Zərdabın Yarməmmədbağı kəndində yolunuzu gözləyən var…

12
56

yolunuzu gözləyən varBahar cənnətin astanasıdır, günəş adama səbr etməkdə, gözləməkdə kömək edir. Amma qış qəmli xatirələri oyadır, rəngsiz acıların sonsuzluğunda insana səbirsizlik gətirir, darıxdırıcı hisslər yaşadır. Taleyin amansız zərbələrindən usanmış kimi bu dünyadan “əlini üzür”. Qəribədir, biz nə qədər kamil və ya daş ürəkli olsaq da, bu zərbələr yenə də mənliyimizin dərinliklərindən insan təbiətini üzə çıxarır. İnsanın yaşamaq istəyi onun bütün duyğularından önə keçir. Yaqut da bizim kimi doğuldu, baxışları ilə bu gözəl dünyanın mənasını anlamağa çalışdı, dil açdı, ürəyindən keçənləri ifadə etmək istədi. Böyüdü, məktəb yaşı çatanda dərsə getdi. “Ana”, “Vətən” kəlmələrini yazmağı öyrəndi. Şeirlər əzbərlədi, misallar həll etdi. Amma bu çox sürmədi, cəmi 4 sinif oxudu. Və sonra ömürlük çarpayı möhtacı oldu. 1976-cı ildə Yarməmmədbağı kəndində doğulan Yaqutu xəstəliyinin ilk çağlarında kifayət qədər müalicə etdirsələr də, sonra həkimlərin rəyinə görə birinci qrup əlil kimi qeydə alındı. Çoxları kimi mən də Hüseyinova Yaqut Alıhüseyin qızının xəstə ziyarətinə getmişəm (amma xeyli vaxtdır ki, getmirəm-T.A.). Onu ilk dəfə gördüyüm günü hələ unutmamışam. İnsana xoş gələn camalı, məsum baxışları hər kəsdən kömək umurdu. Onunla söhbət etməyə çalışdım. Arzuları, istəkləri ilə maraqlandım. Aydın oldu ki, şəkil çəkmək qabiliyyəti var, oxu mədəniyyəti yüksəkdir, əlil arabası ilə  heç olmasa həyətlərinə çıxmaq istəyir. O vaxt “Əkinçi” məsələ qaldırdı. Rayon uşaq incəsənət məktəbinin müəllimi hörmətli Faiq Bəkirov evlərinə gedərək Yaquta rəssamlıq sənətinin sirlərini öyrətdi. Əlil arabası ilə təmin olundu. “Əkinçi”nin təşəbbüsü ilə evlərində bir neçə xəstə olduğuna görə (qardaşı , istedadlı şair Alı  birinci qrup əlil idi, 27 yaşında vəfat edib. Atası Alıhüseyin kişi də ciddi xəstə idi. O da vəfat edib.) bankda Hüseyinovlar ailəsinə hesab açıldı. Yaqutun rəsm əsərləri respublika əlil qadınlarının əl işləri sərgisində layiqli yerlər tutdu, dəfələrlə onun haqqında “Əkinçi”də diqqəti cəlb edən materiallar hazırladım. Lakin aylar, illər keçdikcə irsi xəstəlik Yaqutu üzürdü. Axırıncı dəfə gedəndə hiss etdim ki, onun bu vəziyyətinə dözə bilmirəm. Xeyli vaxtdır ki,  ondan sadəcə xəbər tuturam. Növbəti dəfə onun haqqında bu ilin 2 dekabrında Yarməmmədbağı kənd icra nümayəndəsi Rahib Xəlilovla söhbət etdim. Rahib müəllimdən Hüseyinovlar ailəsinin, xüsusən Yaqutun vəziyyəti haqqında ətraflı öyrəndim. Və əslində mən bu yazını 3 dekabr beynəlxalq əlillər günündə Zerdab.com-da yayımlanmaq üçün hazırlamaq fikrində idim. Məqsədim bu idi ki, həmin gün diqqətlər Yaquta və onun problemlərinə yönəlsin. Amma nədənsə, Yaqutu əlil kimi təqdim edə bilmədim. Onun haqqında düşünəndə ancaq gözəl məziyyətlərini, sağlam məntiqini xatırladım. Bu gün isə Yaqutu sadəcə bir qəhrəmanım kimi təqdim etmək qərarına gəldim. Sevimli Zerdab.com-un  izləyicilərinə demək istəyirəm ki, Yaqut bu gün daha çox qayğıya, insanlarla təmasa möhtacdır. Siz  bu qıza təkcə birinci qrup əlil kimi yanaşmayın ,ona diqqət, məhəbbət göstərin. Yaquta yaxınlaşdıqca onun zəngin mənəvi dünyasına heyran qalacaq , gözəl söhbətlərinin şahidi olacaqsınız.Hər kəsdən  diqqət, məhəbbət uman bu qızın gözləri hər gün qapıya dikilir. Ona mərhəmət əlinizi uzadın. Yaqutun həsrətində olduğu istəklərini- başqaları kimi yerimək arzusunu, artıq rəsm əsərlərini işləyə bilməmək yanğısını, anasının xəstəliyini və bu dünyadakı ümidsizliyini ona unutdurun.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ-nin müxbiri

12 ŞƏRH

  1. Salam Tərlan müəllim açığını deyim ki,çox təsirləndim.Həyatdır nə etmək olar.Allah Yaquta bundan sonrakı həyatında rahatçılıq versin.Çox istərdim ki,imkanı olan şəxslər gedib Yaquta baş çəksin.Onun problemləri ilə maraqlansın.Ona yardımçı olsun.

  2. Yaqut bacı Allah sənə dayaq dursun! Mən məktəbli olsam da kədərlə qələmə alınmış bu yazının mahiyyətini anlayıram.

  3. Salam , hörmətli Nicat bəy!Mən də Sizə təşəkkür edirəm.Allahdan istəyim budur ki,gözəl Yaqutun dərdinə dərman tapıla.

  4. Tərlan xanım Sizi salamlayıram və minnətdarlıq etmək istəyirəm ki, yenidın cəmiyyətin diqqətini Yaquta yönəltdiniz.Mən “əlil Qadınlar”cəmiyyəti rayon bölməsinin sədri kimi Yaqutgildə olmuşam. Demək istəyirəm ki, onun arzularını, istəkərini düzgün işıqlandırmısınız

  5. Çox sağ ol, Güllü xanım , mən də Sizi salamlayıram.Bilirəm ki, işinizin öhdəsindən layiqincə gəlirsiniz. Yaxşı yadımdadır , bir dəfə də Hüseyinovlar ailəsinə mənimlə getmişdiniz.O vaxt Yaqutun səhhəti bir qədər normal idi.Amma təəssüf ki, indi ağırlaşıb.Onu deyim ki, bu qrupa daxil olan insanlar nə qədər də desələr ki,bu dünyadan “əlimi üzmüşəm” ən adi qayğıdan,mərhəmətli bir münasibətdən belə ümidlənəndilər.

  6. Yaqutun kədərli həyatınnan bəhs edən bu yazını ürək ağrısıyla oxudum. Material çox xoşuma gəldi. Hisslərimə hakim ola bilmədim, gözlərim yaşardı nə deyə bilərəm ki, Allah özü yardımçısı olsun. Qoy imkanlı şəxslər onnan öz mərhəmətini əsirgəməsin.Çox sağolun Tərlan xanım siz Yaqutun kədərli həyatını təsirli işıqlandırmısınız.

  7. Yaqutun kədərli həyatı məni çox təsirləndirdi. Mən də rayonumuzun bütün imkanlı və mərhəmətli şəxslərindən Yaquta kömək etmələrini xahiş edirəm.

  8. Əziz Tünzalə və bu yazıya münasibət bildirən digər izləyicilər , hər birinizə zəhmət çəkib bu materialı oxuduğunuz üçün təkrar təşəkkür edirəm.İnşallah imkanlılar (Allaha şükür ki, Zərdabda imkanlılar var-T.A.)Yaqutu yenə yada salacaqlar.

  9. Yaqut haqqında yazılan bu məqalələdən çox kədərləndim.Alah yardımçısı olsun.Arzu edirik ki,imkanı olan şəxslər Yaqutu ziyarət etsin,ona mənəvi dəstək olsun.Tərlan xanıma da bu yazı üçün təşəkkür edirik.

  10. Dünən qəmli bir xəbər eşitdim : “əlil qadınlar ” cəmiyyəti rayon bölməsinin sədri Güllü Xəlilova bildirdi ki , Yaqut rəhmətə gedib.
    Allah rəhmət eləsin , doğmalarına səbir versin !

Comments are closed.