Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) H. Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaqdır. Bu barədə Zerdab.com saytına AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, qərar dekabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib: “Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, xalqın qədim və zəngin tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması işində muzeylər əvəzolunmaz rol oynayır. Əksər muzeylər elm və mədəniyyətin yalnız bir sahəsini nümayiş etdirdiyi halda təbiət tarixi muzeyləri ölkənin geoloji inkişaf tarixinin bütün aspektlərini əhatə edir. Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın əmələ gəlmə tarixini, geoloji keçmişini, bənzəri olmayan flora və faunaları, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşma və mədəni inkişaf tarixini, qədim və müasir yaşayış dövrlərindəki ekoloji şəraiti nümayiş etdirməkdir.
Sonda AMEA-nın nəzdində yaradılması nəzərdə tutulan Həsən bəy Zərdabi adına Milli Azərbaycan Təbiət Tarixi Muzeyinin Əsasnaməsi təsdiq edilmişdir”.
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 492 55 93
pr@science.az
pr.amea.rh@gmail.com