Zerdab.com saytı “Xalq qəzeti”ndə dərc olunmuş “Zərdabın payız günləri” adlı məqalən təqdim edir.
Bakı–Qazax avtomagistralının “Ucar dördyolu” deyilən yerindən sola ayrılan şose düm-düz uzanıb Kürqırağına yetişir. 35-40 kilometrlik yolun üstündəki kəndlərin, təxminən, yarısı Ucarın, bir o qədəri də Zərdab rayonunun ərazisində yerləşir. Bu yerləri ölkənin düzənlik ərazisini əhatə edən Aranın mərkəzi hissəsi də saymaq olar. Yolkənarı çöllərdə diqqəti çəkən yulğun kolları və qamışlıqlar bu yerlərin yaşıl bayraqları kimi ötüb-keçənlərə, sanki, əl eləyir. Boz-məxməri yovşanlıqların min bir çalarlı qoxusu isə, elə bil, torpağın əzəli-əbədi ətridir.
Yavaş-yavaş günorta yerinə səmt alan Günəş ətrafı gözqamaşdıran bir işığa qərq eləsə də, bayırda sazaqdır. Aranın yazı-yayı isti olduğu kimi, payızı-qışı da soyuqdur. Güneydə – Arazın o tayında Savalanın, Quzeydə isə Şahdağın başıqarlı zirvələri isti aylarda Arana axşamlar sərinlik, soyuq vaxtlarda isə buz nəfəsini endirir. Min illər boyu babalar-nənələr həyatlarını, güzaranlarını təbiətin bu sərt nizamına uyğun qurmuş – yayı yaylaqda, qışı isə qışlaqda keçirmişlər. Aranın sərt, quru iqlimi əkin-biçinə imkan vermədiyindən əhali Kür–Araz ətrafı geniş çöllərdə, əsasən, köçəri heyvandarlıqla məşğul olmuşdur. Yalnız çaylar boyunca ensiz zolaqda, Tuqay meşələrin talalarında, sutarlarda il rüzisinə yetən taxıl əkilmişdir. Şoran və susuz çöllər özümidinə dəvətikanı və yovşandan başqa bir şey bitirməmişdir.
Ötən əsrin ikinci yarısından Mincəçevir dəryaçasının tikilməsi və bu yerlərdə geniş meliorasiya-irriqasiya işlərinin aparılması ilə Kür–Araz ovalığında tariximizdə ilk dəfə aqrar-mədəni inqilab baş vermişdir. Sıx kanallar və yollar şəbəkəsinin yaradılması nəticəsində yaşayış çay kənarlarından ətrafa da yayılmış , yarımköçəri əhali qışlaqlarda oturaqlaşmışdır. Vaxtilə Kürqırağı 5–10 obadan ibarət Zərdab rayonu da bu tarixi-demoqrafik prosesdə yaranmışdır. Keçən onilliklərdə Kürün qıvrıla-qıvrıla axdığı bu bölgədə heyvandarlıqla yanaşı, mədəni əkinçilik də hərtərəfli inkişaf etmişdir. Min illər boyu yaz və payızın dəmyə otlağına möhtac olan, olsa-olsa, bir balaca taxıl əldə edən, Kür daşanda isə əli boşda qalan insanlar artıq çoxdandır ki, bol günəşin və suyun hesabına istədikləri məhsulu əkib-becərirlər.
Bu torpağın misilsiz yetirməsi, elm, təhsil, tərəqqi aşiqi Həsən bəy Zərdabi bir vaxtlar yurdumuzun bu xam torpaqlarının cana gətirilməsi, həmyerlilərinin isə sivil həyata qouşması üçün zəkasını məşələ çevirmiş, çətin və qarşısıalınmaz bir mücadilə aparmışdı…
Bu düşüncə və mülahizələrlə əsr yarım əvvəl balaca Həsəni elm-bilik ardınca böyük dünyaya aparan yola körpü salıb Zərdab şəhərinə yetişirik. Düm-düz üzanıb Kürün sahilinə qovuşan geniş, yaraşıqlı Heydər Əliyev prospekti ilə irəlilədikcə son bir neçə ildə Zərdab şəhərinin necə sürətlə müasirləşdiyinin şahidi olursan. Yeri gəlmişkən deyək ki, vaxtilə Zərdab rayon mərkəzi kimi formalaşdırılarkən enli və düz küçələr salmış, onun gələcəyin şəhəri kimi inkişafını da nəzərə almışlar. Ona görə də Zərdabın indiki qurucuları nəyisə uçurmalı, köçürməli olmurlar. Son illərdə yeni tikilmiş obyetlər, görkəmi müasirləşdirilmiş tikililər isə şəhərin simasını büsbütün dəyişdirmişdir. Özü də abadlaşan təkcə rayon mərkəzi deyil, irili-kiçikli bütün yaşayış məntəqələridir.
Rayon Mədəniyyət Evinin qarşısında Zərdab dahisinin heykəli önündə dayanıb ustadın ruhuna rəhmət diləyirik. Sonra Həsən bəyin bu yaxınlarda təmir edilib yeni tərtibat verilmiş ev muzeyinə gəlib, millətsevər ziyalının xalq işinə həsr olunmuş ömür yoluna, öyünclü əməllərinə nəzər salırıq. Muzeyin materialları və cəfakeş maarifçinin bioqrafiyasından bildiklərimiz Zərdabinin burada keçirdiyi günləri, doğma yurdda məktəb, xəstəxana açmaq cəhdlərini, üzləşdyi hədsiz nadanlıq və cəhaləti yadımıza salır. Kaş o millətsevər insan bir anlığa da olsa Zərdabın bu günlərini görəydi. Təkcə Heydər Əliyev Parkına, yaxud Kürqırağı bulvara baxmaq bəs edərdi ki, dünyadan narahat köçmüş babamız arzu-istəklərinin geniş miqyasda gerçəkləşdiyinin şahidi olsun…
Milli mətbuatımızın banisinin doğulduğu torpaqda bu gün onun “Əkinçi”sinin yolunu davam etdirən eyniadlı qəzet nəşrini davam etdirir. Redaksiya rayondakı geniş və hərtərəfli quruculuq işlərini, sakinlərin arzu-istəklərini əks etdirməklə yanaşı, Həsən bəyin Zərdabda 16 illik sürgün həyatı yaşadığı illərdə rusdilli mətbuata, daha çox isə “Kaspi” qəzetinə göndərdiyi “Zərdabdan” başlıqlı və digər çoxsaylı yazılarını oxuculara təqdim edir. Baş redaktor İsaməddin Əhmədovun Zərdaba və Zərdabiyə sevgi ilə dilimizə çevirib çapa hazırladığı salnamə səciyyəli bu materiallar təkcə Zərdabın deyil, bütövlükdə ölkəmizin o dövrkü həyatının canlı mənzərəsini əks etdirir. Həsən bəyin 113 il əvvəl qələmə aldığı bir lövhəyə nəzər salmaqla və işıqlı Zərdabın bu gününə onun qaranlıq dünənindən baxmağa çalışaq:
“Girişdə – döşəmədən bir qədər hündürdə qazmanın divarlarına nazik ağac bərkidilmişdir ki, toyuqlar bu ağacların üstündə gecələyirlər. Qazmanın o biri tərəfində, buxarının yanında ev sahiblərinin mitili – yorğan-döşəyi yığılmışdır. Küncə tüfəng söykənmişdir, bir az aralıda atın yəhəri, çul gözə dəyir. Giriş qapısının o biri tərəfində yerə ağac paya basdırılmışdır ki, bu dirəyə də buzovlar bağlanır. Bunların arxa tərəfində– küncdə isə qamışdan ayrıca bir yer düzəldilmişdir ki, həmin yerdə də lap təzə doğulan və zəif quzular yatışır.”
Yenidən Zərdabın bugününə qayıdıb rayon icra hakimiyyətinə gəldik. İlin əvvəlindən görülmüş işlər, həyata keçirilən tədbirlər barədə fakt və sənədlərlə tanışlıqdan sonra rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevlə görüşüb söhbətləşdik. Başçı son bir neçə ildə rayonda aparılan hərtərəfli quruculuq-abadlıq işlərinin sürət və miqyasından, diqqətçəkən sosial-iqtisadi inkişafdan söz açaraq bildirdi:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ilin 7 oktyabrında Zərdaba səfərinin xoş təəssüratı ötən bir ildə zərdablıların əlavə və güclü quruculuq enerjisinə çevrilmişdir. Dövlət başçısının bir ildə rayonumuzla bağlı beş sərancam imzalaması, göstərdiyi maddi və mənəvi dəstək nəzərdə tutulmuş layihələri vaxtında və uğurla həyata keçirməkdə başlıca amil olmuşdur. Bunu qazanılmış nailiyyətlərin əhatəsi və çəkisi də təsdiqləyir.
İlin əvvəlindən rayon iqtisadiyyatının əsas sahələrində 80 milyon manatlığa qədər məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründən xeyli çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində bu il rayonda 272 daimi iş yeri yaradılmışdır.
İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında dinamik inkişaf davam etdirilmişdir. Taxılçılıqda uğur daha diqqətçəkəndir. Bu il 5811 hektardan15422 ton arpa, 11323 hektardan 31675 ton buğda, ümumilikdə, 47097 ton taxıl istehsal olunmuş, məhsuldarlıq ötən illə müqayisədə 1,7 sentner, istehsal isə 9 min tona qədər artmışdır. Fermerləri yüksək reproduksiyalı toxumla təmin etmək məqsədilə 5 təsərrüfatda 206 hektardan orta hesabla 3 sentner olmaqla 684,4 ton taxıl istehsal olunmuşdur.
2012-ci ilin eyni dövrünə nisbətən hazırda iri mal 295 baş artaraq 54011-ə, xırda mal 822 baş artaraq 110968-ə, ət istehsalı 283 kiloqram çoxalaraq 3282,2 tona, süd 2,8 ton yüksələrək 16312,2 tona, yumurta istehsalı min ədəd artaraq 6 milyon 92 min ədədə, yun istehsalı 700 kiloqram çoxalaraq 160,5 tona çatmışdır. “Turac-2008″ MMC əhaliyə 10810 baş cücə satmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 950 baş çoxdur.
Rayon Suvarma Sistemləri İdarəsi bu mövsümdə 17134 hektar taxıl, 15593 hektar yonca, 475 hektar pambıq, 535 hektar bostan-tərəvəz, 12 hektar çəltik, 1932 hektar həyətyanı, 1168 hektar meşə sahəsinə və çoxillik əkinlərə su vermişdir. İdarənin həyətində mərkəzi regional ofis, 17 kənddə isə su birlikləri üçün inzibati binalar tikilmişdir. Qoşaoba, Məmmədqasımlı, Məlikumudlu, Alıcanlı, Bəyimli, Ağabağı, Hüseynxanlı və digər nasos stansiyalarında 434 kilometr kanallar lildən təmizlənmişdir. 65 hidrotexniki qurğu, 8 hidropost, 3 bina cari, 20 nasos stansiyası əsaslı təmir olunmuşdur.
Meşəsalma Müəssisəsi 29 hektarda meşə salmış, 23 hektarda palıd səpini aparmış, 2,5 hektarda tinglik, 2 hektarda tingböyütmə sahəsi yaratmışdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə – 90 min ədəd ağac təşəbbüsünə uyğun olaraq, ümumilikdə, rayonda 93 mindən çox müxtəlif cinsli ağac əkilmişdir.
“Aqrolizinq” ASC-nin Aqroservis filialı bu il 2681 hektarda taxıl biçmiş, 1219 hektarda şum aparmış, 29 hektar yonca səpini aparmış, 62 hektarın toxumunu döymuş, 220 hektarın otunu biçib-dırmıqlamışdır. Torpaq mülkiyyətçilərinə güzəştli qiymətlə 320 ton azot gübrəsi və 240 litr amin duzu satılmışdır. 5 yeni taxıl kombaynının alınması nəzərdə tutulmuşdur.
Müsahibimiz daha sonra bildirdi ki, rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafı istiqamətində də xeyli iş görülmüşdür. Dövlət Proqramına uyğun olaraq Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik məktəb binalarının tikintisi başa çatdırılmış və sentyabrın 16-da istifadəyə verilmişdir. Körpükənd tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, Zərdab şəhər 3 saylı tam orta məktəbinin fasadında isə cari təmir işləri aparılmışdır.
Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasanın inkişaf etdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Zərdab şəhər 3 saylı və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarının binalarında əsaslı təmir başa çatdırılmışdır. Hər iki və ya bir valideynini itirən, eləcə də aztəminatlı ailələrdən olan 324 nəfər uşağa Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi məktəbli geyimləri və dərs ləvazimatları hədiyyə etmişdir. Təhsilin inkişafına ölkəmizdə göstərilən diqqət və qayğının sevindirici nəticələrindən biri kimi, 2013-cü ildə 135 nəfər zərdablı məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur.
Rayon rəhbərliyinin təşəbbüsü ilə respublikanın tanınmış həkimlərinin rəhbərliyi ilə tibbi briqadalar rayona gələrək əhaliyə yüksək səviyyədə xidmət göstərmişdir. Bakı şəhəri OFKO Göz Klinikasından tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim briqadası bu ilin may ayında 150 sakini müayinə etmiş, 36 nəfər xəstədə isə cərrahi əməliyyat aparmışdır. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü ilə 23–25 sentyabrda 16 nəfərlik həkim briqadası 1600-dən çox xəstəni müayinə etmiş, lazımi müalicə aparmış və məsləhətlər vermişdir. Rayon Mərkəzi Xəstəxanasının həkim briqadaları isə ötən aylarda Əlvənd, Şahhüseynli, Şəftəhal, Məlikli, Kəndəbil, Sarıqaya kəndlərində əhalini tibbi müayinədən keçirmişlər.
Mərkəzi Rayon Xəstəxanasında avqust ayından təmir işlərinə başlanılmışdır. Yerli büdcə vəsaiti hesabına il ərzində Zərdab Mərkəzi Rayon Xəstəxanasına 143 min manatlıq yumşaq inventar, yataq ləvazimatı, maşın və avadanlıq, 30,2 min manatlıq odun alınmışdır. Şahhüseynli, Kəndəbil, Qaravəlli kənd həkim məntəqələrində 39,8 min manatlıq cari və əsaslı təmir işləri aparılmışdır.
Başçı rayonun mədəni həyatında baş vermiş yaddaqalan hadisələrdən də söz açdı. Lütvəli müəllim bildirdi ki, mədəni-kütləvi tədbirlərin dairəsi bu il daha da genişləndirilmişdir. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Heydər Əliyev parkında və kəndlərdə maraqlı konsert proqramları təşkil edilmişdir. Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə bağlı rayonda geniş tədbirlər keçirilmişdir. Görkəmli alimlərdən akademiklər Vasim Məmmədəliyevin və Teymur Bünyadovun, professor Çingiz Cərullazadənin və iştirakı ilə elmi-praktik konfrans , Heydər Əliyev Parkında isə “Kitab bayramı” təşkil edilmişdir. Ulu öndərin 90 illiyi münasibətilə bu il “İstedadlar sorağında-2013″ baxış müsabiqəsi də keçirilmiş, may ayının 27-də qaliblər mükafatlandırılmış və onların iştirakı ilə yekun konsert olmuşdur.
Həsən bəy Zərdabi Muzeyində ilin birinci yarısında əsaslı təmir və bədii tərtibat işləri başa çatdırılmışdır. İl ərzində Uşaq İncəsənət Məktəbində, Mədəniyyət Evində, Mərkəzi Kitabxanada və Tarix Diyarşünaslıq Muzeyində cari təmir işləri aparılmışdır. Mədəni-maarif müəssisələrinə 146 min manatlıq inventar, digər maşın-avadanlıqlar alınmışdır.
Müsahibimiz rayonun idman həyatında baş verən sevindirici hadisələrdən də söhbət açmağı unutmadı. O bildirdi ki, Stokholm şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə 12 yaşlı şahmatçı Talıbxan Talıbxanlı 3-cü yerə çıxmışdır. Bakıda keçirilən VKC karate növü üzrə Azərbaycan çempionatında rayon komandası 7 qızıl, 3 gümüş, və 3 bürünc medal qazanmışdır. Odessa şəhərində keçirilən 6-cı Dünya Kuboku yarışlarında Nərmin Camalzadə karatenin VKC növü üzrə 18-35 yaş qrupunda, 48 kiloqram çəkidə qalib olmuşdur.
Başçı daha sonra bildirdi ki, xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Əhali sektoru üzrə 1 milyon 720 min kv-saat elektrik enerjisi istehlak olunaraq, dəyəri 97,8 faiz ödənilmişdir.
Dəli Quşçu və Dəkkəoba kəndlərinin və Kür çayının daşmasından evləri ziyan çəkmiş ailələr üçün salınmış yeni qəsəbədə evlərin qazlaşdırılması tamamlanmışdır. İlin əvvəlindən Pərvanlı, Yarməmmədbağı, Lələağacı, Gödəkqobu, Məmmədqasımlı, Dəkkəoba və Dəli Quşçu kəndləri istiqamətində ümumilikdə 15,3 kilometr qaz xətti çəkilmişdir. Dəli Quşçu kəndində 286, Dəkkəoba kəndində 288 abonentə qaz verilmişdir. Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərində də təzliklə evlərdə qaz yanacaq. İl ərzində 11 kənddə qaz xəttinin açılışı nəzərdə tutulur. Əhaliyə satılmış qazın dəyəri 105,9 faiz ödənilmişdir.
Rayonda içməli suya olan tələbatın ödənilməsi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. “Hidro-Lotus” Məhdud Məsuliyyətli Cəmiyyəti il ərzində müxtəlif diametrli borularla 27942 metr şəhərdaxili su xətti çəkmiş və 2250 smartkart su sayğacları quraşdırmışdır. 3000-dən çox ailənin ekoloji cəhətdən təmiz içməli sudan istifadə etməsi təmin olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlki illərdə 17 ədəd modul tipli su təmizləyici qurğu, 194 bulaq tikib istifadəyə vermişdir. Qaravəlli, Çallı, Xanməmmədli, Əlibəyli, Hüseynxanlı, Aşağı Seyidlər, Salahlı, Gəlmə, Allahqulubağı, Sarıqaya, Otmanoba, Şəftəhal kəndlərində belə qurğular işə salınacaq.
Rayonda olarkən yol təsərrüfatında aparılan işlərlə də tanış olduq. Ötən il Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunda 5,4 milyon manat vəsait hesabına 11 kilometr məsafədə yüksək keyfiyyətli asfalt örtük döşənmişdir. Nazirlər Kabineti bu yolun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrmışdır. Hazırda yola asfalt qoyuluşu davam etdirilir. İndiyədək Zərdab-Mollakənd avtomobil yolunun 26 kilometrində üst layın tikintisi başa çatdırılmışdır. Qarşıdakı 5 ildə rayonda daha 40 kilometr kəndarası yolların asfaltlaşdırılması nəzərdə tutulur.
Öyrəndik ki, tikinti—quruculuq işlərini uğurla davam etdirmək, zəruri işləri həyata keçirmək üçün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ilkin layihəsində Zərdab rayonu üzrə hazırlanmış 86 bənddən ibarət təkliflər nəzərə alınmışdır.
Səfər zamanı söhbət etdiyimiz adamlar nədən danışsalar da axırda builki prezident seçkilərindən söz açır, səs verdikləri namizədin qələbəsini yeni uğurların təməli, quruculuq və rifahın təminatı kimi dəyərləndirirdilər. Onlar bildirdilər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını bundan sonrada dəstəkləyəcək, bütün qüvvə və bacarıqlarını rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə sərf edəcəklər. Dövlət başçısının Zərdaba və zərdablılara göstərdiyi yüksək diqqət və qayğı son illərdə rayonu sürətli inkişaf yoluna çıxarmış, əhalinin güzaranını yüksəltmişdir.
Zərdab, həqiqətən, bu gün bu torpağın Azərbaycan xalqına bəxş etdiyi böyük xalq xadimi, tərəqqi aşiqi, əməlpərvər ziyalı Həsən bəy Zərdabinin arzuladığı, soraq verdiyi günlərə qovuşmuşdur. Zərdabın son 10 ildə qazandığı uğurlar isə ötən 1 əsrdəki sivil inkişafa bərabər olmaqla, qədim Aran torpağına XXI əsrin gerçəkliklərini gətirmişdir. Bu o deməkdir ki, Zərdab artıq dünyada yaxşı nə varsa onlara qovuşmuşdur.
Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV, “Xalq qəzeti” Zərdab–Bakı
Müasir jurnalistikamızın dəyərli yazarları Tahir Aydınoğlu və Ziyəddin Sultanovun ” Xalq qəzeti” ndə dərc olunmuş “Zərdabın payız günləri ” adlı materiallarını diqqətlə oxudum. Çox xoşuma gəldi. Müəlliflərə təşəkkür edirəm və Zərdab haqqında növbəti belə yüksək səviyyəli yazılarını gözləyirəm.Hörmətli müəlliflərə zərdablı oxucuların salamlarını göndərirəm və qarşıdan gələn yeni illərini təbrik edirəm.
Bu cənablar:”Bakı–Qazax avtomagistralının “Ucar dördyolu” deyilən yerindən sola ayrılan şose düm-düz uzanıb Kürqırağına yetişir.” yazmaqla Zərdaba gəlmədiklərini sübut ediblər.Axı burada hansı düm-düz yoldan söhbət açamaq olar?!Bu cümlədən sonra yazılanların doğruluğuna kimi inandırmaq olar?!
“Bakı–Qazax avtomagistralının “Ucar dördyolu” deyilən yerindən sola ayrılanşose düm-düz uzanıb Kürqırağına yetişir.”Aşağıdakı link-ə tıklayın və bu yolun “düm-düzlüyünə əmin olun!
http://odnoklassniki.ru/video/1047988476
—————————————————
Comments are closed.