Bakıda – Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirilmişdir. Zerdab.com saytı Prezident.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə çıxış etdi.
İkinci Dövlət proqramının artıq başa çatdığını deyən Prezident İlham Əliyev bildirdi ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynadı. 2009-2013-cü illəri əhatə edən ikinci proqramın da regionların inkişafında, ümumiyyətlə, ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olmuşdur. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkəyə xeyli gəlir gətirmişdir. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə uğurla istiqamətləndirilmişdir.
Azərbaycanın iqtisadi potensialından danışan Prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirdi. Qeyd etdi ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatmışdır və 28 milyard dollar təşkil etmişdir. Daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur.
Sahibkarlığa geniş meydan verilməsinin daim diqqət mərkəzində saxlandığını vurğulayan Prezident İlham Əliyev ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.
Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyən dövlətimizin başçısı sahibkarlığa dəstəyin davamlı olacağını dedi. Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olmuşdur. Həmin müddətdə 17 elektrik stansiyası tikilmiş, ölkəmizin 90 faizə yaxın ərazisində qazlaşdırılma aparılmışdır, yolların tikintisi üzrə geniş layihələr icra edilir.
Sosial infrastruktur layihələrindən danışan Prezident İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söylədi və növbəti 5 il ərzində bu prosesin sürətlənəcəyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, 10 il ərzində 2 min 700 məktəb tikilmiş, 500-dən çox tibb müəssisə inşa edilmiş, yaxud təmir olunmuş, 41 olimpiya idman kompleksi istifadəyə verilmiş, çoxlu sayda mədəniyyət ocağı tikilmiş və ya bərpa edilmişdir.
Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək üçüncü Dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğuladı.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış etdilər.
Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini, makroiqtisadi vəziyyətin sabit qalacağını qeyd etdi. Dövlətimizin başçısı bunun üçün heç bir maliyyə probleminin olmadığını, əsas xərclərin sosial və infrastruktur layihələrinə yönəldiləcəyini bildirdi.
Prezident İlham Əliyev aparılan islahatların davam etdiriləcəyini, qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söylədi və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələrinin, kənd təsərrüfatının inkişafında ən müasir metodların tətbiqinin, məhsuldarlığın artırılmasının, fermerlərin elektron qeydiyyat sisteminin qurulmasının, bölgələr üzrə ixtisaslaşmanın aparılmasının, torpaqların elektron uçot sisteminin yaradılmasının, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsinin, ərzağın keyfiyyətinin qorunmasının, aqroparkların, logistika mərkəzlərinin yaradılmasının, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmalarının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən və digər məsələlərdən də danışdı.
Dövlətimizin başçısı ötən 10 ildə qarşıya qoyulan vəzifələrin hamısının tamamilə icra edildiyini deyərək, əminliklə vurğuladı ki, qəbul ediləcək üçüncü Dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcəkdir.