Zərdab-Otmanoba yolu ilə bağlı Ramiz Zeynalova – ƏRİZƏ

9
65

Zərdab-Yuxarı Seyidlər-SiləyliAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Polis general – mayoru Zeynalov Ramiz Məhəmmədəli oğluna Zərdab rayonu Şahhüseynli kənd sakini Süleymanov Qurban Süleyman oğlu tərəfindən

ƏRİZƏ

Cənab Rəis!
İlk öncə Sizi və bütün kollektivinizi “Yeni il” və “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Nəzərinizə çatdırıram ki, cənab Prezidentin göstərişi ilə bu yaxınlarda 15 kəndi rayon mərkəzi ilə birləşdirən Zərdab-Otmanoba magistral yolu yüksək səviyyədə əsaslı təmir olunaraq tamamilə asfaltlandı. Bununla da bu kəndlərin minlərlə sakininin uzun illərdən bəri bərbad yollarda çəkdikləri əzab-əziyyətə son qoyuldu. Təəssüf ki, asfaltlanmadan sonra 25-30 km. uzunluğu olan bu yolda təxminən 3-4 nişanı istisna etməklə, heç bir yol hərəkəti nişanlarının lazımi yerlərdə quraşdırılmaması, eləcə də orta və kənar xətlərin çəkilməməsi yolu həddindən artıq təhlükəli edir. Təxmini müşahidəmə görə yolda cəmi iki yerdə – 1.11.1 və 1.11.2 – “təhlükəli döngə” nişanları, Zərdab şəhəri ərazisinə girişdə isə “yaşayış məntəqəsinin başlanğıcı” nişanı quraşdırılmışdır.
İcazənizlə fikrimə bir neçə vacib nümunə ilə aydınlıq gətirmək istəyirəm.
1. Rayon mərkəzindən gələrkən Kəndəbil kəndinin başlanğıcındakı sərt və çox təhlükəli döngədə 1.11.2 nişanı quraşdırılmışdır. Lakin, nişan əksəriyyət vaxtı fosforu töküldüyü və görünməz vəziyyətdə olduğundan, nəticədə hər gün bu ərazidə çoxsaylı real təhlükə şəraiti yaranır. Ətrafda beton su kanalının olması isə vəziyyəti daha da təhlükəli edir.
2. Xüsusən Aşağı Seyidlər, Şəftəhal, eləcə də Əlvənd kəndinin bir hissəsindən keçən yol tamamilə yaşayış məntəqəsi ərazisi olsa da, təəssüf ki, “yaşayış məntəqəsinin başlanğıcı” nişanı quraşdırılmadığından nəticədə dırnaqarası intizamlı sürücülərimiz sürət həddinə məhəl qoymadan qəza vəziyyəti yaradırlar.
3. Zərdab rayonu bütünlüklə Kür-Araz çökəkliyində yerləşir. Bu cür coğrafi yerləşmə xüsusiyyətinə görə rayon ərazisində bəzən aylarla qatı duman (xüsusən də qış aylarında) hökm sürür. Yeri gəlmişkən artıq neçə gündür ki, ərazidə saatlarla davam edən qatı duman müşaiyyət olunur. Bu cür havada yol xətlərinin, xüsusən də “əks istiqamətli nəqliyyat axınlarını ayıran orta qırıq və bütov ağ xətt”in necə böyük həyati əhəmiyyət daşımasının zənnimcə heç bir şərhə ehtiyacı yoxdur. Təəssüf ki, bu yolda bir metr də olsun xəttə rast gəlinmir. Yol kənarlarında heç bir qoruyucu hasarların da olmaması vəziyyəti daha təhlükəli edir və nəticədə ərazidə qəzalar baş verir.
Düşünürük ki, vacib biləcəyiniz bütün nişanları, xüsusən də “baş yol”, “yaşayış məntəqəsinin başlanğıcı”, “ötmək qadağandır” , “2-ci dərəcəli yolun bitişməsi” , “2-ci dərəcəli yolla kəsişmə” “yol verin”, “dayanmadan keçmək qadağandır”, “piyada zolağı”, “düzünə və saga, düzünə və sola”, “mal-qara keçidi”, “döngənin istiqaməti”, “əks istiqamətli nəqliyyat axınlarını ayıran orta qırıq və bütov ağ xətt” və “ hərəkət hissəsinin kənarına çəkilən sarı xətt” nişanlarını quraşdırmanız bu yolda bundan sonra baş verə biləcək çoxsaylı faciəvi qəzaların qarşısını almış olar və bununla da neçə-neçə azərbaycanlı ailəsinin, uşaqların gözü yaşlı qalmaz. Xahiş edirəm əgər istərsənizsə nümayəndələriniz vasitəsilə qeyd etdiyim problemləri bir daha yerindəcə araşdıra bilərsiniz.
Eyni zamanda rayonun digər – Ağcabədi və Ucar rayonları istiqamətlərindəki yollarında da eyniadlı “yol hərəkəti nişanları” problemləri mövcuddur.
Cənab Rəis!
Sizin necə məsuliyyətli, səmimi, diqqətcil və humanist bir azərbaycanlı olmağınız şəxsən mənə yaxşı məlumdur. Çünki bir neçə il bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 90 saylı orta məktəbin qarşısında da eyniadlı problemlə bağlı Sizə elektron müraciət etmişdim. Siz dərhal bu müraciəti şəxsi nəzarətinizə götürərək həmin ərazidə lazım olan bütün yol hərəkəti nişanlarının quraşdırılmasını çox qısa bir müddətdə təmin etdiniz. Bir vətəndaş olaraq çoxsaylı Zərdab rayonu sakinlərinin də ürəyindən keçən bu arzunu və xahişi də Sizə həmin həvəs və ümidlə yazıram. Əminəm ki, Cənab Prezidentimizin də məmurlarımıza xalqa xidmət göstərmək tapşırığına uyğun olaraq, eləcə də “Dünya azərbaycanlılarının həmrəyliyi günü” ərəfəsində qədirbilən Zərdab insanları ilə həmrəyliyinizi nümayiş etdirəcək, rayonumuzun magistral yollarında yol hərəkəti nişanlarının quraşdırılmasına köməklik göstərəcəksiniz.
Rayonumuzun digər sakinlərinin də arzu və istəyi olduğunu nəzərinizə çatdırmaq məqsədilə Sizə ünvanladığım bu müraciətimin tam mətnini respublikamızın ilk peşəkar region saytı olan “Zerdab.com” saytında yerləsdirirəm. Əminəm ki, rayon sakinlərimiz də öz şərhlərini yazaraq bu müraciətə aktiv qoşulacaqlar.
Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.
Dərin hörmətlə Süleymanov Qurban Süleyman oğlu.
E/Ü – qurban76@gmail.com
Tel: (055) 647-14-54

9 ŞƏRH

  1. Müraciəti oxuyarkən mənə elə gəldi ki,Qurban müəllim ünvanı səhv salıb.Sonra gördüm ki,mən yanılmışam.Çünki,mənə elə gəlmişdi ki,Qurban müəllim magistraldan Şahhüseynli kəndinə qədər olan yolun asfaltlanması üçün müraciət edər.Bu müraciət isə başqa şəxsə ünvanlanmalıdır.Hər halda Qurban müəllimin qaldırdığı məsələ də aktual və əhəmiyyətlidir.Allah razı olsun.

  2. Zardab rayon yol polislari, basda Qayinin raisi Musviq olmaqla yollarda pul yigmaqla masguldu.

  3. Yaşar müəllim, şərhinizə görə təşəkkür edirəm. Şahhüseynli kəndi doğma kəndimdir və mənimçün çox əzizdir. Lakin rayonumuzun digər kəndlərinin də heç birinin yolunun asfaltlanmadığını nəzərə alsaq, bir Zərdablı kimi ayrı-seçkilik edərək mənim bu xahişi etməyim qeyri-etik olardı və çox yəqin ki, bir nəticəsi də olmazdı. Çünki respublikamızın kənd yollarının asfaltlanması çox böyük maliyyə tələb edən məsələdir və Dövlət Proqramları vasitəsilə icra olunur. Şükürlər olsun ki, dövlətimiz günü-gündən iqtisadi cəhətdən inkişaf edir. Bunun da məntiqi nəticəsi olaraq yaxın illər ərzində bütün digər kəndlərimiz kimi, inşaallah doğma Şahhüseynli kəndinin də bütün yol təsərrüfatını gözəl asfaltlanmış vəziyyətdə görəcəyik. Etdiyim müraciətə gəldikdə isə düşünürəm ki, bu günümüz üçün həlli daha tez və vacib olan bir məsələdir. Çünki söhbət bu yoldan istifadə edən minlərlə insanın həyati təhlükəsizliyinin təmin olunmasından gedir. Bu yolda qeyd etdiyim vacib yol hərəkəti nişanlarının olmaması ucbatından hər ötən gün, saat, dəqiqə, saniyə ağır yol qəzalarının baş vermə riski mövcuddur. Əminəm ki, çox hörmətli Ramiz müəllim məsələnin ciddiliyini nəzərə alaraq müsbət tədbirlər görəcək və zərdablıları sevindirəcək. Fürsətdən istifadə edərək istifadəçiləri bu müraciətə aktiv münasibət bildirməyi bir daha xahiş edirəm.

  4. Hörmətli Vüsal Qasımov. Təəssüf edirəm ki,yazını diqqətlə oxumamısınız. Əks təqdirdə görərdiniz ki, müraciət birinci olaraq Ramiz Zeynalovun elektron ünvanına göndərilib. Rəyinizə görə isə təşəkkür edirəm.

  5. Hörmətli Loğman İbrahimov. Kor nə istər – iki göz: Biri əyri, biri düz. Bizim də istədiyimiz odur ki, nişanlar quraşdırılsın. Mən bilən isə quraşdırılmır. Söhbət bütün vacib nişanlardan gedir, 1-2 dənədən yox. Şərhiniz üçün təşəkkür edirəm.

  6. Çox şadam ki, bir müddət əvvəl Zərdab-Otmanoba magistralında yol hərəkəti nişanlarının quraşdırılması xahişi ilə çox hörmətli Ramiz Zeynalova ünvanladığım rəsmi müraciət artıq məntiqi sonluğuna çatıb – bu yolda bütün vacib işarələr quraşdırılıb.
    Tanrıya çox şükürlər olsun ki,bununla da bəlkə də baş verə biləcək neçə yol hərəkəti qəzaları və faciələrinin qarşısı alınıb, eləcə də alınmaqda davam edəcək.
    Özümü çox xoşbəxt hesab edirəm ki, bu işarələrin quraşdırılmasında bəlkə də az da olsa mənim də bu yazılı müraciətimin rolu olub. Bir daha Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Polis general–mayoru Zeynalov Ramiz Məhəmmədəli oğluna, eləcə də “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanova, xüsusən də bu işdə zəhməti keçən hər kəsə, hər bir işçiyə dərin təşəkkürümü bildirirəm.
    Ayrıca bu müraciətimin mətninin, eləcə də yuxarıdakı qurumlar tərəfindən cavab olaraq mənə göndərilmiş rəsmi məktubların surətlərinin “Zerdab COM” saytında öz əksini tapmasına şərait yaratdığı üçün hörmətli Nicat İntiqama dərin təşəkkürümü bildirirəm.
    Canım Sizə qurban olsun, əziz zərdablılarım. Bundan sonra da çalışacağam ki, bir zərdablı olaraq gücüm daxilində öz camahatıma xidmət göstərim. Bu mənim üçün böyük fəxrdir.
    İnşaallah yaxınlarda edəcəyim yeni müraciətimdə çalışacağam ki, bu işarələrdən heç də az əhəmiyyət kəsb etməyən, xüsusən də payız fəslində günlərlə bu yolda hökm sürən qatı duman şəraitində əvəzolunmaz rol oynayan ağ və sarı xətlərin, dəmir qoruyucuların da quraşdırılmasına nail olaq.
    Dərin hörmətlə, Qurban Süleymanov-Şahhüseynli

  7. Tebrikler. Çox sevindim. İnşallah, her zaman xoş xeberleriniz gelsin. Biz de sevinek.

Comments are closed.