Hər şey bir imtahan vasitəsidir. Sahib olduğumuz hər şeylə imtahan olunuruq. Allah-Təala kiminə istədiyini verərək imtahana çəkir, kimini də məhrumiyyətlə sınaqdan keçirir.
Sədəqə dediyin şey Allah verdiyindən verməkdir, həm də Allaha sadiq olduğunu isbat edərək verməkdir. Üzümüzdəki təbəssümü də, könlümüzdəki sevgini də, dilimizdəki sözləri də, sərvətimizi, sağlığımızı da verən Allahdır. Biz də bu nemətlərdən sədəqə verərək borcumuzu yerinə yetirməyə çalışırıq. Uca Peyğəmbərimiz (s.ə.s.): “Təbəssüm də sədəqədir” – buyurmayıbmı?!
Sədəqə vermək Allaha borc verməkdir. Allaha borc vermək Allahı xoşnud edə bilmək üçün onun qullarına dəstək verməkdir. Maddi sərvət şəklində verilən sədəqə dünyadakı malını Allahın Axirət bankına qoymaqdır. Əmin olmalısan ki, burda verdiyinin qarşılığını orda qat-qat artığı ilə alacaqsan. Verdiyinə minnət qoymayacaqsan. Çünki qarşılıq Allahdan umulur, bəndədən deyil.
Nəcə düşünürsünüz, insanların bankı olar da, Allah-Təalanın bankı olmazmı?- Var, həm də ən xeyirlisindən, ən güvənlisindən.
Çox görmüşük ki, banklar batır və vətəndaşların milyonlarla sərmayəsi əlindən sovrulub gedir. Allah-Təalanın banklarında isə bir misqalınız, bir quruşunuz da zay olmaz. Dünya bankları sərmayənizin faizini verirlər, Allah-Təalanın bankları isə sərmayənizi on qat, yüz qat, min qat artıraraq sizə geri qaytarır.
Dünya banklarına qoyduğunuz sərmayənizdən bu dünyada istifadə edə bilərsiniz, Allah-Təalanın banklarına qoyduğunuz sərmayənin xeyrini isə həm bu dünyada, həm də heç bir bankın uzana bilmədiyi axirət dünyasında görə bilərsiniz. Siz Allah-Zül Cəlal Həzrətlərinin əmanət olaraq sizə verdiklərindən Onun əmanət bankına da pay ayırsanız, malın-mülkün gerçək Sahibi bu dünyada sizin sərvətinizin bərəkətini artırar, üstəlik də könlünüzə elə xoş duyğular bəxş edər ki, onun həyatınıza verdiyi dadı, ləzzəti heç bir dünya malı əvəz edə bilməz. Hələ bunlar nədir ki, bütün sərmayənin, hər cür imkanların əldən çıxdığı, dostların, qardaşların, valideynlərin, övladların.., hər kəsin can həşrində olacağı bir yer var ki, orada Allah-Təalanın banklarına qoyduğunuz sərmayədən başqa əlinizə bir şey keçməyəcək. Əgər orada əliboş qalsanız, “kaş ki, kaş ki…”, deyib qovrulacaqsınız, bir şey qoymuş olsanız da, “kaş ki, daha çox qoymuş olaydım,”- deyəcəksiniz.
Uzun bir ömür verib Allah-Təala bir qullarına və onu da bildirib ki, hər günümüzün 24 saatından 1-ini Ona ibadətlə keçirsək, bizə əbədi səadət bəxş edər, bütün həyatımızı ibadət qəbul edər. Gözümüzə nur, qolumuza güc, ayağımıza təpər verib, övlad verib, sərvət verib… O qədər şeylər verib ki, hansını sayaq? Verdiklərini necə sərf etməyin yollarını da göstərib. Təbəssümün sədəqə olduğunu bildirən Allah Rəsulu (s.ə.s.) nə qədər xeyir qapılarının üzümüzə taybatay açıq olduğunu göstərməyibmi? Allah-Təala (c.c.) Qurani-Kərimdə “Mallarınızı zəkat verərək bərəkətləndirin” -buyurmayıbmı? Buyurulmayıbmı ki, Allah rizasını qazanmaq üçün atılan hər addımın, alınan hər nəfəsin belə mükafatı var?- Əlbəttə buyurulub və Əlhəmdülillah ki, bizlər bu həqiqətə inanmış, təslim olmuş qullardanıq.
Biz demək istədiyimizi dedik, bütün bankların qapısı açıqdır, buyurun seçiminizi edin.
Mənbə: www.zaman.az
Allah sizden razi olsun ey yazanlar ve yazilanlari dogma saytimizda isiqlandiranlar.Allah her birimizi sadiq qullarindan eylesin.Komek edek ki komek isteye bilek.
Bir gozel deyim var mence bu movzuya da uygundur.”Mini anlamayan biri de anlamaz”
Comments are closed.