Həddini bilmək

0
61

stopYazıya verdiyimiz bu adla əlaqədar məsələ hər zaman üçün o qədər mühüm və aktualdır ki, imkan düşdükcə bu istiqamətdə yazmaq, danışmaq lazımdır.

Uca kitabımız Qurani-Kərimdə, sevimli Peyğəmbərimizin (s.ə.s) hədislərində insanın öz həddini bilməsi ilə bağlı kifayət qədər açıq bəyanlar yer almaqdadır. İnsan öz həddini bilməyəndə, el arasında deyildiyi kimi, cızığından çıxır, cızığından çıxanda isə başqasının haqqını tapdalayır. İnsan təkcə öz həmcinslərinin haqqını tapdamır, heyvanata, nəbatata qarşı da haqsızlıq edə bilir. Bütün bunlar bir yana dursun, Allah-Təalaya (c.c.) qarşı da haqsızlıq edir. Bəndənin Allah-Təalaya qarşı ən böyük haqsızlığı Onu tanımamasıdır, verdiyi nemətlər üçün şükür etməməsidir.

Bu sətirləri yazarkən beynimdə dolaşdırdığım fikir isə Qurani-Kərimin məalən “Allahın sərhədlərini tapdamayın” bəyanıdır. Bu ifadənin çox geniş anlamları özündə ehtiva etdiyi bəllidir, amma mən, sadəcə, bir məqam üzərində düşüncələrimi paylaşmaq istəyirəm. Bu günlərdə qatıldığım tarix mövzusunda bir konfransda Şah Abbasdan danışılarkən haqqında bir neçə dəfə “cənnətməkan”, yəni “cənnətlik” ifadəsi işlədildi. Ən betəri isə o idi ki, tarixi iqtibaslarda da bu ifadənin yer aldığı söylənildi. Əgər xatırlayırsınızsa, nağıllarımızın girişində də belə bir söz düzməcəsi var: Şah Abbas cənnət məkan; İki qoz bir girdəkan; Tərəziyə vurdu təkan….”

Təkcə Şah Abbas haqqında deyil, hansısa Osmanlı sultanı haqqında da eyni ifadəni işlətməkdən çəkinmirlər.

Söhbəti bu yerdə qoyub, bir hadisəni oxucularımızın diqqətinə çatdırmaq istəyirəm: Səhabələrdən biri dünyasını dəyişmişdi və Rəsulullahın ora gəldiyini görən bir xanım: “Ey filankəs, sən cənnətliksən, cənazə mərasiminə Peyğəmbər gəlib”, – söyləmişdi və buna qarşılıq olaraq da Allahın Elçisi: “Ey qadın, mən Peyğəmbər olduğum halda, onun cənnətlik, ya cəhənnəmlik olduğunu bilmirəm. Sən onun cənnətlik olduğu haqqında necə qərar verə bilirsən?”,- deyə onu tənbeh etmişdi.

Yəni insan qeyb aləmini bilmədiyi halda, kiməsə cənnətlik, ya cəhənnəmlik yarlığı asması hər şeydən öncə özünə zülmdür. Hər kəs bunun hesabını Allah-Təalaya verəcək. Ona görə də bu mövzuda danışarkən, bir sözü ağızdan çıxararkən onun haralara qədər uzanacağını, öz başına nə kimi bəlalar aça biləcəyini min dəfə götür-qoy etməlidir.

Başqa bir misal: Sevimli Peyğəmbərimiz Həzrəti-Məhəmməd (s.ə.s.) buyurur ki, öncəki peyğəmbərlərdən birinin zamanında iki qonşu varmış, biri zahid, o biri də içki içən. Bu zahid dəfələrlə desə də qonşusunu o yoldan çəkindirə bilmir və bir gün ona: “Vallah, Allah səni bağışlamayacaq”, – deyir. Onlar ölüb Allah-Təalanın hüzuruna çıxırlar və Allah-Təala bu sözü dediyinə görə o adamı bağışlamır və cəhənnəmə atır.

Bütün bu bəyanlarla bizə verilən mesaj da budur: “Həddini bil!”

Bəli, Allah-Təala səni, ya məni Özünə vəkil təyin etməyib ki… Kimi bağışlayacağını, niyə bağışlayacağını, necə bağışlayacağını Özü bilir. Ona görə də hər kəs ilk növbədə özü ilə məşğul olmalı, hər gün, hər saat, hər an nəfsini tərbiyə etməlidir. Tanımadığın bir müsəlman haqqında “kafir” demək insanı müflis edə bilər, yəni bütün qıldıqlarının, tutduqlarının savabını əlindən alar. Yaxud da iç üzünü bilmədiyi halda kimisə “Allah dostu”, “övliya” adlandırmaq da insana bəla gətirə bilər. Əgər kiməsə çox inansan belə, sözünün əvvəlinə “inşallah” deyərək həqiqətin Allaha məlum olduğunu və bizim bildiyimizin ən yaxşı halda ehtimal olduğunu ifadə etmək lazımdır.

Həddini bilmək əslində başda Allah olmaqla hər kəsə, hər şeyə qarşı ədalətli olmaqdır. Zahiri görüntüyə aldanaraq qərar verməyək. Bir məsələni tam bilmədikcə onun haqqında fikir yürütməyə çalışmayaq. Unutmayaq ki, başımıza gələn və gələcək bəlaların böyük əksəriyyəti məhz dillə işlədiyimiz günahların meyvələridir. Yəni hər an özümüzə, öz nəfsimizə nəzarət etməliyik: Həddini bil, adam, həddini bil!

MƏNBƏ: ZAMAN. Müəllif: Əli Çərkəzoğlu. Email: e.cerkezoglu@zaman.az