Hərbi attaşe, polkovnik Vladimir Çernenko başda olmaqla Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Böyük Vətən müharibəsi veteranı, tam Şöhrət Ordeni kavaleri Muradəli Şəbahət oğlu Heydərovla görüşmək üçün Zərdab rayonunda olublar. Zerdab.com saytı bu barədə Rusiya səfirliyinə istinadən məlumat yayıb.
Məlumat üçün bildirək ki, Muradalı Heydərov 1922-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində dünyaya gəlib. 1942-ci ildə 416-cı atıcı diviziyanın heyətində cəbhəyə çağırılıb. Böyük Vətən müharibəsi illərində göstərdiyi şücaətlərə görə Şöhrət Ordeninin üç dərəcəsi ilə təltif edilib. Bu, Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulur.
M. Heydərov hazırda Azərbaycanda sağ-salamat olan yeganə tam Şöhrət Ordeni kavaleridir. Ordudan tərxis ediləndən sonra doğma kəndinə qayıdan Muradalı Heydərov indi də orada yaşayır.
Veteranla görüş Zərdab Rayon İcra Hakimiyyətinin binasında keçirilib. Polkovnik Vladimir Çernenko giriş sözündə faşist Almaniyası üzərində Qələbənin tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu Qələbə Sovet İttifaqının bütün xalqlarının sıx birliyi sayəsində mümkün olub.
V. Çernenko Böyük Vətən müharibəsi illərində Azərbaycanın ön və arxa cəbhəyə böyük töhfələr verdiyini vurğulayaraq, bu müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın müharibə veteranlarına və şəxsən M. Heydərova dərin təşəkkürünü bildirib.
Rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev veteranların dəstəklənməsi, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində rayonda və bütün ölkədə həyata keçirilən fəaliyyət barədə məlumat verib, gənclərin vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsi işində Muradalı Heydərovun fəal iştirakını qeyd edib.
Səfirliyin nümayəndələri Muradalı Heydərova maddi yardım göstərib, Rusiya Federasiyası Müdafiə Nazirliyi adından ona xatirə hədiyyələri təqdim ediblər.
Nümayəndə heyətinin üzvləri, rayon rəhbərliyi, Azərbaycan Respublikası Veteranlar Şurasının nümayəndələri və digər rəsmi şəxslər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanların xatirə kompleksi önünə gül dəstələri qoyublar.