Jalə Əliyeva: “Son illər Zərdabda mühüm layihələr həyata keçirilir”

0
37
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

“Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf edir. Bu inkişaf özünü yalnız paytaxtda, böyük şəhərlərdə deyil, eyni zamanda ən ucqar kəndlərdə və qəsəbələrdə göstərməkdədir”. Zerdab.com saytı Sia.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva ölkəmizdə regionların inkişafı ilə bağlı danışarkən deyib. O bildirib ki, seçildiyi Zərdab-Ucar rayonlarında gedən inkişafa nəzər salsaq, Azərbaycanda regionlara göstərilən diqqət və qayğını görmək mümkündür. Millət vəkilinin sözlərinə görə, regionların inkişafı proqramı çərçivəsində son illərdə Zərdab rayonunda mühüm layihələr həyata keçirilir: “10 il bundan əvvəl bu rayon iqtisadi cəhətdən Azərbaycanın ən geridə qalmış rayonlarından biri və ya birincisi idi. Bu gün isə rayona girdiyimiz  andan etibarən qarşılaşıdığımız mənzərə həqiqətən də əvvəlki ilə müqayisədə insanı yaxşı mənada təəccüb və heyrətləndirir. Rayon su hövzəsində yerləşməsinə baxmayaraq, əhalisi uzun illər idi ki susuzluqdan əziyyət çəkirdi. Lakin görülən işlərin nəticəsi olaraq indi əhali su ilə təmin olunub. Bu gün əkinlə məşğul olan hər bir kəndli öz torpağını lazim olduğu qədər suvara bilir. Əhali içməli su ilə təmin olunub”. Millət vəkili söyləyib ki, 10 il bundan əvvəl regionların əsas problemlərdən biri elektrik enerjisi idi ki, görülən işlərin sayəsində hazırda rayonlar və kəndlərdə elektrik enerjisi fasiləsiz verilir:  “Regionlarda əhalinin digər problemi qaz idi ki, bu məsələnin də həlli ilə bağlı eyni sözləri demək olar. Bilirsiniz ki, Sovetlər Birliyi dağıldıqdan sonra  bütün infrostrukturlar kimi qazın verilməsi dayandırıldı. Vəziyyət çox bərbad idi. Təbii ki, onların da səbəbi məlum idi. Sapı özümüzdən olan baltalar bütün boru xətlərini kəsərək qazı qonşu ölkələrə satmışdılar. Amma hazırda ölkə başçısının güclü siyasəti nəticəsində bütün bölgələrdə qazlaşdırılma prosesi sürətlə həyata keçirilir. Düzdür, bu işlər ötən il tam bitməli idi. Lakin ölkə başçısının da qeyd etdiyi kimi, müəyyən yubanmalar oldu. Bütün bu işlər 2014-cü ilin sonu 2015-ci ilin əvvəlinə qədər başa çatacaq”. J. Əliyeva onu da bildirib ki, regionlarımızın sosial- iqtisadi inkişafı ilə bağlı görülən işlərə həmçinin yollar, məktəblərin təmiri və digərləri daxildir. 15 il bundan qabaq elə regionlar var idi ki, orada məktəblərin vəziyyəti çox pis idi. Buna misal olaraq, Zərdab rayonunu göstərmək olar. Lakin bu gün Zərdabın elə bir kəndi yoxdur ki, orda müasir standartlara cavab verən məktəblər tikilməsin. Məktəblərdə istilik sistemi, avadanlıqlar ən yüksək səviyyədədir. Bu gün baxçalar, xəstəxanalar tikilir, təmir edilir. İnsanların işlə təminatı yüksək səviyyədədir. Mədəniyyət obyektləri  təmir edilir. Regionların inkişafından danışanda ilk an insanın ağlına gələn bunlardır. Təbii ki, bunlar görülən işlərin çox cüzi bir hissəsidir. Görülən işlər ölkə başçısı İlham Əliyevin hər bir azərbaycanlıya göstərdiyi qayğıdır. Özünün dediyi kimi, ölkəmizdə insan amilinə verilən qiymətin təzahürüdür”.