Böyük amal, böyük əqidə uğrunda göstərilən qeyrət böyük qəhrəmanlıqdır.
Bunu hər kəs bacarmaz.
Bu, qeyrətin birinci tərəfidir.
Qeyrətin məişət tərəfi də var.
Sən başqasının qadınına, ondan ötrü ölsən belə, pis gözlə baxırsansa, sənə min nifrət!
Sən qıza yalandan “sevirəm” deyib aldadırsansa, sənə min nifrət!
Sən gecə-gündüz yaltaqlanırsansa, səhərdən-axşama kimi öz mənliyini itirirsənsə, sənə min nifrət!
Sən haqqın basıldığını görüb susursansa, sənə min nifrət.
Bunun üçün dahilik lazım deyil.
Belə “qeyrət” üçün adicə adam olmaq da bəsdir.
Ancaq adamlıq da azalıb müəyyən mənada.
Belə bir axmaq kişi “fəlsəfəsi” vardı: guya ki, birinə deyirlər ki, sənin oğlun içirmi, deyir içmir.
Deyirlər siqaret çəkirmi, deyir ki, çəkmir.
Deyirlər ki, arvadbazlıq edirmi, deyir eləmir.
Deyirlər ki, o daha adam deyil ki, eşşəkdi.
Bu sözü deyənin özü eşşəkdi.
Bu xalq sözü deyil.
Qoy bizim kişilər araq içən olmasın, əyyaş olmasın.
Bu nöqteyi-nəzərdən tərtəmiz olsun.
Çünki bu saat eşşəklər o qədər artıb ki…
İndi o axmaq kişi “fəlsəfə”sinə görə kişinin gərək macərası olsun, o, kimisə aldatsın, o, gərək dondan-dona girsin.
Çox murdar fəlsəfədir.
Yad fəlsəfədir.
Elə adamların böyüklüyünə inanmaq olmaz.
Əyyaş adamın heç bir böyüklüyü ola bilməz.
“Yesenin araq içirdi, bəs mənə nə gəlib?”.
Başlayıb araq içir, amma Yeseninin şeirini yaza bilmir bədbəxt.
Moskva Dünya Ədəbiyyatı İnstitutunda oxuyanların çoxu araq içmək öyrəndilər, heç bir ədəbiyyat-filan düzəldə bilmədilər.
Bunu onların bəziləri mətbuatda da etiraf etdilər.
Heç bir institut ədəbiyyat düzəldə bilmir, yazıçı hazırlamır.
Heç bir institut istedad yetişdirmir.
Moskva və Ədəbiyyat İnstitutu Yesenin üsulu ilə böyük əsərlər yazacağını düşünən adamlar üçün arağın və bəzi şeylərin bolluğundan başqa bir şey deyildi.
Və arağın və bəzi şeylərin bolluğu onların beynində yad bir fikir formalaşdırdı: şair hamı kimi yaşaya bilməz.
Şair gərək gəzəyən olsun.
Şair gərək içəyən olsun.
İçib yıxılsın, əllərindən tutub qaldırsınlar.
Şair gərək gecə evə gələndə arvadını aldatsın.
Əgər aldatmırsa, daha o nə şairdir…
Belələri qocalanda zarımağa başladılar: “Mən ədəbiyyat yolunda can qoymuşam, xalqımıza xidmət göstərmişəm, indi mənə heç kim baxmır…”
Bu, axmaq fəlsəfədir, ona görə də XX əsr Azərbaycan ədəbiyyatında böyük şəxsiyyətləri barmaqla saymaq olar.
Bəlkə də, elə bu səbəbdən XX əsr Azərbaycan ədəbiyyatında böyük kişi surətlərinə az rast gəlmək olur…
Mənbə: ZAMAN. Müəllif: Loğman. email: m.logman@zaman.az