Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağcabədi şəhərindəki 3 nömrəli məktəb-liseydə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VI siniflər üçün “Azərbaycan dili”, “Ədəbiyyat” və “Biologiya” dərsliklərinin müzakirəsini keçirib. TQDK-dan Zerdab.com saytına verilən məlumata görə, müzakirədə Zərdab, Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Tərtər, Füzuli rayon təhsil şöbələrinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak ediblər. Tədbirdə TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodik monitorinqi haqqında məlumat verib. İclasda “Azərbaycan dili”, “Ədəbiyyat” və “Biologiya” dərsliklərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallarına dair rəy təqdimatları olub, dərsliklərin məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu baxımından müzakirəsi aparılıb. Çıxış edənlər dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirib, dərsliklərlə bağlı fikirlərini bildirib və təkliflərini irəli sürüblər.
Zerdab.com