Tarixi abidələrimizi yaşatmalı, etnoqrafiyamızı, arxeologiyamızı inkişaf etdirməli və onları tarixi yaddaş olaraq kitablara köçürməliyik!
“Hər bir alim, jurnalist bütünlükdə “qələmçalanlar” öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu, çətindir, lakin faydalıdır. Çünki bir həqiqətdir ki, tarixçilər ümumi tarix yazırlar və hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakinləri qədər dəqiq bilməzlər…”. Ziya Bünyadov
Şirvan xanlığının Xançobanı mahalının tərkibində olmuş, indiki Zərdab rayonunun ərazisində yerləşən keçmiş Lələ Əhmədli obasının yurd yerləri, onun ətrafında yerləşən yer-yurd adları, “Ağtəpə” məzarlığı ilə bağlı açıqlama
Əgər biz qədim Şirvan tarixi ərazisinə daxil olan indiki Zərdab rayonunun, onun yaşayış məntəqələrinin tarixini geniş şəkildə bilmək istəyiriksə, ilk növbədə dahi Həsən bəy Zərdabi yaradıcılığına istinad etməliyik.
Olduqca maraqlıdır ki, Azərbaycanda tarixi vilayət olan, mənbələrdə ölkə adlandırılan Şirvan əvvəllər Kür çayı ilə indiki Şabran rayonunun ərazisində olan Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazini əhatə etmişdir.
Orta əsrlərdə Şirvan ərazisində eyniadlı Şirvan şəhəri də mövcud olmuşdur. Müxtəlif təbii coğrafi şəraitə malik olan Şirvanın ərazisi dağlıq, düzən və yaylaqlardan ibarətdir. Buradan Göyçay, Girdiman, Ağsu, Kür, Türyançay, Qarasu və s. çaylar axır.
Bəli, zəngin flora və faunası olan Şirvan bölgəsinin qışlaq və yaylaqlarla bolluğu qədim zamanlardan tərəkəməçiliklə məşğul olan Quşçu tayfasının Lələhmədli elinin Şirvan ərazisində məskunlaşmasına şərait yaratmışdır.
Lələhmədlilərin tarixi yurd yeri olan Şirvan vilayəti əsrlər boyu Azərbaycanın iqtisadi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatında böyük əhəmiyyətə, o cümlədən əkinçilik və heyvandarlıq üçün əlverişli mühitə malik olmuşdur. Vilayət öz adını Şirvan adlı böyük bir şəhərin adından almışdır. Şirvan vilayəti əkinçilik və heyvandarlıq üçün əlverişli iqtisadi mühitə malik olmuşdur. Təbii coğrafi şəraitinə görə Şirvan şimal və cənub ölkələri arasında mühüm keçid əhəmiyyətinə malik idi. Şirvan ərazisinin bir tərəfdən karvan ticarət yolları üzərində olması, digər tərəfdən hərbi-strateji əhəmiyyəti və təbii zənginliyi onun mövqeyini daha da yüksəltmişdir. Hələ çar Rusiyası dövründə Şamaxı mühüm ticarət və mədəniyyət mərkəzi olan zaman indiki Lələhmədli kəndləri Şamaxı yolunun üstündə idi. Rusiyadan, Qarabağdan, İrəvan xanlığından, Borçalıdan gələn tacirlər bu yol ilə Şamaxıya gedirdilər. Lap qədim zamanlardan Dəli Quşçu (keçmiş Lələhmədli) kəndi ərazisindən keçən yol Lələhmədlilərin yaşlı nəslinin və bugünkü nəslin yaddaşında “Şah yolu” kimi qalmaqdadır.
Şirvanın sərhəddi ayrı-ayrı dövrlərdə müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq dəyişmişdir. Məzyədilər sülaləsinin hakimiyyəti dövləti dövründə Şirvan ölkəsinin sərhəddi cənubdan Kür çayı, şərqdən Xəzər dənizi, şimaldan Dərbənd və yaxud da Samur çayı, qərbdən Göyçay və bəzən də Şəkiyə qədər uzanmışdır. Bərdə Şirvana tabe olmuş, Beyləqan isə Şirvan torpaqları tərkibində olmuşdur. Bununla Şirvan sərhədləri Araz çayına qədər uzanmışdır.
Şirvanda IX yüzillikdə hakimiyyətə gəlmiş Məzyədilər sülaləsi Abbasilər xilafətinin hakimiyyəti altında olanda bu ərazidə vali olmuş, Xilafət zəiflədikdən sonra isə müstəqilləşmiş və özlərini Şirvanşah elan etmişlər. XI yüzilliyin birinci yarısında Şirvanda Məzyədilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdur.
Şirvan ərazisində yaşayan qədim Lələhmədli tayfası maldarlıqla, əsasən qoyunçuluqla məşğul olmuşdur. Onlar Şirvanın düzən, aran zonasında yarımköçəri, oturaq maldarlıqla (qoyunçuluq) yanaşı, taxılçılıq, pambıqçılıqla da məşğul olmuşlar.
Bu gün Lələhmədlilərin qanına, canına hopmuş əməksevərlik, torpağa bağlılıq bir növ onlara babalarından miras qalmışdır.
Səfəvilər dövründə əsas torpaq mülkiyyət forması divan (dövlət) və xassə (hökmdar) torpaqları idi. Sonralar Səfəvilərin yürütdüyü mərkəzləşdirmə siyasəti ilə əlaqədar divani torpaqları hesabına şərti torpaq mülkiyyəti forması tiyul geniş yayıldı.
Tayfanın hansı səbəbdən Lələhmədli adlanması barədə söz açmaq istərdik. Ümumiyyətlə, türksoylu bir el, oba kimi lələhmədlilər ağsaqqallarına “Lələ” deyə müraciət etmişlər. Bunu biz Lələ Əhməd tayfasının ağsaqqalı Əhməd kişiyə Lələ Əhməd, ümumiyyətlə böyüyə “lələ” deyə müraciət edilməsi faktından aydın görürük.
Bir çox müəlliflərin kitablarında Lələ Əhməd şəxsiyyətindən söhbət açılmış və onun Şah İsmayıl Xətaiyə yaxın şəxsiyyətlərdən biri olduğu göstərilmişdir.
Mənbələrdən bizə məlumdur ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Zərdaba-“Qoyun ülumu”na (bu, Zərdabın keçmiş adı olmuşdur) gəlmiş, buradan Qəbələyə, sonra isə Şamaxıya yürüş etmişdir.
Bu həmin keçiddir ki, qoşun buradan Kürü keçərək “Şah yolu” boyunca yerləşən qədim Lələhmədli torpağından, onun “Ağtəpə” ərazisindən Qəbələyə və eyni zamanda Şamaxıya hərəkət etmişdir.
Azərbaycan tarixinin yer altında, yer üstündə bu günədək açılmamış qalan çoxlu sayda sirli “xəzinə”ləri vardır. Onlardan bir qismi Zərdab rayonunun Dəli Quşçu kəndindəki (keçmiş Lələ Əhmədli kəndi) “Ağtəpə” məzarlığı, onun ətrafında olan yer, yurd adları, keçmiş və bu günkü yaşayış məskənləri ilə bağlıdır. Olsun ki o dövrdə hərbi, strateji əhəmiyyət kəsb edən “Ağtəpə” ərazisində qanlı toqquşma baş vermiş və kütləvi qırğın nəticəsində “Ağtəpə” məzarlığı yaranmışdır.
Zərdabın keçmiş adı olan “Qoyun ülumu”- qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir. Həmin yer qədim dövrlərdən bəri qoyunçuluq təsərrüfatı ilə məşğul olan, Zərdab kəndi ilə qonşu torpaq istifadəçisi olmuş Lələhmədlilərlə də bağlı olmuşdur.
Lələhmədlilər, həmin yerdən (ərazidən) xüsusilə yaylaq mövsümündə istifadə edər, qoyun sürülərini həmin yerdən keçirərək Qarabağ ərazisində yerləşən yay otlaq sahələrinə qaldırar, həmçinin Kür çayından su mənbəyi kimi, Kür çayı boyunca yerləşən tuqay meşələrindən kölgəlik, düşərgə yeri kimi istifadə edərdilər.
Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, “Yevlax” adlanan yerdə dayandı… Zülhiccinin 11-də “Qoyun ülumu” keçidinin yanından Kürü keçdi…”
Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin tarixi çox qədimlərə söykənir. Lələhmədli sülaləsi qədim Quşçu tayfasından olmaqla, indiki Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüseynxanlı kəndlərinin yerləşdiyi ərazilərdə məskunlaşmışdır.
Lələhmədli elinin nümayəndələrinin dəfn olunduğu indiki Dəli Quşçu kənd qəbiristanlığının 500 illik tarixi vardır. Deyilənə görə, bu 500 illik tarixdən qabaq Lələhmədlilərin qəbiristanlığı “Çalı Piri” deyilən ərazidə mövcud olmuşdur.
Tanınmış tətqiqatçı-jurnalist Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabını bir neçə dəfə diqqətlə oxumuşam və doğrudan da müəllif bu kitabı dilçilik, arxeologiya, etnoqrafiya, coğrafiya, etimologiya, jurnalistika və sair elmlərin qovşağında qələmə almış, ulu dastanımız “Kitabi-Dədə Qorqud”dakı bəzi sözlərin mənasını, söz açımını şərh etmişdir.
O cümlədən müəllif Zərdabda qədim kəndlərin olduğunu qeyd edərək yazır: “Dəkkəoba, Dəli Quşçu, Bəyimli, Otmanoba, Çallı, Şəftaxal, Qaravəlli, Əlvənd, Zərdab … Əgər arxeoloji axtarışlar aparılsa, söz yox ki, bu qədim yaşayış məskənlərimizdən də xeyli inandırıcı maddi mədəniyyət nümunələri aşkara çıxa bilər. Biz arxeoloqlar heç də belə bir işə sövq etmirik. Bizim tarixi dəlillərimiz, “maddi” nümunələrimiz də elə sözdür, addır. Bu etimologiya da “sözün arxeologiyası”dır. Onunla da hesablaşmamaq mümkün deyil”.
Tədqiqatçı kitabda Lələhmədli elinin keçmiş Lələ Əhmədli (indiki Dəli Quşçu) və Məscidli oba (indiki Dəkkəoba) kəndlərinin adları ilə bağlı aşağıda göstərilən fərziyyələrə aydınlıq gətirmişdir:
“ Guya bir dəli var imiş, quş saxlayırmış, Ona görə də o, yaşadığı kəndə “Dəli Quşçu” deyiblər. Bir də guya bir şah olub, buradan keçəndə qızıl quşunu verib ki, mən səfərdən qayıdınca bu quşu saxlayın. Bunlar da şah quşu olduğuna görə bu quşa yağ yedizdirirlər və quş da bundan dəli olur. Şah da bu kəndin adını qoyur “Dəli Quşçu”.
“ Bu yozumların heç biri inandırıcı deyil. “Dəli” sözü əslində ağıllı, mərd, igid, düşmənlə barışmayan, öz haqqını tələb edən və qoruyan məzmunundandır. Necə ki Məcnun zəmanəsindəki adamların hamısından ağıllı olduğu üçün onu anlamayanlar tərəfindən “dəli” ləqəbini almışdı. Dədə Qorqudun və Koroğlunun “dəliləri” də “igidləri” məzmununda deyilib. Dəli Quşçu-İgid Quşçudur. Həm də burada quşdan söhbət getmir. Quş-qus-hus-kas-aks-/-yks/-oğuz-bütöv od/insan məzmunlu ulu kökə bağlıdır. Başqa ərazilərdəki Quşçu, Quzanlı (Ağdamda), Hüsülü (Ağcabədidə), Hüsənli, Həsənli (əlbəttə, şəxs adlarını nəzərə almadan) yenə də həmin kökə bağlıdır. Tarixdən bəlli Qusan/ Quşan ölkə, tayfa adları da ulu inamla bağlı yaranmışdır. Bir də mənim fikrimcə, Quşçu-həmin ulu koddan yaranmış türkdilli qəbilə adı olub. Bu mənada Dəli Quşçu İgid Quşçu qəbiləsindən olanlar məzmunundandır”.
Tədqiqatçı indiki Dəkkəoba kəndinin (keçmiş Məscidli oba) adı ilə bağlı isə belə yazır: “ Burada “oba” məlum, özü də türk sözü, “dəkkə” isə dək/dak- daq/deh-dek/dekabr, dekada, deka-meron/, dək/dəg-dəhnə, dəyirman-dəgirman-dib, başlanğıc məzmununda/, dekabr-qədimdə onuncu ay məzmunu daşıyıb, necə ki, dekada, ongünlük deməkdir. Dəkkə oba da Onuncu obadır. Gördüyümüz kimi burada müxtəlif dillərə aid sözlər var. Lakin türk dilinin və doğma “dağ”-uca, hündürlük, böyüklük və bundan əvvəl çarpaz dağlamaq, yanıb qovrulmaq, ürəyinə dağ çəkmək məzmunlu sözü də var. Hər halda ulu kod unudulmamalıdır”.
Burada bir haşiyə çıxaraq qeyd edim ki, tədqiqatçı qədim kəndlərin adları ilə bağlı göstərdiyi fərziyyələrə aydınlıq gətirməmişdən öncə həmin yaşayış məntəqələrinin rəsmi mənbələrə istinadən 100 il bundan öncə necə adlandığına da diqqət yetirmiş olsaydı daha məqsədəuyğun olardı. Əjdər müəllim yer adları ilə bağlı xəritə sənədlərini araşdırmış olsaydı, Lələhmədli məskənləri içərisində o zaman Lələ Əhmədli adlı kənd yaşayış məntəqəsinin mövcud olduğunun, digər hazırkı Lələhmədli kəndlərinin yerinin isə, kənd yaşayış məntəqəsi kimi deyil, binə, yurd, yataq, qazma, qışlaq (düşərgə) kimi əks olunduğunun şahidi olardı.
Deməliyəm ki, Dəkkəoba (Məscidli oba) kəndi Lələ Əhmədin özü ilə bağlı olan yaşayış məntəqəsi olaraq təsərrüfatın kiçikliyinə, camaatın (əhalinin) sayına görə dəngə-(dəkkə), sonradan Məscidli oba, Dəkkəoba kimi adlanan yaşayış məntəqəsinə çevrilmişdir.
Lələ Əhmədin Vəli xan, Nəcəf Alı, Xan Məmməd, Hüseyn xan, Hacı, Qara Vəli adlı övladlarının (oğullarının) özləri Lələ Əhmədin adını əbədiləşdirmişlər. Və onların hər biri atalarının yaşadığı Lələ Əhmədli (indiki Dəli Quşçu) kəndində dünyaya gəlmişlər. Lələ Əhmədin 6 oğlunun hər birini ayrı-ayrılıqda indiki Zərdab rayonunun ərazisində, Kür və Türyançayın bir qolu olan Qarasu çayı ətrafında, düzən-küdrü (örüş-otlaq) yerlərində binə salıb, yurdçu etməsi, məskunlaşdırması, istifadələrinə ayırdığı torpaqlara və icmaya onları vali təyin etməsi onun uzaqgörən qəbilə başçısı olmasından xəbər verir.
Lələ Əhmədli kəndi xanlıqlar dövründən 1920-ci ilədək öz banisinin adını daşımışdır. Lələ Əhmədə və onun oğlanlarına məxsus olmuş torpaqlar, ümumilikdə indiki Zərdab rayonunun ərazisində yerləşən torpaqlar tam toxunulmaz olaraq bəy və xan torpaqları kimi Quşçu tayfasının (Lələhmədli elinin) və bir neçə digər tayfanın istifadəsində olan torpaqlar-mülk yerləri olmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekreti ilə xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqları, vəqf yerləri müsadirə edilərək, milliləşdirilib kəndlilərin istifadəsinə verilmişdir. Bu zaman yerlərdə böyük mülk, torpaq, var-dövlət sahiblərinin adını daşıyan bir sıra kənd yaşayış məntəqələrinin, o cümlədən Lələ Əhmədin adı ilə əbədiləşən Lələ Əhmədli kəndinin də adı dəyişdirilmişdir.
Qeyd edim ki, qədim türk tayfalarından biri Quşçu tayfası olmuşdur. Bu adda Şamaxıda, Tovuzda, Şabranda, Borçalıda və sair yerlərdə kəndlər vardır. İndiki Zərdab rayonu ərazisində tərəkəməçiliklə, əkinçiliklə məşğul olan Lələhmədli elinin qədim Quşçu tayfasına mənsub olması, Dəli Quşçu kəndinin adından da məlum olur.
Zaman kəsiyində, Quşçu tayfası daxilində Lələ adını almış dövrün Əhməd adlı qəbilə başçısı, mülk, var-dövlət sahibi, el ağsaqqalı yetişir. İstifadəsində böyük torpaq sahələri, mülk yerləri olan və tayfadaxili qohumluq əlaqələrini genişləndirən Lələ Əhməd 6 oğlunun hər birini ayrı-ayrılıqda torpaq sahələrinə vali təyin edir və onların hər biri ayrıca olaraq heyvandarlıq və əkinçilik təsərrüfatı ilə məşğul olurlar.
Beləliklə, Lələ Əhməd obasının tayfadaxili qohumluq əlaqələri genişlənir. Bu nəsil artıq “Lələhmədli tayfası” adı ilə tarixə düşür. Özünün binə olduğu yer Lələ Əhmədli adını alır və 1920-ci ilədək öz adını daşımış olur.
Tarixi yaddaşlarda, alın qırışlarında bir elin, obanın tarixini yaşadan Lələhmədli övladları olan ata və analarımızın, nənə və babalarımızın Quşçu tayfasının “Dəli Quşçu” adlandırılması ilə bağlı söylədiklərində hardasa bir məntiq vardır.
Bununla əlaqədar ulularımızın söylədikləri yaddaşlarımızda belə həkk olunmuşdur: “Lələhmədli obasının mənsub olduğu Quşçu tayfasının binə olduğu, düşərgə saldığı ərazidən keçən “Şah yolu” ilə səfərə gedib-gələn şah sevimli “qızılquş”unu da özü ilə aparıb-gətirirmiş.
Səfər zamanı şah Quşçu tayfasının ərazisində karvan yolunun üstündə qəbilə başçısının “aman evi”ndə qonaq olur. Burada şahın quşuna da xüsusi xidmət göstərilir. Ona süd, qatıq, yağ, pendir-ağartı yedizdirilir. Bu xidməti seyr edən şah, səfərdən qayıdanadək “qızılquş”unun burada saxlanılmasını tayfa başçısına tapşırır. Şah səfərdə olarkən onun “qızılquş”una nə qədər qulluq göstərilsə də o, yağdan savayı heç bir şey yemir. Sahibindən-şahdan ayrı düşən quş bikefləyir və dəli olur.
Şah səfərdən qayıdarkən Quşçu tayfasının başçısı ona təzim edir və deyir; şahsağ olsun, Sizin “qızılquş”a nə qədər qulluq göstərilsə də, ona verilən qidalardan yalnız yağla qidalanmışdır. Sahibi-şahdan ayrı düşən “qızılquş” bikefləmiş, elə bil ki, dəli olmuşdur. Bəlkə Sizi görüb özünə gələ. Cavabında şah deyir, siz Quşçu deyilsiniz! Dəli Quşçusunuz!”
Buradan da qədim Türk-Oğuz elinin, Şirvan diyarının Kür çayı ətrafı ərazisində yaşayan Quşçu tayfası “Dəli Quşçu” adlanmağa başlayır. Yuxarıda qeyd olunduğu kimi tarixdən bizə məlumdur ki, 1920-ci ilədək Dəli Quşçu heç bir sənəddə yer, yurd, kənd yaşayış məntəqəsi kimi əks olunmamışdır. İndiki Dəli Quşçu kəndi plan və xəritə sənədlərində, yazılı rəsmi arxiv materiallarında həmin tarixədək Lələ Əhmədli adlanmışdır.
Hesab edirik ki, 500 ili əhatə edən bir dövr ərzində yaşayış məntəqəsi kimi Lələ Əhməd şəxsiyyətinin adı ilə əbədiləşən Lələ Əhmədli kəndinin adı özünə qaytarılmalıdır!
Əlbəttə, bu, hər bir Lələ Əhmədli nəslinin nümayəndəsinin arzu və istəyidir.
Axı qeyd etdiyim kimi, indiki Dəli Quşçu kəndi Lələ Əhmədin adı ilə bağlı olmaqla Lələ Əhmədli, Dəkkəoba kəndi isə Məscidli oba yaşayış məntəqəsi kimi mövcud olmuşdur.
Türk xalqlarının ədəbi abidəsi kimi Oğuzun əfsanəvi tarixini bir çox alimlər qələmə almışlar. Mənzum “Oğuznamə”lər daha çox araşdırılmışdır.
Keçmiş tarixi mənbələrdən aydın olur ki, Oğuzlar danışıq tərzində “el” kəlməsini işlətmişlər. Oğuz elini meydana gətirən təşəkküllərdən birinə boy deyilir ki, Mahmud Kaşğari bu sözün oğuzca olduğunu bildirmişdir. Eyni zamanda Kaşğariyə görə boyların özü obalara ayrılır.
Təsadüfi deyildir ki, Lələhmədli eli, obası sözü bu gün də bu sülalə arasında daima işlədilən termindir. Qeyd edək ki, ailədən obalar, obalardan boylar, boylardan isə Oğuz eli meydana gəlmişdir. Oğuz elində əsl qəbilə birlikləri boylardır.
Sır-Dərya oğuzları XI əsrdə 24 boydan ibarət idi. Bunu yazan Kaşğari eyni zamanda bu boylardan 22-nə aid bir siyahı da tərtib etmişdir. Oğuz boylarına aid bütöv siyahı isə tarixçi Rəşidəddin tərəfindən verilmişdir.
Qeyd olunduğu kimi, Ulu Oğuz elinin qollara-tayfalara ayrılması boy adlandırılır. Eyni zamanda “Kitabi Dədə Qorqud”da hər boyda da Oğuz igidlərindən birinin döyüş macəraları, yağı ilə çarpışması, habelə sevgisi, nəcib insani xüsusiyyətləri gözəl bədii lövhələrlə üzə çıxarılır.
Oğuzlar “Dədə Qorqud”da İç Oğuz və Dış Oğuz adlı iki qoldan ibarətdir. On iki boyun hamısında hər iki tayfanın birliyindən söhbət açılır. Lakin sonradan İç Oğuza Dış Oğuz yağı kəsilir.
Dədə Qorqudun özü Bayat boyundan çıxmışdır.
“Dədə Qorqud”da on iki boyun hər birində bütün əhvalatlar Dədə Qorqudun adı ilə bağlıdır. Boyların məzmunu və quruluşu belədir ki, sonda Dədə gəlib qopuz çalıb oxuyur və xeyir-dua söyləyərək dastanı tamamlayır. Onun xeyir-duası müdrik, uzaqgörən bir el ağsaqqalının, bilici, zövqlü-qopuzlu bir ozanın təmiz, nəcib arzu və istəklərinin ifadəsidir.
Bəli, ulu Oğuz yurdunun Lələhmədli elinin-obasının Dədə Qorqudu hesab edilən, tayfa başçısı, böyük bir el ağsaqqalı olan Lələ Əhmədin özünün sələflərinin dilində söylənilən əhvalatlar, nağıl və rəvayətlər, deyimlər, ifadə tərzləri qədim Azərbaycan torpağında yaşayan oğuzların dilindən gəlir.
Bu günün özündə Lələhmədlilərin ifadə və danışıq tərzlərində, “boy, de görüm sənə nə olub?”, “boy, başıma xeyir”, “boy, binəvanın evi yıxıldı”, “nolub nə boz-boyatı götürmüsən”, “bozlama” (yəni ağlama), “nə sızlayırsan”, “öysüz-eşiksiz qaldıq” və yaxud da yas mərasimlərində ağlaşma zamanı, “mən sənsiz neylərəm oy-boy”, “boy, başıma qaynar qazan ələndi”, alqış edəndə “evin avadan” ifadələri vardır. Görünür, burada boy sözü, ifadəsi insanlara güvənc, dərd-sər yeri olaraq el ağsaqqalı Qorqud Dədəyə sığınmaq, ona müraciət edərək imdad diləmək mənasındadır.
Qədim oğuz-türk tayfaları və onların əcdadı Oğuz xan (Oğuz xaqan) haqqındakı epik rəvayətlər, əsasən, şifahi tərzdə yayılan “Oğuznamə” rəvayətləri orta əsrlərdə yazıya alınmışdır. “Oğuznamə”nin ən qədim versiyalarından biri XIII-XIV əsrlərə (başqa bir ehtimala görə X əsrə) aid karluq-uyğur versiyasıdır (XV əsrə aid əlyazması Paris Milli kitabxanasında saxlanılır).
“Oğuznamə”də Oğuz xanın igidlərindən, onun oğullarından, oğuzların, eləcə də səlcuqların hərbi yürüşlərindən bəhs olunur. Ehtimal etmək olar ki, əsasən tərəkəməçilik həyatı keçirən oğuzların həyat tərzi ilə lələhmədlilərin tərəkəməçilik həyatı bir-birinin eynidir, çünki lələhmədlilər də türk-oğuz elindən olmuşlar.
“Dədə Qorqud” kitabında göstərildiyi kimi, ta qədim zamanlardan Oğuz eli yığcam yaşamışdır. Tayfaların çoxluğu onları bir-birindən ayrı salmaz, qohumun qohuma, nəslin nəslə, tayfanın tayfaya, bütünlükdə obanın obaya, elin elə sığınmağı, xeyirdə-şərdə çiyin-çiyinə durmağı bütün Oğuz elinin birliyini təşkil etmişdir.
Lələhmədlilərin dədə-babaları, əcdadları tarixən Şirvanşahlar ölkəsində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazi vahidlərinin daxilində yaşamışlar.
Tarixi mənbələrdən, arxiv sənədlərindən bizə məlumdur ki, hələ xanlıqlar dövründə qonşu xanlıqlar arasında ərazi toqquşmaları ənənəvi hal almışdı. Şamaxı xanları Şamaxı xanlığı ərazisinə daxil olmuş bir çox mahallarla yanaşı, indiki Zərdab rayonunun ərazisində yerləşən mahalları ələ keçirmək istəyən qonşu Quba, Şəki, Qarabağ, Lənkəran xanları ilə mübarizə aparmalı olmuşlar.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli nömrəsində yazırdı: “Zərdab, 26 oktyabr 1882-ci il.” 600 evi özündə birləşdirən Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (53.5 km-E.H.) uzanır ki, keçmiş zamanlarda (Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq) Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər. Rusların gəlişi vaxtı Zərdab Şirvan xanlığının tərkibinə daxil idi və bundan çox sonra, 1850-ci illərə qədər o, bölünməyən bir tam idi”.
Mövzu ilə bağlı Şamaxı xanlığının yaranması, xanlıqda müəyyən zaman kəsiyində baş vermiş tarixi hadisələr, onu idarə edən hakimlər, idarəçilik sistemi barədə məlumat verməklə yaddaşımızı bir qədər təzələmək yerinə düşərdi.
Mənbələrdə bildirilir ki, Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmməd Əlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şirvanda müstəqil xanlıq yaranır.
Belə ki, 1747-ci il mayın 9-da Nadir şah öldürüldü. Onun ölümündən sonra yerlərdə müstəqil xanlılar meydana gəldi. Bu xanlıqlardan biri Şamaxı xanlığı idi. Şamaxı xanlığında 1747-1763-cü illər ərzində ikihakimiyyətlilik hökm sürmüşdür. Şamaxıda hakimiyyət başında Xançobanı tayfasından Əsgər bəyin oğulları Məhəmməd Səid xan və Ağası xan olmuşdur. Ağsuda isə Nadir şahın Şirvanda vergi toplayanı təyin olunmuş Hacı Məhəmməd Əli xan hakimiyyəti ələ keçirmişdi. Xançobanı tayfasından çıxan Məhəmməd Səid xan və Ağası xan qardaşları, Əsgər xan, Qasım xan Məhəmməd Səid xan oğlu və Mustafa xan Ağası xan oğlu ayrı-ayrı vaxtlarda Şamaxı hakimi olmuşlar.
Tarixdən bizə məlumdur ki, Hacı Məhəmməd Əli xan Zəməvai 1748-1765-ci illərdə, Məmməd Səid xan Xançobanlı 1748-1786-cı, Ağası xan Xançobanlı 1765-1768-ci, Fətəli xan Qubalı 1768-1769-cu, Abdulla bəy 1769-1770-ci (1770-ci ildən Bakı xanlığı), Eldar bəy 1770-1773-cü, Fətəli xan Qubalı 1773-1786-cı (təkrar), Ağası xan Xançobanlı 1778-1786-cı (təkrar), Əsgər xan Xançobanlı 1786-1789-cu, Qasım xan Xançobanlı 1789-1792-ci, Mustafa xan Xançobanlı 1792-1820-ci illərdə Şamaxı hakimi olmuşlar.
V.H.Əliyev, F.S.Xəlilov “Ağsunun tarixi səhifələri” ( Bakı, “Adiloğlu” nəşriyyatı, 2001, 94 səh.) adlı kitabında yazır: “Belə şəraitdə 1755-ci ildə Şəki xanı Hacı Çələbi Ağsunu mühasirə etdi. Hacı Məhəmməd Əli xan Qubalı Hüseyn Əli xanın yanına kömək üçün qaçdı. Qubadan 3000 atlı Hüseyn Əli xanın, 500 atlı Qaytaq usmisi Həmzənin olmaqla böyük qoşunla qayıtdı. Ağsu ətrafında döyüşdə Hacı Çələbi xan ağır itki verərək geri çəkildi. Hacı Məhəmməd Əli xanın Ağsu şəhər qapısının açarlarını təqdim etməsinə baxmayaraq Hüseyn Əli xan onları qəbul etmədi. Üç günlük ziyafətdən sonra o öz xanlığına qayıtdı. 1762-ci ildə Zaqafqaziyanı bürüyən güclü taun xəstəliyindən Ağsu əhalisi çox ziyan çəkdi. 1763-cü ildə Ağsu və Şamaxı vahid xanlıqda birləşdi. (Bu hadisəni A.A.Bakıxanov 1765-ci ilə aid edir). Məhəmməd Səid xan və Ağası xan Ağsunu ələ keçirib, Hacı Məhəmməd Əli xanı öldürdülər.
Paytaxt Ağsudan Şamaxıya köçürüldü. 1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xan ilə birləşdi. Müttəfiqlər iki tərəfdən Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan və Ağası xan müqavimət göstərə bilmədilər. Hüseyn xan Ağası xanın gözlərini çıxartdırdı. Fətəli xan isə Məhəmməd Səid xanı Dərbəndə göndərdi. Paytaxt yenidən Ağsuya köçürüldü. Hər iki xan şəhərə öz naibini təyin etdi. Şirvanın Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissəsi isə Quba xanlığına birləşdirildi.
1768-ci il avqust ayında Şəki xanının köməyinə arxalanan Hacı Məhəmməd Əli xanın oğlu Manaf bəy Fətəli xana qarşı sui-qəsd təşkil etdi. Qəsdin üstü açıldıqda Fətəli xan Şirvan üzərinə qoşun yeritdi. Şamaxı və Ağsu şəhərləri tutuldu. O, sentyabrda Hüseyn xanın qoşununu məğlub etdi. Şəki xanının Ağsudakı vergi yığanlarını qovdu. Quba xanı Fətəli xan tərəfindən 1769-cu il iyul ayında Ağsu şəhəri dağıdıldı və əhalisi Şamaxıya köçürüldü.
1774-cü ildə Məhəmməd Səid xan azad olundu. Əvvəllərdə olduğu kimi o, Ağsu şəhərini, Ağası xan isə vilayətləri idarə etməyə başladı. Lakin Ağası xan ilə Fətəli xanın münasibətləri daima düşmənçilik xarakteri daşıdığından 1785-ci ildə Şirvanda növbəti döyüş oldu. Ağası xan məğlub olub, oğlanları ilə birgə Qubaya göndərildi. 1787-ci ildə qardaşının vəziyyətinin gec-tez onu da haqlayacağını başa düşən Məhəmməd Səid xan gizli olaraq Fətəli xan ilə döyüşə hazırlaşırdı. Fətəli xan bu haqda xəbər tutanda Məhəmməd Səid xan Şəkiyə qaçdı. Lakin Şəki xanı onu və oğlanlarını Fətəli xana verməyə məcbur oldu.
Sərkər ailəsinin kütləvi həbs olunması Məhəmməd Səid xanın oğlanları Əsgər bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəyin Qarabağa qaçmasına səbəb oldu. Lakin Şəki xanının əmri ilə onlar Ərəşdə həbs olundular. Buna baxmayaraq, Şəki xanının Fətəli xana göndərdiyi elçilər yolda Sərkər ailəsini azad etdilər. Xan oğlanları Cara, oradan Avar xanı Umma xanın yanına getdilər. Umma xan Ağsuda olan Fətəli xanın üzərinə hərəkət etdi. Şəhəri üç ay mühasirədə saxladı. Umma xan Fətəli xanla qan düşməni olmasına baxmayaraq razılığa gəldi, qohum oldu və Avar xanlığına qayıtdı. Xan oğulları isə Qarabağa, oradan Axalkalaka, sonra isə Türkiyəyə getdilər. 1788-ci ildə Fətəli xanın əmri ilə Salyanda saxlanılan Məhəmməd Səid xan və oğlanları, Bakıda saxlanan Ağası xan və oğlanları, həmçinin Qubada saxlanan Məhəmməd Rəzi bəy öldürüldü. Sərkər ailəsinin kütləvi məhv edilməsinə başlanıldı.
1789-cu ildə Fətəli xan da öldü. Onun oğlu Əhməd xan Şəki xanı Məhəmməd Həsən xanın, Əsgər bəyin, Qasım bəyin, Mustafa bəyin və Manaf bəyin birləşmiş qüvvələrinin Şirvana girməsinə mane ola bilmədi. Sərkər ailəsi vilayətləri, Manaf bəy isə Ağsu şəhərini idarə etməyə başladılar. Lakin tezliklə Sərkər ailəsi Ağsu şəhərini tutub Manaf xanı öldürdülər. Əsgər bəy Şirvan xanı oldu.
Manaf xanın öldürülməsi Quba və Şəki xanlarını Əsgər xana qarşı birləşdirdi. Onlar Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər. Lakin Əsgər xan ləzgilərə 5000 tümən göndərib, onların mühasirədən imtina etməsinə nail oldu. Müttəfiq xanlar mühasirədən əl çəkdilər.
Şirvanlılara görə Əsgər xan zəif hökmdar idi. Onun yerinə qardaşı Qasım bəyi oturtdular. Lakin Qasım xan da onların ümidini doğrultmadı. Qasım xanın Əlvənddə olan Mustafa bəy üzərinə yürüşü və məğlub olması Şirvanda siyasi vəziyyətə əsaslı təsir etdi.
1792-ci ildə Hövzü Yüzbaşı bəy və Sərdərinli Ömər Sultanın başçılıq etdiyi feodal qrupu Mustafa bəyi hakimiyyətə gətirdilər (1792-ci ildə Şirvan əyanları Hovuz mahalının naibi Yüzbaşı bəy və Sərdərin mahalının naibi Ömər Sultanın təklifi ilə Mustafa bəyi Əlvənddən Ağsuya dəvət etdilər-E.H.). Mustafa xan Şirvan xanı oldu. Qasım xan tərəfdarları ilə Qəbələyə, oradan Quba xanlığına getdi.
1794-cü ildə Qasım xanla birləşən Quba və Şəki xanları Ağsu şəhərini bir neçə ay ərzində mühasirədə saxladılar. Leysan yağışının yağmasından istifadə edən Sərdərinli Ömər Sultan onların qüvvəsinə gözlənilməz zərbə endirdi. Məğlub olmuş xanlar geri qayıtdılar.
1795-ci ildə Ağa Məhəmməd xan Qacar Azərbaycana yürüş etdi. O, Mustafa xan Dəvəlini Şirvan üzərinə göndərdi. Şəki xanı da onlara qoşuldu. Şirvan xanı Mustafa xan Ağsu şəhərinin əhalisinin əsasən Xançobanı nəslindən olanlarını özü ilə Fit dağına apardı. Ağsu şəhərinin qalan əhalisi Quba və başqa əyalətlərə qaçdı. Şəhər dağıldı, qarət olundu. Sərdar Mustafa xan Dəvəli şəhərdən qaça bilməyənləri məhv etdi. Beləliklə, Nadir şahın əsasını qoyduğu Ağsu şəhəri Ağa Məhəmməd Şah Qacar tərəfindən demək olar ki, süquta uğradıldı.
1798-ci ildə Şirvanı yenidən güclü taun xəstəliyi bürüdü və ən çox ziyan Ağsu əhalisinə dəydi.
1806-cı ildə Şahzadə Abbas Mirzə Şirvana gəldi. Mustafa xanın Kür sahilindəki dəstəsini məğlub edib Şariyan, Muradxanlı tayfalarını (6000 ailə) Muğana köçürdü. O, Ağsuya gəldikdə Mustafa xan şəhər əhalisi ilə Fit dağına çəkildi və müdafiəyə başladı”.
Şamaxı xanlığının kənd və obalarının daxil olduğu 17 mahalın tərkibində Şamaxı xanı Mustafa xanın hakimiyyəti dövründə (1792-1820) indiki Zərdab rayonunun inzibati ərazisi daxilində, Zərdab şəhəri (keçmiş Zərdab kəndi), Əlvənd, Çallı, Xələc (keçmiş Komsomol Xələci) kəndləri Qarasubasar mahalının tərkibində;
Lələ Əhmədli kəndi və onun bir kökdən, nəsildən olan doğma qolları-Lələhmədli obası (Dəkkəoba, Vəlixanlı, Nəcəfalılı, Qaravəlili, Hacılı, Hüseynxanlı və Xanməmmədli) Xançobanı mahalının tərkibində olmuşdur.
1820-ci ildə Şamaxı xanlığı ləğv edildikdən sonra da, 1821-ci ildən başlayaraq bir müddət, eyni ilə Qarasubasar mahalı indiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı. Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy idi.
Xançobanı mahalı indiki Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir və Zərdab rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı.
Xançobanı mahalının sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Mahalın naibi Məlik Umud idi.
Mahalları xan talağı (fərmanı) ilə təyin olunmuş mahal bəyləri (naiblər) idarə edirdilər. Kəndləri və obaları kovxalar və yüzbaşılar idarə edirdilər. Onları kənd və ya oba icması seçirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, inzibati cəhətdən Şamaxı xanlığı mahallara bölünmüşdü ki, onun da mərkəzi idarə aparatı ilə yanaşı, hər mahalın da öz idarə orqanları var idi. Mahalları bəylərdən təyin olunmuş mahal naibləri idarə edirdilər. Mahal naibləri xanın müəyyən etdiyi vergiləri kənd icmaları arasında bölür, vergi verməkdən boyun qaçıranları vergiləri ödəməyə məcbur edir, lazım gəldikdə kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdular.
Şamaxı xanları Xançobanı mahalından olduğu üçün bu mahalın tərkibində olan obaların əhalisinə vergi təyin etməmişlər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər.
Şamaxı xanlığında divan-dövlət torpaqları, xassə, mülk, tiyul, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud olmuşdur. Həmin dövrdə xanlıqda ən iri torpaq sahibi xan və xan nəslinin nümayəndəsi idilər.
Xan və xan ailəsinə məxsus torpaqlar xas adlanırdı. Xanlıqlar dövründə divan torpaqları ilə xas torpaqları arasında sədd getdikcə aradan qalxmış və hamısı xan torpaqları adlanmışdır.
Şamaxı xanlığında torpaq mülkiyyətinin geniş yayılmış formalarından biri də mülk idi. Mülk xüsusi xidmət müqabilində xan tərəfindən bəylərə və digər şəxslərə verilən mülkiyyət idi.
Şamaxı xanlığında kənd əhalisinin başlıca məşğuliyyəti maldarlıqla yanaşı, əkinçilik olub, kəndlilər əsasən buğda, arpa, çəltik əkirdilər. Bundan əlavə xanlığın iqtisadi həyatında ipəkçilik əsas yer tuturdu. Xanlığın aran torpaqlarında, o cümlədən indiki Zərdab ərazisində ipəkçiliklə-barama istehsalı ilə məşğul olurdular. Mustafa xanın qardaşı İsmayıl bəyin idarə etdiyi Əlvənddə ipək daha çox idi.
Təbii ki xanlığın xeyrinə hər bir məhsul üzrə müxtəlif adda vergilər toplanırdı.
Zərdab, Lələ Əhmədli, Əlvənd və Cavad kəndlərindən keçərək Şamaxıya mal aparan tacirlərdən də xüsusi vergi alınırdı.
Xançobanı mahalının tərkibində mövcud olmuş qədim Lələhmədli obaları barədə bir qədər məlumat vermək istərdim. Belə ki, Lələhmədli obası dedikdə, xanlıqlar dövründən 1920-ci ilədək, bu elin, obanın, tayfanın tanınmış şəxsiyyəti olmuş Lələ Əhmədin şərəfinə adlanan Lələ Əhmədli kəndi nəzərdə tutulurdu. Lələhmədli obasının doğma qolları olan Dəkkəoba kəndi, eləcə də Lələ Əhmədin oğlanlarının adları ilə bağlı olan mülk yerləri Xançobanı mahalının ərazisi daxilində olmuşdur.
Lələhmədli elinin tarixi çox qədimdir. Vaxtı ilə Lələ Əhmədin təsərrüfatında fəaliyyət göstərən, sonradan bir icma üzvü olaraq Lələhmədli tayfasından olan insanlarla qohumluq əlaqələrini genişləndirmiş bəyimlilərin əksəriyyəti Ağsu rayonuna köçərək orada məskunlaşmışlar. İndiki Zərdab rayonunun ərazisindəki bəyimlilərin həyat tərzi Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba) kəndləri ilə sıx bağlı olmuşdur. Çünki onların təsərrüfat fəaliyyəti Kür və Qarasu çaylarının sol sahilində yerləşən Dəli Quşçu, Dəkkəoba kəndlərinə məxsus mülk yeri-torpaq sahələri ilə əlaqəli idi. Belə ki Lələ Əhməd bu ərazidə olan torpaqlarında onlara heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün şərait yaratmışdır. Həmin kəndlərin əhalisi ilə bəyimlilər qaynayıb-qarışmış, qohumluq əlaqələri yaratmış, bir-birindən qız alıb, qız vermişlər. Bu gün də bu ənənə davam etdirilir. Heç də təsadüfi deyildir ki, vaxtı ilə Lələ Əhmədin istifadəsində olmuş düzən-küdrü torpaqlarında, qışlaq sahələrində indiki Zərdab rayonunda salınmış Bəyimli qəsəbəsi, “Bəyimli” sovxozu heyvandarlıq təsərrüfatı kimi bəyimlilərin adı ilə adlandırılmışdır.
Hazırda Ağsu rayonunda yerləşən Bəyimli kəndi ilə Zərdab rayonunun Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba) kəndlərindən bir-biri ilə qohum olan onlarla ailələr bir camaat olaraq yaşamaqdadırlar. Ağsunun Bəyimli kəndinin hər hansı bir sakinindən soruşanda ki, siz bura haradan gəlməsiniz, tərəddüd etmədən cavab verirlər ki, Zərdab rayonunun Dəli Quşçu kəndindən.
İndiki Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid Bəyimli qalası adlanan istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Görünür, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal Girdimançaydan gətirilən su ilə doldurulurmuş.
Bəzi mənbələrdə Bəyimli kəndinin adının şəxs adından yarandığı bildirilir. Yerli sakinlərin məlumatına görə yaşayış məntəqəsini Bəyim adlı çoxuşaqlı bir dul qadının övladları bina etdiyi üçün o belə adlanmışdır. Kəndin ərazisi keçmişdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. Qışlaqları isə indiki Zərdab rayonu ərazisində olmuşdur.
Mənbələrə istinadən bir faktı da qeyd edək ki, 1578-ci ilə aid Osmanlı sancaq təqsimatında Zərdab kəndinin (indiki Zərdab şəhəri) adı “Zərdab sancağı” kimi göstərilir. XVIII-XIX əsrdə bir çox nəsillər həmin kəndi tərk etmiş və Ağsu rayonunun itib-batmış kəndlərindən olan Ərəbmehdibəy kəndinin 3-4 kilometrliyində Yuxarı Şirvan kanalının altında yerləşən ərazidə Zərdab kəndi adı ilə məskunlaşmışlar.
Özünə daimi yurd, kənd yaşayış məntəqəsi salan Lələ Əhməd və onun oğlanları tərəkəməçilik məşğuliyyətini də davam etdirir, heyvandarlıqla məşğul olur, yay mövsümündə mal-qaralarını dağa qaldırır, qışda arana endirirdilər. 500 ildən artıq bir müddət ərzində Şamaxı, Bakı quberniyası, Şamaxı qəzası, Göyçay qəzası, Göyçay mahalı inzibati ərazi bölgüsü daxilində, indiki Zərdab rayonu ərazisində Zərdab kəndi (indiki Zərdab şəhəri) ilə yanaşı Lələ Əhmədli kəndi (indiki Dəli Quşçu) ən iri yaşayış məntəqələrindən biri olmuşdur. Bəli, hələ 100 il bundan öncə çəkilmiş planalma, xəritə sənədləri olan arxiv materialları da bunu təsdiq edir.
Bir faktı qeyd edim ki, bugünkü Dəli Quşçu kəndi ətrafında 1970-ci ildən etibarən aparılan meliorasiya-irriqasiya işləri, yeraltı, yerüstü drenaj kanal-kollektorların, şoran torpaqların yuyulması ilə əlaqədar suyığıcı kollektorların çəkilməsi zamanı, eyni zamanda vaxtı ilə örüş-otlaq sahələri kimi istifadə olunan torpaqların əkin dövriyyəsinə cəlb olunması ilə bağlı aparılan qazıntı işləri nəticəsində qədim dövrlərdən xəbər verən müxtəlif növ mənzil-məişət, təsərrüfat əşyalarının çıxması da burada qədim yaşayış məskənlərinin olmasından xəbər verir.
Eyni zamanda onu da bildirmək istəyirəm ki, Lələ Əhmədli kəndinin “Çala yeri” adlandırılan ərazisi vaxtı ilə kəndin bir hissəsi olmuş, ərazinin bir qismi əkin sahəsi kimi istifadə edilmiş, sonradan Kür çayının daşması nəticəsində su altında qalmışdır. Hazırda “göl-axmaz” adlanan 15.0 hektarlıq axmazın ətrafında aparılan qazıntı işləri zamanı buradan müxtəlif əşyalar, Səfəvilər dövrünə aid misdən kəsilmiş, küpün içində olan pul sikkələri tapılmışdır. Tədqiq olunaraq Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyinə verilmiş həmin nümunələr də burada qədim yaşayış məskənlərinin olmasını təsdiq edir.
Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin 1977-ci ildə təsdiq edilmiş “Zərdab şəhərinin baş planı”nda yazılmışdır: “Zərdab rayonu ölkənin ən qədim rayonlarından biridir. Bizim eradan əvvəl birinci minillikdə əkinçilik burada yaşayan sakinlərin sosial-iqtisadi həyatında mühüm rol oynamışdır. Arxeoloji qazıntılar və tarixi sənədlər təsdiq edir ki, burada mürəkkəb mühəndis qurğularından ibarət irriqasiya sistemi olmuşdur. Əhali burada əkinçiliklə, heyvandarlıqla məşğul olmuşdur.”
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Bu həmin Xanməmmədli kəndidir ki, həmin kəndin hüdudlarında olan torpaqlar Lələ Əhmədin oğlu Xan Məmmədə məxsus olmuş və bu yaşayış məntəqəsi onun adı ilə əbədiləşərək tarixə düşmüşdür.
Tanınmış tədqiqatçı jurnalist, Lələhmədli övladı Mirağa Bağırov “Zərdabın tarixi küp qəbirlərdən başlanır” adlı məqaləsində yazır:
“Bu küp qəbrin tapılmasını Hüseynxanlı kənd məktəbinin müəllimi Cəlil Bəşirov belə xatırlayır: “1973-cü ildə Xanməmmədli kəndinin cənub-qərbində meliorasiya işləri zamanı 4-5 metr dərinlikdə küp-qəbir aşkara çıxdı. Mən küp-qəbrin içərisindəki qalıqları məktəbə gətirərək ilkin tədqiqatla məşğul oldum. “Pambıqçı” (indiki “Əkinçi”) qəzetində məqalə ilə çıxış etdim, AMEA-nin Tarix institutuna müraciət etdim. Müraciətimə cavab olaraq institutun əməkdaşı-tarix elmləri doktoru Fazil Osmanov kəndimizə gəldi. Tapıntıların ən önəmliləri akademiyaya aparıldı, bir hissəsi isə bu gün də məktəbdə saxlanılır. Qəbrin ən qiymətli əşyası cəsədin alnına qoyulmuş bir ədəd sikkə idi. O dövrlərdə respublikamızda numizmatika üzrə yeganə mütəxəssis Əli Rəcəbli pulun Arşuvi hökmdarı I Orodun adına zərb olunduğunu müəyyən etdi. Moskvada dərc edilən “Arxeologiçeski otkrite” jurnalında tapıntı haqqında məlumat verildi.Yekun rəyə
görə qəbir miladdan öncə II əsrə aiddir.
“Küp-qəbir” Fazil Osmanovun köməkliyi ilə Azərbaycan Sovet Ensiklopediyasının IV cildində Zərdabın xəritəsində yeganə arxeoloji tapıntı kimi qeyd olundu”.
Keçmiş Lələ Əhmədli kəndi, Lələhmədli obalarının ərazisindən keçən “Şah yolu”nun tarixi sirlərlə dolu olmaqla, bu ərazidə geniş tədqiqat işlərinin aparılmasına böyük zərurət vardır.
O cümlədən Dəli Quşçu kəndi ərazisində yerləşən, dəqiq tarixi bəlli olmayan, qədim tarixə malik “Ağtəpə” məzarlığı ilə bağlı mövzunun işıqlandırılması, respublika ictimaiyyətinin, alim və mütəxəssislərin diqqətinə çatdırılması, orada qazıntı-tədqiqat işlərinin aparılmasına zərurətin olmasının gündəmə gətirilməsi tarixi abidələrimizi yaşatmaq, etnoqrafiyamızı inkişaf etdirmək deməkdir.
Torpağımıza, vətənimizə, elimizə-obamıza bir vətəndaş olaraq gələcək nəsillər üçün bir iz qoymaq istəyiriksə, bilgilərimizi qələmə alırıqsa, arxeologiyamızı, etnoqrafiyamızı dərindən öyrənməli, tarixi keçmişimizdən, nəsillərdən-nəsillərə keçə-keçə gəlib bizə çatan milli adət-ənənələri, həyat tərzini, etik normaları nəzərdən keçirməli, dərin elmi-tədqiqat işi aparmalıyıq.
Uşaqlıq illərimdə, məktəb həyatı dövrümdə ağsaqqallardan, ağbirçəklərdən, valideynlərimdən, müəllimlərimdən eşitdiyim əhvalatlar, tarixi hadisələr bir xatirə kimi ürəyimdə, qəlbimdə özünə yer etmiş, yaddaşımda silinməz izlər buraxmışdır.
“Ağtəpə” məzarlığı ilə bağlı ata anam, Lələhmədli qızı Zərif nənəmin yaxın qohumu, Lələhmədli övladı, 1920-ci ildə Zərdabın Qoşaoba kəndində (keçmiş Nəcəfalılı kəndində) anadan olmuş, ömrünün 35 ilini komsomol, partiya (1953-1956-cı illərdə Azərbaycan KP Zərdab Rayon Komitəsinin II katibi vəzifəsində çalışmışdır), sovet, təsərrüfat işlərində çalışmış, təsərrüfatın müxtəlif sahələrində daim rəhbər vəzifələrdə işləmiş, çox böyük nüfuz sahibi olmuş, 1994-cü ildə haqq dərgahına qovuşmuş Allahverdiyev Xəlil Tapdıq oğlundan eşitdiklərimi diqqətə çatdırmaq istərdim.
Onu da qeyd edim ki, Xəlil dayı 1961-ci ilin mart ayından 1972-ci ilin yanvar ayına kimi Dəli Quşçu kəndi “Bakı fəhləsi” kolxozunun sədri vəzifəsində çalışmışdır.
O, ömür-gün yoldaşı, bakılı qızı olan Nübar ana ilə 10 uşaq (3 oğlan, 7 qız) böyüdüb, ölkəmizə layiqli övladlar bəxş etmişdir. Xəlil dayı Dəli Quşçuda kolxoz sədri vəzifəsində işləyərkən ailəsi ilə birgə, bizim evimizdə, yəni ata babam Həsənqulu kişinin evində yaşamışdır. Bu evi o öz evi hesab etmişdir. Babam Xəlil dayının yeznəsi hesab olunurdu və o, həmişə babama “yeznə” deyərək müraciət edərdi.
Xəlil dayının sürücüsü isə bizim çəpər bir qonşumuz olan, anamın əmisi oğlu Səftər Məmmədov idi (o da dünyasını dəyişmişdir). Səftər əmi idarə etdiyi QAZ-69 markalı “Vilis” deyilən avtomobillə onu Bakıya iclaslara, tədbirlərə aparardı. Hələ o illərdə Bakı ilə bizim bağlılığımız vardı, şəhərdə qohumlarımız çox idi. Əmim orada ailə qurmuşdu, ailəsi ilə şəhərdə yaşayırdı. Səftər əmi Xəlil dayını Bakıya aparanda çox vaxt məni də özləri ilə əmimgilə aparardılar.
Bunları söyləməkdə məqsədim ondan ibarətdir ki, uşaqlıq illərində bu kimi ağsaqqalların yol boyu danışıqlarını, söylədiklərini dinləmişəm.
Bakıya gedərkən Xəlil dayı sürücüsü Səftər əmiyə müəyyən tapşırıqlar verirdi. Yaxşı yadımdadır, bir dəfə o, Səftər əmiyə belə bir tapşırıq verdi:
“Səftər! Eşit, qayıdan kimi “Ağtəpə”də yer şumlayan, becərmə işi ilə məşğul olan (adlarını sadaladı) yanıma çağırarsan, mən onları bir dəfə tənbeh etmişəm. Yenə də onlar traktoru, texnikanı “Ağtəpə”nin üstündə saxlayırlar, bu, günahdır, ora gorgahdır, onun üstünə çıxmaq, tapdalamaq olmaz, orada yatan ruhları incitmək olmaz”.
Səftər əmi baş üstə deyib, cavab verdi: “Sədr, bilirsiniz, traktoru ona görə təpənin üstündə saxlayırlar ki, onları çox vaxt işə salmaq mümkün olmur. Traktorun asan işə düşməsi üçün hündür yerdən üzü aşağı saxlayırlar ki, traktoru “xolostoy”a atıb mühərriki işə salsınrlar. Kolxozçular həm də həmin maşın-mexanizmlərin kölgəsindən, təpənin yamacından kölgəlik kimi istifadə edir, nahar süfrələrini orada açırlar”.
Bu sözləri eşidən sədr üzünü sürücüsünə tərəf çevirərək əsəbi halda ona sərt cavab verdi və dedi: “Ə kişi, sənə nə tapşırdım, nə danışırsan?” Səftər əmi yenə baş üstə, başa düşdüm dedi. Yol boyu xeyli müddət heç bir danışıq, söz-söhbət olmadı, avtomobilin kabinəsinə sükut çökmüşdü. Xeyli müddət yol qət etdikdən sonra, Xəlil dayı yenə həmin mövzuya qayıdaraq sürücüsünə və həyat yoldaşı Nübar anaya üzünü tutaraq dedi: “Eşidin, bakılı qızı deyim sən də bil, qoy bu uşaq da anlamış olsun, o “Ağtəpə” ki var, ora müqəddəs bir ocaqdır. Bir vaxtlar orada mövcud olan 3 təpənin hər birini ağır texnikanı ağzına verib “planirovka” edərək, yəni yayaraq, şumlayaraq ümumi əraziyə qatmaqla əkin altına vermək istəyirdilər.
Mən, hələ o zaman Dəli Quşçuda kolxoz sədri deyildim, Zərdab rayon Partiya Komitəsinin II katibi idim, bu məsələni büroya çıxardım…, Səftər, yadındadırmı, Dəli Quşçuya kolxoz sədri seçilən zaman keçirdiyim ilk yığıncaqlardan birində bəyan elədim ki, ay camaat, bu təsərrüfatın əsas çıxacaq yeri, mal-qara örüşü, əkin-biçin yeri, yem bazası “Ağtəpə” adlanan ərazi hesab olunur. Oradakı təpəliklər ki var, onları gərək mühafizə edək, qoruyub saxlayaq. Bunlar adi təpəliklər deyil, tarixi abidədir. Həmin abidələr bizlərə və gələcək nəsillərə keçmiş tarixi proseslərdən, baş vermiş hadisələrdən xəbər verir, bu təpəliklər tarixin yaddaşıdır, onları qoruyub saxlamaq, mühafizə etmək lazımdır”.
Bu yerdə Nübar ana dedi: “Allahverdiyev (belə müraciət etdi), axı orada kimləri basdırıblar?”. Xəlil dayı həyat yoldaşının sualına belə cavab verdi: “Mən, 1920-ci ildənəm, uşaqlıq illərim dədə-babalarımızın “Ağtəpə” ətrafında yerləşən düzən, küdrü, qışlaq kimi istifadə etdiyi sahələrdə, binələrdə keçib. Gözümü açıb orada böyüklüyünə, kiçikliyinə görə bir-birindən fərqli 3 təpə görmüşəm (qeyd edək ki, X.Allahverdiyevin sədrliyi dövründən sonrakı illərdə təpənin ən kiçik olanı ləğv edilmişdir. Hazırda ikisi mövcuddur ki, onlar özəl pay torpaqları arasında yerləşməklə mühafizə olunur). Deyim ki, bu təpələrin yaranması çox qədim tarixə təsadüf edir. Bu nə zamansa baş vermiş kütləvi qırğınla bağlı torpaq qalaqları ilə yaradılan kurqanlardır.
Səftər, sən özün uşaq deyilsən, səhv etmirəmsə 30-cu ildənsən, o ərazidə uşaq vaxtı çox olmuş olarsan. O üç ədəd təpənin yerləşdiyi yerdə ilan dili kimi uzanan qobunun, dərənin yaranmasını, dərin bərəyə, kanala çevrilməsinin səbəbini bilirsənmi? Deyim bil, həmin “Ağtəpə qobusu” adlanan qobu yerindən gorgahın üstünə daşınan torpaq qalaqlarının hesabına yer o vəziyyətə düşmüş və çuxur yer su axını nəticəsində qobuya çevrilmişdir”.
Səftər əmi cavab verdi: “Düz deyirsiniz, yoldaş Allahverdiyev! Siz, qağam Məşədi Məmmədhəsən kişini yaxşı tanıyırsınız. O özü 1897-ci il təvəllüdlü, dünyagörmüş ağsaqqal, müqəddəs yerlərdə ziyarətgahlarda olmuş, oruc tutan, namaz qılan, quran oxuyan dindar adamdır. Onun anası, yəni mənim ata nənəm Məşədi Qönçənin özü sağlam, qoçaq, kişi kimi bir qadın olmuşdur. Bu yaxınlarda dünyasını dəyişib. Təxminən 1870-ci ildən olardı. Mən onun ikinci oğlu Məşədi Məmmədhəsən kişinin böyük oğluyam. Nənəmin böyük oğlu isə Məhəmmədəli dədəm olub, biz, eləcə də övladları, nəvələri də ona dədə deyərək müraciət edirlər. Yaxı tanıyırsınız, Məhəmmədəli dədəm atamdan 4-5 yaş böyükdür. Bilirsiniz ki, onun böyük oğlu Mirzağa qağam hazırda Zərdabın özündə yaşayır, maarif şöbəsinin baş mühasibidir. O da Sizin kimi 20-ci ildəndir. Hər ikisini yaxşı tanıyırsınız.
Qağam Məşədi Məmmədhəsən kişi (atasına qağa deyərək müraciət edərdi) kolxozlaşma dövründən başlayaraq doğma Dəli Quşçu kəndində uzun illər kolxozun “uçotçiki” (hesabdar-mühasib) olmuşdur. Həmin “Ağtəpə” ərazisində fermalarımız olmuşdur. Ferma müdirindən tutmuş malabaxanlar, sağıcılar hamısı bir ailə daxilində olan ata, ana, bacı və qardaşlardan ibarət kollektiv təsərrüfatın üzvləri olmuşlar.
Atamın anası Məşədi Qönçə nənəmi həmişə at belində, əlində silah görmüşəm. Çox qoçaq, cəngavər qadın idi. Deyim ki, kişilərdən geri qalmazdı, silah əlində nəinki kolxozun mal-qara sürüsünü, davarlarını, fermasını vəhşi yırtıcı heyvanlardan, habelə əliəyrilərdən, oğrulardan mühafizə edərdi. Həmin ərəfələrdə böyük oğlu Məhəmmədəli dədəm kolxozumuzun sədri idi.
Məşədi Qönçə nənəm sözün əsl mənasında Həcər qeyrətli bir qadın idi. O söyləyirdi ki, hələ kolxozlaşma dövründən öncə də mal-qara, qoyun-quzu sürülərimizin örüş, otlaq yerləri əsasən “Ağtəpə” ərazisində olmuşdur. Yaylaq mövsümündə dağa qalxardıq. Kolxozlaşma dövrünədək yaylaq yerlərimiz bir tərəfdən Şamaxı, İsmayıllı, Quba rayonları ilə əhatə olunan Baba dağının ətrafında yerləşirdi. Yaylaq, qışlaq mövsümündə, binələrdə olarkən, bəzi hallarda qaçaqlara qarşı necə mübarizə aparmalarından söhbət edərdi. Kolxoz quruluşundan sonra, bilirsiniz ki, yaylaq yerlərimiz Kəlbəcər rayonu ərazisindəki “Sarı yer”, “Ağca qız”, “Alagöllər”, “Qırx pilləkən”, “Məktəbli yeri” adlı yaylaqlardır. Bu yerlərdə çox olmuşuq, amma nənəm söylədiyi, dədə-babalarımızın mülk yerləri olmuş o yaylaqlarda olmamışam.
Yoldaş Allahverdiyev, bax həmin ağsaqqallarımızdan, ağbirçəklərimizdən mənim özüm çox maraqlı əhvalatlar, tarixi hadisələr eşitmişəm. Atam da, nənəm də “Ağtəpə” ilə bağlı söyləyərdilər ki, deyilənə görə burada nə zamansa qanlı toqquşma baş vermiş, kütləvi insan tələfatı ilə əlaqədar cəsədlər torpaq qalaqları ilə basdırılmış və yerlər məzarlığa çevrilmişdir”.
Bu yerdə haşiyə çıxaraq qeyd edim ki, Məşədi Qönçə nənənin qızı Dünya nənənin 100-ə yaxın yaşı var, hazırda Dəli Quşçu kəndində yaşayır və özünü çox gümrah hiss edir. Hər dəfə Bakıdan kəndimizə gedəndə ona baş çəkirəm, söhbətləşirəm. Dünya nənə mən, Eldəniz Həsənovun ana babası Məhəmmədəli dədənin bacısı Ceyran nənənin qızıdır. Yəni, Dünya nənə anam Böyükxanımın bibisi qızı, anamın ata nənəsi Məşədi Qönçə nənənin qız nəvəsidir. Çox güclü yaddaşı var. Onun özü uzun illərdən bəri baş vermiş hadisələri çox gözəl xatırlayır.
Söyləyir ki, “təxminən 1925-1926-cı il olardı, biz ailəliklə Baba dağı ətrafında (Şamaxı, İsmayıllı əraziləri) yaylaqda idik.
Ərz eləyim ki, sənin baban (yəni mən, Həsənov Eldənizin), Həsənqulu kişinin atası Həsən kişi hökumət adamı olub yüzbaşı idi, Sovet hökuməti gələndən sonra, 1930-cu illərədək Göyçay qəzasının Zərdab bölgəsində icrakom oldu, çox cavan ikən rəhmətə getdi. Onun atası Abış bəy çox nüfuzlu kişi olub. Şamaxı, İsmayıllı ərazisindəki yaylaq yerlərimiz onun adı ilə bağlı idi. O yerlər “Abış bəy yaylağı” adlanırdı.
Həm ata babam Məşədi Mehdiqulu kişi, həm də ana babam Məşədi Məmmədalı kişi varlı-dövlətli, çoxlu mal-qoyun sürüsü olan adamlar idi. İsmayıllı ərazisində yaylaqda idik. Ata babam Məşədi Mehdiqulunun atası Məşədi Bədəl kişi qəflətən yaylaqda vəfat etdi. Onu Lələ Əhmədli kəndində deyil, yaylağa yaxın ərazidə yerləşən İsmayıllının Lahıc kəndində dəfn etdilər. İndi mənim bu yaşda bir arzum var, atam Salam kişinin babası Məşədi Bədəl dədəmin məzarını ziyarət etsəm o dünyaya rahat köç edərdim”.
Bu yerdə Dünya nənəyə dedim ki, sözümüz üst-üstə düşdü. Yaxşı yadımdadır, ata babalarımın dostu olmuş, əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan mərhum Seyid Razi baba tez-tez bizə qonaq gələrdi. Onun ilk düşərgə yeri bilirsən ki, ata babam Həsənqulu kişinin, ana babam, sənin dayın Məhəmmədəli kişinin evi olardı. O, söhbətlərində bizə deyərdi ki, bala, niyə ulu babanız Abış bəyin İsmayıllı rayonu ərazisindəki “Abış bəy” yaylağını, onun orada olan yurd yerini ziyarət etmirsiniz? Hansı ki sözügedən yaylaq sahəsi ilk öncə ulu babam Abış bəyin, sonra isə Abış bəyin oğlu Həsən dədənin, daha sonra babam Həsənqulu Abışovun istifadəsində olmuşdur.
Bəli, indiki İsmayıllı rayonunun inzibati ərazisi daxilində yerləşən, vaxtı ilə ulu babam Abış bəyin şəxsi mülkiyyətində olmuş və hazırda yeri və ölçüsü məlum olan 461.0 ha yay otlağı sahəsi səfalılığına, heyvandarlıq üçün yararlılığına görə ərazidə ən yaxşı yaylaq sahəsi hesab olunur (həmin 461.0 ha “Səlim-Soltan” yay otlağı sahəsi indi hüquqi-arxiv sənədlərində, plan-xəritə materiallarında 49№-li yay otlağı kimi əks olunmuşdur).
Dünya nənə söylədiklərimi təsdiq edərək dedi ki, bala, Seyid Razi əmimin cəddinə qurban olum, olduğu kimi sənə danışıb. O, Məhəmmədəli dayımdan da yaşca böyük idi, güclü də yaddaşı vardı, heç vaxt Quranı üzündən oxumazdı. Mənə söyləmişdi ki, sənin Məşədi Bədəl dədənin qəbrinin yeri bu gün də itməyib, o, Lahıc qəbiristanlığında mənim atamın qəbrinin ayaq hissəsində dəfn olunub.
Xəlil dayı söhbətinə davam edərək bildirdi ki, “Dəli Quşçu kəndinin mülk yerləri olmuş, geniş əraziləri əhatə edən “Ağtəpə” ətrafında olan düzən küdrü torpaqlarının az bir hissəsi əkilib-becərilsə də, oranın örüş-otlaq sahəsi kimi daha yararlı olması nəzərə alınaraq geri alınmışdır. Geniş əraziləri əhatə edən, əsasən biyan bitkisi altında olan torpaq sahələri dövlət aktı ilə təsərrüfata təhkim olunsa da, guya Dəli Quşçu kəndində kolxoz təsərrüfatı ət-süd planını yerinə yetirmir. Və odur ki, 1945-1950-ci illərdə bu ad altında təsərrüfata məxsus torpaqların bir hissəsində uçot-inventarizasiya, geobotaniki tədqiqat işləri aparılaraq ərazi “Ağtəpə” Dövlət Ehtiyat Fondu qış otlağı adı ilə xəritəyə salınmışdır. Hansı ki həmin ərazilərdə Lələhmədlilərin son zamanlaradək tarixən binələri, qazmaları, dəyələri, yataqları olmuşdur. O yerlərdə, ərazilərdə kolxoz təsərrüfatının, camaatın davarları otarılar, bəslənilərdi”.
Sözlərin tarixi təsdiqini nəzərdən keçirmək üçün, Həsən bəy Zərdabinin Zərdabda yaşadığı zaman, oradan “Novoye obozreniye” qəzetinə göndərdiyi və həmin qəzetin 1891-ci il tarixli 2434-cü nömrəsində dərc etdirdiyi məqaləsini diqqətə çatdırmaq kifayətdir.
“Zərdab hər il bu yemdən bir neçə min arob (araba yükü – E.H.) hazırlayır. Bundan başqa suvarılan torpaqlarda biyan kökünün çıxarılması göstərir ki, 3-4 ildən sonra yenə həmin kökləri çıxarmaq olur. Bizdə isə suvarma yoxdur və əgər keçən il olduğu kimi bu il də Kür daşmasa, onda bu köklər bizdə tamam itəcəkdir. Zərdab torpaqlarının 1/3-i bəy torpaqlarıdır, ona görə mən elan etdim ki, öz malımı belə ucuz satmaram və biyan kökü alıcılarını bura buraxmaram. Buna görə də, onlar indiyə qədər Zərdabdan yan keçiblər. İndi, biyan alıcıları çətin vəziyyətdən çıxış yolu tapıblar: qonşu Müskürlü, Lələhmədli binələrində tərəzilərini qoyublar və biyan kökü qazıntısı hər yerdə başlayıb; biyan kökünün hər puduna 10-12 qəpik verirlər”.
Həsən bəy Zərdabinin bu məqaləsindən də göründüyü kimi, hələ 1890-cı illərdən öncə də sözügedən ərazilərdə Lələhmədlilərin binələri olmuş, onlar istifadələrində, xüsusi mülkiyyətlərində olan torpaq sahələrində bitən biyan bitkisindən heyvandarlığın inkişafında yem bitkisi kimi istifadə etmiş və eyni zamanda biyan kökü istehsalı ilə məşğul olmuşlar.
1898-1911-ci il tarixli Bakı quberniyasının inzibati bölgüsü üzrə tərtib olunmuş topoqrafik planalma xəritəsinə diqqət yetirdikdə (xəritə 1) Lələ Əhmədli kəndinin böyük kənd yaşayış məntəqəsi kimi mövcud olduğunun şahidi olursan. Göyçay qəzasında, indiki Zərdab rayonu ərazisində, o dövrdə ən böyük yaşayış məntəqəsi kimi Zərdab və indiki Dəli Quşçu kəndinin (keçmiş Lələ Əhmədli kəndi) mövcud olduğu, eyni zamanda Kür çayının sol sahilində tuqay meşəsi ətrafında Lələ Əhmədli yaşayış məntəqəsinə paralel olaraq Zərdab kəndinin ondan 1.8-2.0 km-lik məsafədə yerləşmə vəziyyətinin dəqiq olaraq planda əks olunması diqqəti cəlb edir.
Qeyd edim ki, hələ uşaqlıq illərimdə ziyalılardan, dünyagörmüş insanlardan, ağsaqqallardan eşitdiklərimi xəyalımda yaşatdım, yaddaşıma həkk etdim. Taleyin qisməti elə gətirdi ki, torpağına, Vətəninə, elinə, obasına bağlı bir vətəndaş olaraq 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət Aqrar Universiteti) bitirərək, təyinatla, gənc mütəxəssis kimi, Kənd Təsərrüfatı Nazirliyinin Baş yemçilik, çəmən və otlaqlar idarəsinin Köçəri otlaqlar şöbəsində böyük yerquruluşu mühəndisi vəzifəsində əmək fəaliyyətinə başlamalı oldum. Respublikada axırıncı dəfə, yəni Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin 11 may 1982-ci il tarixli 254 №-li qərarı ilə Dövlət fondu qış otlağı sahələrinin bölgüsü aparılan zaman, bu bölgü işində layihənin hazırlanmasında gənc mütəxəssis olaraq fəaliyyət göstərdiyim zaman uşaqlıq illərində eşitdiklərimin bilavasitə bu iş prosesində, istehsalatda, hüquqi-arxiv sənədlərində, xəritə materiallarında, apardığım araşdırmalar, Həsən bəy Zərdabi yaradıcılığına, onun elmi-təcrübi işlərinə müraciət etməyim nəticəsində əyani olaraq real təsdiqini gördüm, çox şeyləri anladım.
Nəhayət ki “Lələ Əhməd və lələhmədlilər” adlı kitabımda (Bakı, “Azərnəşr”, 2008, 400 səh.) həmin reallıqları nümayəndəsi olduğum böyük bir sülalənin-Lələhmədli elinin etnoqrafiyası haqqında bilgilərimi qələmə aldım.
Həmin monoqrafiyamda yer, yurd adları, “Ağtəpə” mövzusu ilə bağlı yazdıqlarımı olduğu kimi oxucularımızın diqqətinə çatdırmaq istərdim:
“Düzən örüş-otlaq sahələri-küdrü torpaqlarında Dəli Quşçu kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun ərazisini əhatə edən, indiki Bəyimli qəsəbəsi “Camışçılıq” sovxozunun ərazisində ona məxsus (yəni, Lələ Əhmədə) olan yataq yerlərinin, eyni zamanda Dəli Quşçu kəndinin “Ağtəpə” adlanan ərazisində, indiki “Bəyimli” qəsəbəsi-Camışçılıq sovxozu ərazisində Lələ Əhmədin binələrinin, qazmalarının, eyni zamanda ərazisi həkk olunan qış otlaq sahələrinin olduğunun rəsmi tarixi, hüquqi-arxiv sənədlərində şahidi olursan.
Bununla yanaşı indiki Dəli Quşçu kəndi ərazisində Vəlixanlı kəndinin olduğu da planda əks olunmuşdur. Vəlixanlı kəndi tarixi bir fakt olaraq kolxozlaşma dövründə müstəqil kolxoz kimi fəaliyyət göstərmiş və sonradan bu kənd oradan köçərək indiki Qoşaoba kəndi ilə birləşmiş və bir kolxoz olmuşlar.
Lələ Əhmədli kəndi. Rayon mərkəzindən 3-5 km şimal-qərbdə yerləşməklə qədim zamanlardan bəri indiki Zərdab ərazisində ən iri yaşayış məntəqəsi olmuşdur. Kənd çox böyük nüfuz sahibi olmuş Lələ Əhmədin şərəfinə belə adlanıb. İndi bu kənd Dəli Quşçu adlanır.
Vəlixanlı kəndi. Zərdabın əsas yaşayış məntəqələrindən biri olmuş Vəlixanlı kəndi ötən əsrin 50-ci illərində Qoşaoba kəndi ilə birləşərək “Kommunist” kolxozunun tərkibinə daxil edilmiş, sonralar kənd tam şəkildə Qoşaoba ərazisinə köçürülmüşdür. Vəlixanlıların ata-baba yurdu indiki Zərdab Peşə Liseyindən bir qədər irəlidə, Zərdab-Mollakənd şosse yolunun sol kənarında, Dəli Quşçu (keçmiş Lələhmədli kəndi) kənd qəbiristanlığına bitişik olan ərazidə mövcud olmuşdur.
Hacılı yurdu. Hacılı yurdu da kolxoz quruluşunun qurbanı olmuş, “Kommunist” kolxozunun tərkibinə daxil edilərək ərazisinə pambıq əkilmiş, əhalisi isə bir camaat olduqları Qoşaoba kəndinə köçürülmüşdür.
Nəcəfalılı kəndi. Bu kənd Zərdab-Ucar şosse yolundan Bəyimli qəsəbəsinə dönən yolun sol hissəsində mövcud olmuş və Vəlixanlı kəndi ilə bərabər indiki Qoşaoba ərazisinə köçürülmüş, “Kommunist” kolxozunun tərkibinə daxil edilmişdir. Nəcəfalılı kəndi də Vəlixanlı kəndinin aqibətini yaşamışdır. Əslində bu iki kəndin birləşməsindən Qoşaoba kəndi yaranmışdır.
Qaravəlili yurdu. Qaravəlili yurdu da Nəcəfalılı kəndinin yaxınlığında mövcud olmuşdur. Sovet hökumətinin güclü kollektiv təsərrüfat (kolxoz) yaratmaq ideyasının qurbanı olan bu yaşayış yeri də Vəlixanlı və Nəcəfalılı kəndlərinin aqibətini yaşamışdır.
Həmin yurd yeri (ərazi) həmişə indiki gənc nəslə də “Vəlixanlı yurdu” kimi təqdim olunur. (xəritə 2).
Lələ Əhmədin digər Xanməmməd və Hüseynxan adlı oğlanları da böyük var-dövlət sahibi olmuşlar. Rəsmi sənədlərdən məlum olduğu kimi, onlara məxsus olan yataq yerlərinin, binələrinin yeri, ara məsafəsi, coğrafi yerləşmə vəziyyəti bizə deməyə tam əsas verir ki, Lələ Əhmədin oğlanlarının himayəsində olan binə, köç yerlərindəki məskunlaşma nöqtələrində Hüseynxanlı və Xanməmmədli kəndləri salınmış və bu gün də həmin yaşayış məskənləri onların adı ilə adlandırılaraq inkişaf etmiş, kolxozlaşma dövründə Hüseynxanlı kəndi Şaumyan adına, Xanməmmədli kəndi Puşkin adına, Vəlixanlı kəndi Voroşilov adına (sonradan Voroşilov adına kolxoz da ləğv olunaraq Qoşaoba kəndi ilə bir təsərrüfat olmuşdur), Qoşaoba (Nəcəfalılı, Hacılı, Qaravəlili) kəndi Lenin adına, Dəli Quşçu (Lələ Əhmədli) kəndi Yejov adına, Dəkkəoba (Məscidli oba) kəndi Stalin adına kolxozlar kimi fəaliyyət göstərmişdir (xəritə 2).
Ayrı-ayrı illərdə həmin təsərrüfatların adları dəyişdirilmiş və 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Hüseynxanlı, Xanməmmədli, Salahlı kəndləri Gəlmə, Əlibəyli, Allahqulubağı kəndləri ilə bir yerdə olmaqla K.Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir (xəritə 3). Sonradan, yəni torpaq islahatı prosesində Xanməmmədli və Hüseynxanlı kəndləri ayrılaraq Füzuli adına kolxoz olaraq bir yerdə torpaq islahatına getmişlər (xəritə 4). Qoşaoba (Nəcəfalılı, Vəlixanlı, Hacılı, Qaravəlili) kəndi “Kommunist”, “Bərəkət” kolxozları kimi fəaliyyət göstərmiş (xəritə 5) və Qoşaoba kəndi Təzəkənd kəndi ilə bir yerdə islahata getmişlər (xəritə 6).
Bu tədqiqat materialında onu da qeyd etməyi özümə borc bilirəm ki, Dəli Quşçu (Lələ Əhmədli) kəndinin ağsaqqallarını, ziyalılarını uzun illərdən bəri narahat edən ən ciddi problemlərdən biri də odur ki, 1936-cı ilin hüquqi Dövlət sənədinə əsasən kəndin inzibati sərhəddi daxilində yerləşən, Dövlət Aktı ilə təsərrüfata təhkim edilmiş və 1965-ci ilə kimi camaatın əkib-becərdiyi torpaq sahəsindən 563,0 hektar ərazi vaxtilə təsərrüfatın və rayonun razılığı, xəbəri belə olmadan Dövlət fonduna keçirilmiş və 8a № li qış otlağı adı ilə Qutqaşen (indiki Qəbələ) rayonunun istifadəsinə verilmişdir.
Hüquqi sənədlərdən məlum olduğu kimi Dəli Quşçu kəndi kolxozlaşma dövründə əvvəlcə Yejov və sonra Sabir adına kolxoz, 1949-cu ildə XVIII Partiya qurultayı adına kolxoz kimi fəaliyyət göstərmişdir. 1950-ci ildə Lələ Əhmədli (indiki Dəli Quşçu) kəndi qonşu Məscidli oba (indiki Dəkkəoba) kəndi ilə birləşmiş və Stalin adına kolxoz yaradılmışdır. Stalin adına kolxoz sonradan “Bakı fəhləsi” kolxozu adlandırılmış və bu iki kənd 1989-cu ilə kimi bir kolxozun tərkibində olmuşdur.
“Bakı fəhləsi” kolxozu 1989-cu ildə ayrılaraq əvvəlki kimi, yəni torpaq bölgüsü 1936-cı ilin hüquqi sənədi əsasında (kəndlərin özlərinə məxsus olan torpaqları əsasında) hər bir kənd müstəqil təsərrüfat olmuşdur. Lakin S.Mehrəliyev adına kolxoz yenidən təşkil edilən zaman onun Dövlət Aktı daxilində olan 563,0 hektar torpaq sahəsi yenə də nəzərə alınmamışdır. Dəli Quşçu kəndinin sakinləri kolxoza öz təsərrüfatlarında qoyunçuluq briqadiri işləmiş, kənd sakini, Sosialist Əməyi Qəhrəmanı mərhum Seyfi Mehrəliyevin adını vermişdir.
Mən, bir yerquruluşu mütəxəssisi olaraq, 1936-cı ilin Dövlət aktı sənədinə təhkim olunmuş və təsərrüfatın inzibati sərhəddi daxilində olan torpaq sahəsinin yerini, ölçüsünü, onun sərhəd qonşuluqlarını (qonşu torpaq istifadəçiliyini) dəqiqləşdirərək müəyyən etmişəm ki, kəndin həmişəlik istifadəsinə təhkim olunmuş sahədən 475.0 hektar adı ilə (faktiki olaraq naturada 563.0 hektar olan) xəritə üzərində kəsilərək qeyd olunan sənəddə nə vaxtsa qeyri-qanuni düzəliş aparılmışdır (həmin sahə “8a №-li qış otlağı adı ilə” 2 Salı xəritədə göstərilmişdir).
Bu mühüm tarixi arxiv sənədlərində kiminsə tərəfindən yol verilən belə bir saxtakarlıq əsasında, ayrı-ayrı illərdə ərazidə aparılan inventarizasiya-yerquruluşu işləri zamanı kolxozun “Ağtəpə” adlanan ərazisi bir müddət asudə Dövlət fondu torpağı kimi uçota alınmış və sonradan Qəbələ rayonunun Zərdab rayonunun inzibati ərazisi daxilində olan qış otlağı torpaqlarının inventarizasiyası zamanı həmin sahə Qəbələ rayonuna məxsus olan 8a №-li qış otlağı kimi göstərilmişdir.
Beləliklə də həmin 475.0 hektar sahəsi, qış otlaq sahələrinin bölgüsünə dair keçmiş Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 20 mart 1965-ci il tarixli 207 №-li qərarına daxil edilərək Qutqaşen (Qəbələ) rayonuna verilmişdir. Göründüyü kimi, həmin qərar əsasında 475.0 hektar torpaq sahəsi ayrılmasına baxmayaraq, faktiki olaraq yerdə 563.0 hektar ərazi qeyd olunan rayonun keçmiş “Qutqaşen” kolxozunun istifadəsinə verilmiş və hətta onların Dövlət Aktına da daxil edilmişdir.
Vaxtilə bu saxtakarlığı edən nankor onu unutmuşdur ki, kolxozun naturada inzibati sərhəddi daxilində qondarma qış otlağı sahəsi yaratmaq olmaz, vaxt gələcək bu hüquqi sənəddə qonşuluqları göstərən canlı sərhəd xətləri, planda göstərilən kurqan yerləri, onlar arasındakı məsafələr yerə (naturaya) keçiriləcək, həqiqət üzə çıxacaq və bu zaman xalq həmin nankoru lənətləyəcəkdir.
Onu da qeyd edim ki, qış otlaq sahələrinin yerquruluşu planları tərtib edildiyi vaxtdan bu günədək qışlaqların nömrələri bütün massivlərdə ardıcıllıqla, bir-biri ilə qonşuluq təşkil etməklə göstərilmişdir. Zərdab rayonunun inzibati sərhəddi daxilindən Qəbələ rayonunun təsərrüfatlarına təhkim olunmuş qış otlaq sahələrinin yerquruluşu-qışlaq planlarını və rayon xəritəsini nəzərdən keçirdikdə isə kənd ərazisinin-kolxoz torpağının 8a №-li qışlaq adı altında həmin rayonun keçmiş “Qutqaşen” kolxozunun istifadəsində olan 33 və 34 №-li qış otlağı sahələrinə qonşu sahə kimi göstərildiyinin şahidi olursan. Hansı ki 8a №-li qış otlağı sahəsinin özü tamamilə uzaq bir ərazidə yerləşir.
Uzun illərdən bəridir ki, Dəli Quşçu camaatı bütün qeyd olunan bu məsələlərin dəqiqləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə dəfələrlə Zərdab rayon torpaq şöbəsinin, Respublika Dövlət Yerquruluşu Layihə İnstitutunun arxivində olan materialları araşdırmış və bu işdən hali olmayan aidiyyəti təşkilatlar qarşısında haqq səsini ucaltmış, lakin nədənsə məsələ bu günədək həll edilməmiş qalmışdır.
Çox maraqlıdır ki, axırıncı dəfə respublikada qış otlaq sahələrinin bölgüsü aparılan zaman, keçmiş Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin 11 may 1982-ci il tarixli 254 №-li qərarı ilə həmin sahə əvvəlki qaydada təkrarən, yəni qərarda göstərilən 475.0 hektarın üstünə 88.0 hektar da əlavə edilərək 563.0 hektar torpaq sahəsi Qutqaşen (indiki Qəbələ) rayonuna verilmişdir. Bu real faktı qələmə almaqla bugünkü və gələcək Dəli Quşçu kənd sakinlərinə onu çatdırmaq istəyirəm ki, onların dədə-baba torpaqları olan və son illərədək Dövlət Aktı ilə daimi istifadələrinə təhkim edilən, mülk yerləri olan həmin 563.0 hektar torpaq sahəsi qanunun, haqqın, ədalətin tələbi olaraq onların istifadəsinə qaytarılmalıdır.
Dəli Quşçu, Dəkkəoba kəndləri uzun müddət “Bakı fəhləsi” kolxozu kimi fəaliyyət göstərmiş (xəritə 7), sonradan Dəli Quşçu kəndi S.Mehrəliyev adına (xəritə 8), Dəkkəoba kəndi isə “Bakı fəhləsi” kolxozu kimi fəaliyyət göstərmişlər (xəritə 9). Eyni zamanda da Dəli Quşçu (xəritə 10) və Dəkkəoba (xəritə 11) kəndləri ayrı-ayrılıqda torpaq islahatına getmişlər.
Lələ Əhmədin özünün və nəslinin istifadəsində olan torpaq sahələrini əhatə edən bir çox yerlər tarixi adını bu gün də toponim kimi saxlamaqdadır. Məsələn; indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin daxilində olan və hər bir kənd sakininə “Ələsgər əkən” adı ilə tanınan ərazi vaxtı ilə kiçik göl və gölməçələrlə əhatə olunmuş düzən çəmənlik hissədən ibarət olmuşdur ki, əhali oradan dini-mövsümi mərasimlərdə (deyək ki, İmam təziyyəsi qeyd olunarkən) istifadə edərdi. Həmin sahə sonradan uzun müddət futbol meydançası (stadion) kimi də istifadə olunmuşdur. Hazırda bu ərazi məscid və fərdi mənzil tikintisi (həyətyanı) altındadır.
Kolxozlaşma dövründə “Çala yeri” adlanan ərazidə bir müddət “Misir sortu” pambığı becərilmişdir. Sonradan bu yerlər tədricən su altında qalmış və orada 15 hektaradək sahəni əhatə edən göl yaranmışdır ki, bu göl indi “Axmaz” adlanır (xəritə 12).
Kəndin çıxacaq hissəsində, Dəli Quşçu kəndini şosse yolu ilə birləşdirən (Bağın baş hissəsi adlanan) hissənin sağ tərəfində yerləşən “Siyənək” adlanan ərazi vaxtı ilə gölməçə altında qalmış və həmin gölməçədə müxtəlif növ balıqlar olmuşdur. Burada siyənək balığı çox olduğu üçün həmin ərazi belə adlandırılmışdır. Həmin gölməçə Kür çayının daşması nəticəsində yaranmışdır və o zaman Dəkkəoba və Dəli Quşçu kəndlərinin ərazisindən keçən indiki Zərdab-Kürdəmir şosse yolu boyunca uzanaraq böyük bir ərazini tutmuşdur.
Ərazidə aparılan meliorasiya-hamarlama işlərindən sonra oranın bir hissəsində ipəkçiliyin inkişafı məqsədilə çəkil (tut) bağı salınmışdır.
Hazırda isə kəndin inkişafı, genişləndirilməsi ilə bağlı “Siyənək” adlanan, balığı tükənməyən bu göl yalnız yaddaşlarda qalmışdır. Faktiki olaraq bu gün kiçik müəssisə və həyətyanı torpaq sahəsi altında istifadə olunur.
Lələ Əhmədin istifadə etdiyi indiki Dəli Quşçu kəndinin şimal-qərb hissəsində yerləşən Bəyimli qəsəbəsi və Qoşaoba kəndinin torpaqları ilə qonşuluqda olan kənd vaxtı ilə əhali üçün strateji-hərbi əhəmiyyət kəsb edən məntəqə olmuşdur. Hazırda da yerli əhali həmin tarixi yerlərin tutduğu sahələrin ölçüsünü, yerini dəqiq bilir. Bu gün də o yerlər əhalinin dilində “Qoşun gizlənən”, “Qırx manatlıq”, “Əl-üz yuyan”, “Ağtəpə”, “Atvurulan” və s. adlanır (xəritə 12).
Bu ərazilər kolxozlaşma dövründən başlayaraq, aparılan meliorasiya-hamarlama işləri nəticəsində tədricən əkin yerlərinə, biçənək sahələrinə çevrilmişdir. Qeyd edək ki, ərazidə yerləşən və üzərində ağ daş qoyulmuş hündür təpənin (“Ağtəpə” adlı yer) ətrafında vaxtı ilə şum, əkin-biçin işləri aparılan zaman müxtəlif əşyalara, silah-sursata, insan sümüklərinə rast gəlinirdi.
İndi həmin təpələr (biri böyük və biri nisbətən kiçik olan) yerli əhali tərəfindən tarixi abidə kimi qorunur.
Yaşlı, yerli ağsaqqalların dediyinə görə bu tarixi yerlərdə bir vaxtlar qaçaqlar gizlənmiş, eyni zamanda “Şah yolu”nun üstündə yerləşən, qədim Lələhmədli tayfasının istifadəsində olan həmin ərazidəki bu strateji nöqtədə qanlı toqquşma baş vermiş, kütləvi qırğın olmuşdur (tarixi dəqiq məlum deyildir). Torpaq qalaqları ilə düzəldilən və “Ağtəpə” adlanan bu təpələr də kütləvi şəkildə qırğınla bağlı, insan tələfatı ilə əlaqədar yaranmış tarixi abidədir.
Lələhmədlilər kənd ərazisindəki həmin tarixi abidəni qoruyub saxlayıblar. Burada dərin tədqiqat işlərinin aparılmasına ehtiyac vardır (xəritə 12).
Bununla yanaşı Lələ Əhmədli kəndinin ərazisində “Qırx manatlıq”, “Əl-üz yuyan”, “Qoşun gizlənən”, “Dəvə ölən”, “Rus qaçan”, “Siyənək”, “Ələsgər əkən”, “Əhməd əkən”, “Axmaz” və sair yer adları ilə bağlı mövcud olmuş çox hadisələrin, tarixi proseslərin mahiyyətindən söhbət açmaq, tədqiqat işləri aparmaq olar.
Qədim Şirvan torpağında (indiki Zərdab rayonu ərazisində) yaşayan Lələhmədli eli-obası, tayfası kimi tanınan bir sülalənin nümayəndəsi olaraq qeyd etdiyim bilgiləri, tədqiqatları, hüquqi-arxiv sənədlərini bir qədər diqqətə çatdırmaqla onu demək istəyirəm ki, doğma Azərbaycanımızda və onun hər bir guşəsində hələ də sirri açılmamış saysız-hesabsız yeraltı, yerüstü xəzinələrimiz vardır.
Tarixi abidələrimizi yaşatmaq, etnoqrafiyamızı, arxeologiyamızı inkişaf etdirmək və onları tarixi yaddaşlara köçürmək yolunda təşəbbüs göstərmək bizlərin, xüsusilə hər bir ziyalının, tədqiqatçı alimin mənəvi borcudur.