Zərdab Rayon İcra Hakimiyyəti Məlik Məhərrəmov küçəsi ilə bağlı açıqlama yaydı

1
54
Zərdab rayonu
“Məlik Məhərrəmov küçəsinin asfaltlaşdırılması, səkinin təmir olunması və digər işlərin görülməsi Rayon İcra Hakimiyyətinin nəzarətindədir, bu işlər yaxın vaxtlarda davam etdiriləcəkdir”.

“Zərdab şəhərinin Məlik Məhərrəmov küçəsindəki vəziyyətlə əlaqədar müxtəlif internet saytlarında və sosial şəbəkələrdə yayılmış məlumatla bağlı bildiririk ki, son illər Zərdab rayonunda tikinti-quruculuq və insanların sosial problemlərinin həlli istiqamətində analoqu olmayan işlər görülüb”. Bu fikirlər Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən açıqlamada yer alıb.

Yazılı açıqlamada daha sonra deyilir: “Zərdab rayonunda su xətti 1960-cı illərdə çəkilib və son dövrə qədər həqiqətən istismara yararsız vəziyyətə düşmüşdür. Kanalizasiya xətti isə ümumiyyətlə olmayıb.

Cənab Prezidentin 2011-ci ilin mayında rayona səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə  rayona su və kanalizasiya xəttinin çəkilməsinə köməklik göstərilməsi xahiş olunub. Möhtərəm Prezidentimizin tapşırığına əsasən elə həmin il bu işlərə başlanılıb. Artıq Zərdaba Ağsu rayonundan 72 km məsafədə təmiz içməli su xətti çəkilib. Şəhər əhalisi əsasən təmiz içməli su ilə təmin olunub. Kanalizasiya xəttinin çəkilişinə başlanılıb, lakin bəzi texniki səbəblərə görə hazırda bu iş dayandırılıb və 2014-cü ildə davam etdirilməsi nəzərdə tutulur.

Respublikamızın su və kanalizasiya xətti çəkilən digər rayonlarında olduğu kimi Zərdabda da küçələrin və səkilərin qazılması zərurəti yaranmışdır. Hazırda işlər davam etdiyindən qazılan küçələrin və səkilərin bərpası hissə-hissə təmin olunur. Artıq şəhərin Azərbaycan, Zərdabi küçələrinin və Heydər Əliyev prospektinin qazılmış hissələri asfalt örtüklə təmin olunmuşdur. “Azərsu” ASC ilə bağlanmış müqaviləyə əsasən bütün qazılan küçələrə yeni asfalt örtüyü vurulacaqdır. Rayonun Məlik Məhərrəmov küçəsi də istisnalıq təşkil etmir. Həmin küçədə su xətti çəkiləndən sonra həqiqətən insanların və nəqliyyat vasitələrinin normal hərəkətində müəyyən çətinliklər yaranmışdır. Küçədə lazımi hamarlama işi aparıldı, zəruri yerlərə çınqıl örtüyü verildi və küçənin tam asfaltlaşdırılması nəzərdə tutulur. Əlavə olaraq bildiririk ki, M.Məhərrəmov küçəsində su ötürücü kollektor şəbəkəsi təmizlənmiş, küçənin işıqlanma sistemində təmir işləri aparılmışdır. M. Məhərrəmovun adı yazılan lövhələr qaydaya salınmışdır. Həmin küçənin asfaltlaşdırılması, səkinin təmir olunması və digər işlərin görülməsi Rayon İcra Hakimiyyətinin nəzarətindədir, bu işlər yaxın vaxtlarda davam etdiriləcəkdir”.

Zərdab Rayon İcra Hakimiyyəti