Zərdab şəhərində Uşaq Əyləncə Mərkəzinin satışa çıxarılması barədə bəzi saytlarda məlumat yayılıb. Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov AzNews.az-a bildirib ki, sözügedən Mərkəz Əmək Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır: “Əvvəllər Mərkəzin ərazisində bağça tikmək istəyiblər. Lakin bu Komitənin balansında olduğundan iş dayandırılıb. Mərkəzin satılması ilə də bağlı yayılan məlumatlar yalandır. Biz bunu araşdırmışıq və hələlik Mərkəz Əmlak Komitəsi tərəfindən satışa çıxarılmayıb. Əgər satışa çıxarılsa belə biz heç nə edə bilmərik”.
A. Səfərov vurğulayıb ki, Mərkəzin şəhər icra nümayəndəsi tərəfindən özəlləşdirilməsi ilə bağlı deyilən məlumat da həqiqətə uyğun deyil: “Bir neçə ildir ki, bu söhbət gedir və biz də hər zaman bu cür məlumatların yalan olduğunu qeyd etmişik. Ümumiyyətlə, Zərdabda bir neçə bu cür obyekt var və satışa çıxarılaraq sahibkarlar tərəfindən özəlləşdirilib. Bu yaxınlarda Zərdab rayonunda Əmlak Komitəsinin balansında olan köhnə incəsənət məktəbi tenderə çıxarılaraq, bir sahibkar tərəfindən alınıb”.