Fərəc bəy Ağayev şəxsiyyəti barədə söhbət açmamışdan öncə diqqətə çatdırmaq istərdim ki, Həsən bəy Zərdabi kimi dahi bir şəxsiyyətin formalaşması, onda elmə, təhsilə, vətənə, xalqa, torpağa məhəbbət hissinin aşılanması ilk növbədə onun nəsil-nəcabətindən, kökündən, ulularından qaynaqlanan bir məsələdir.
Həsən bəyin istər ata, istərsə də ana nəslindən olan insanlar əsl bəylər, bəyzadələr olmuşdur. Lakin çox təəssüf ki, onların kimliyi barədə bu günədək mükəmməl araşdırmalar aparılmamış, ətraflı bilgilər əldə edilməmişdir.
Həsən bəy Zərdabi ailəsinin, eyni zamanda onun nəslindən olan insanların keşməkeşli həyat yolları araşdırılmamış, onların başlarına gətirilən faciəli hadisələrin, keçdikləri iztirablı həyat yollarının tarixi şərhi verilməmiş, nəsil şəcərəsi tərtib olunmamışdır.
Eyni zamanda, Zərdabinin bir çox elmi-təcrübi işləri, ideyaları, tövsiyələri də araşdırılmamış qalmışdır. Bütün bunlar məni düşündürməklə, dərin tədqiqat işləri, araşdırmalar aparmağa, bilgilər əldə etməyə vadar etmişdir.
Düzdür, bir çox ziyalı, tədqiqatçı alimlər tərəfindən yazılan dəyərli tədqiqat əsərlərində, məqalələrdə mövzulara müvafiq olaraq, Zərdabi nəslinin müəyyən nümayəndələri haqqında şərhlər verilmişdir. Lakin bunlar ümumiləşdirilməmiş, Zərdabi nəslindən olan insanların keçmiş olduqları şərəfli və eyni zamanda, iztirablı, keşməkeşli həyat yolları barədə araşdırmalar aparılmamış, ətraflı bilgilər əldə olunmamış və bunlar xalqımıza çatdırılmamışdır.
Bilirik ki, insanın həyatında hər şey ilk öncə doğma torpaqdan, vətəndən, eldən-obadan, yerdən-yurddan, atadan, anadan başlanır. Lakin çox təəssüf ki, millətin mənəvi atası hesab edilən Həsən bəy Zərdabi kimi millət fədaisinin nəsil şəcərəsindən xəbərsiz olduğumuz, bu ocaqdan çıxanların yaşadıqları yerlər, ünvanlar, məzarlarının yeri bizlərə bəlli olmadığı halda, hazırda bəzi kino rejissorlarımız Zərdabi haqqında film çəkmək istəyindədirlər. Hətta filmin çəkilişinə maliyyə vəsaiti üçün sponsor axtaranlarımız da vardır. Hesab edirəm ki, film çəkmək istəyində olanlarımız, Zərdabi haqqında filmə ssenari yazanlarımız yaxşı olardı ki, bundan öncə yuxarıda qeyd olunan məsələlər barədə araşdırmalar aparsın və dərin bilgilər əldə etdikdən sonra film çəkmək haqda fikirləşsinlər.
Həsən bəy Zərdabi kimi dahi bir şəxsiyyəti dünyaya bəxş edən, onun təlim-tərbiyəsi ilə məşğul olan müqəddəs ana haqqında, onun kimliyi, nəsil-nəcabəti barədə bu günədək dərin bilgilər, məlumatlar əldə edilməmişdir.
Eyni zamanda deməliyəm ki, bu gün Zərdabinin doğmaları, bilavasitə onun anası haqda bilgilər əldə etməyə təşəbbüs göstərən və bu ana obrazını ilk dəfə qələmə alan filologiya elmləri üzrə fəlsəfə doktoru, azərbaycançılıq ideologiyası sahəsində güclü qələm sahibi, “Kaspi” qəzetinin rəhbəri, tanınmış jurnalist Sona xanım Vəliyevaya öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Zərdabi nəslindən olan insanların araşdırılıb üzə çıxarılması, onların nəsil şəcərəsinin tərtib olunması üçün hesab edirəm ki, ilk növbədə Həsən bəy Zərdabinin həyatı və yaradıcılığına dərindən bələd olmaq lazımdır.
Həsən bəyin vəfalı həyat yoldaşı Hənifə xanım Məlikovanın (Abayevanın), övladları Pəri xanım Məlikovanın (Topçubaşova), Qəribsoltan xanım Məlikovanın və Pəri xanım Topçubaşovanın həyat yoldaşı, Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun xatirə yazılarına istinad etməyim, Həsən bəyin xanımı ilə doğma kəndi Zərdabda yaşadığı 16 il ərzində oradan müntəzəm olaraq Tiflisdə nəşr olunan “Tiflisski listok”, “Novoye obozreniye”, “Ziya”, Bakıda çıxan “Kaspi” və sair qəzetlərdə dərc etdirdiyi məqalələrlə tanış olmağım, eyni zamanda, ölkəmizin alim və ziyalılarından H.Hüseynov, Z.Göyüşov, M.Axundov, C.Məmmədov, A.Zamanov, Z.Məmmədov, M.Qasımov, İ.Rüstəmov, V.Məmmədov, Ş.Qurbanov, X.Həsənov, E.Cavadova, Könül Nazimqızı, V.Quliyev, Q.Behbudov, şair-dramaturq Səttar Zərdabi, əməkdar jurnalist Tahir Aydınoğlu və digər ziyalılarımız tərəfindən Zərdabinin həyatı və yaradıcılığı ilə bağlı yazılan əsərlərlə, məqalələrlə dərindən tanış olmağım və həmin tədqiqat materiallarından bəhrələnməyim Həsən bəy nəslinin nümayəndələrinin üzə çıxarılmasında, onların keşməkeşli həyat yollarını işıqlandırmaqda, nəsil şəcərəsini tərtib etməkdə mənə geniş imkanlar açmışdır.
Mərhum akademik Ziya Bünyadov yazırdı: “Hər bir alim, jurnalist, bütövlükdə “qələmçalanlar” öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu, çətindir, lakin faydalıdır. Çünki bir həqiqətdir ki, tarixçilər ümumi tarix yazırlar və hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakinləri qədər dəqiq bilməzlər… “. Bu sözlərdə çox böyük həqiqət vardır.
Həsən bəyin uluları ilə bahəm onun özü, eyni zamanda, övladları da qədim Zərdab torpağında dünyaya gəlmişlər. Hesab edirəm ki, qədim Zərdab kəndində doğulub boya-başa çatan Həsən bəy Məlikov Zərdabinin keçdiyi həyat yolunu, onun nəsil şəcərəsini tarixi mənbələrdə olan məlumatlar və faktlarla müqayisəli şəkildə araşdırıb ortaya çıxarmaqda ən böyük istinad yeri bu gün həyatda olan yerli sakinlər, Zərdabi nəslinin yaşlı insanlarının özüdür.
Həmin nəslin nümayəndələrindən olan ağsaqqallarımız, ağbirçəklərimizdən hal-hazırda indiki Zərdab şəhərində, Zərdab rayonunun bir sıra kəndlərində, Ağcabədi, Ucar, Göyçay, Ağsu, Ağdaş, Sabirabad, Şamaxı rayonlarında, Mingəçevir və paytaxt Bakı şəhərində yaşayanlar vardır. Bundan başqa, Zərdabi nəslinin sürgün həyatı yaşamış insanlar və onların hazırda Qazaxıstanda, Qırğızıstanda, Həştərxanda, Moskvada, Türkiyədə və digər yerlərdə məskunlaşmış nümayəndələri böyük bir ailə olaraq yaşamaqdadırlar.
Qeyd edək ki, Azərbaycan tarixinin faciəli səhifələrini təşkil edən 20-30-cu illərin siyasi mahiyyətindən irəli gələn bir məsələ idi ki, 1937-1938-ci illərdə saxta ittihamlarla 40 minə yaxın soydaşımız cinayət məsuliyyətinə cəlb edilmiş, 1937-1940-cı illərdə təxminən 12 min insan həbs edilmişdir. “Kulak” adı ilə 30-cu illərdə Sibirə və Qazaxıstana minlərlə günahsız insan sürgün olunmuşdur. 40-cı illərin sonunadək davam edən bu proses nəticəsində Qazaxıstanda xüsusi kulak arxipelaqları yaradılmışdı. 50-ci illərin ortalarından etibarən geri qayıdanları nəzərə almaq şərtilə, hazırda Qazaxıstanda 100 mindən çox azərbaycanlı yaşayır.
Təəssüf ki, faciəli, məşəqqətli sürgün həyatı yaşamış, repressiyanın qurbanlarına çevrilmiş həmin insanların, həmçinin böyük Məlikovlar nəslinin onlarla nümayəndəsinin həyatından bu gün də xəbərsizik.
Tədqiqatçı alimlərimizin yazılarından, tarixi mənbələrdən bizə məlumdur ki, Azərbaycan xalqının tanınmış soylarından biri Məlikovlardır. Bu o Məlikovlardır ki, onların ulu babası, yəni Həsən bəy Zərdabinin atası Səlim bəyin atası Məlik Rəhim bəy Şirvan xanlığının Qarasubasar mahalının Zərdab kəndinin yiyəsi (sahibi) olmuşdur.
Tarixi mənbələrdən o da məlumdur ki, xanlıqlar dövrünün sonunda, yəni Rusiya Şimali Azərbaycan xanlıqlarını işğal edən zaman Şirvanda yerləşdirilən bir çox eskadronlar Göyəzən, Hazaurt, Sərdəri mahallarının bir sıra kəndləri ilə yanaşı Qarasubasar mahalının Zərdab və Ləki kəndləri hesabına yaşayırdı.
1820-ci ildə Şirvan xanlığı ləğv edildikdən sonra Qarasubasar mahalı indiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı. Qarasubasar mahalının naibi Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy idi.
Məlik Rəhim bəy qədim Zərdab kəndinin yerləşdiyi Göyçay qəzasında xeyriyyəçiliklə məşğul olmuş, elmə, maarifə himayədarlıq etmişdir. Rəhim bəy İran şahzadəsi Xosrov Mirzə Qacar Rusiyanın paytaxtı Peterburqa gedərkən onu Qarabağda qarşılayan Şirvan bəyləri qrupunda olmuşdur.
Çox da uzaq bir tarix olmasa da, Məlik Rəhim bəyin oğlu Səlim bəydən, Səlim bəyin oğlanları Həsən bəy Məlikov Zərdabidən, Mehralı bəy Məlikovdan və bu iki qardaşın övladlarından başqa Məlik Rəhim bəyin həyatda qardaşı-bacısının olması, onların kimliyi, övladları barədə tarixi mənbələrdə məlumata, yazılara rast gəlinmir. Lakin apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Qədir bəy, Məmmədalı bəy, Cəfərqulu bəy adlı qardaşı, Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğlanları, Tubu və Ayna xanım adlı qızları olmuşdur. Həsən bəydən başqa onun Mehralı bəy Məlikov, Səfəralı bəy Məlikov və Şirinxanım adlı nəvələri olmuşdur. Eyni zamanda, Məmmədalı və Qədir bəyin, Tubu və Ayna xanımın övladları haqqında bu günədək heç bir məlumat əldə edilməmişdir. Bu şəxsiyyətlərin özlərinin, övladlarının keşməkşli həyat yolları araşdırılmamışdır.
Zərdabinin atası Səlim bəy uzun müddət çar ordusunda praporşik rütbəsində xidmət etmişdir. Səlim bəyin praporşik rütbəsində olmasının tarixi təsdiqini oğlu Həsən bəy Məlikov Zərdabiyə Moskva Universitetini əla qiymətlərlə bitirdiyinə və nümunəvi əxlaqına görə 1865-ci ilin iyul ayının 10-da Universitetin Elmi Şurasının ona elmlər namizədi alimlik dərəcəsi verməsi barədə attestatdan da görmək olar. O, elm və maarifi, şeiri və sənəti sevən tərəqqipərvər adam olmuşdur. Səlim bəyin öz evində təşkil etdiyi məclislərdə o dövrün bir çox tarixçiləri, müəllimləri, həkimləri, musiqiçiləri iştirak etmişdir. Səlim bəy qədim və qiymətli kitabları əldə edər, onların yayılması, oxunması məqsədi ilə xəttatlara və mirzələrə pul verər, üzünü köçürtdürərmiş.
Həsən bəyin bibisi Tubu xanım olmuşdur. Tubu xanım Səməd bəylə ailə həyatı qurmuşdur. Onların oğlu Zülfü Səməd bəy oğlu Adıgözəlov Həsən bəyin bibisi oğludur.
Həsən bəyin anası Mərziyə xanım keçmiş Şuşa qəzasının, indiki Ağcabədi rayonunun Qaradolaqlı bəy nəslindən-Baharlı oymağından olmuşdur.
Həsən bəyin anasının adının Mərziyə olmasını onun Zərdabda yaşayan qardaşı nəvəsi Sara xanım da təsdiq edir. O bildirir ki,
Mərziyə xanıma əzizləmə mənasında həmişə Mərzi xanım deyə müraciət olunarmış.
Həsən bəy Zərdabinin atasının dayısı Fərəc bəy Ağayev Şuşadan olmuşdur. Deməli, Həsən bəy Zərdabinin ata nənəsi şuşalı qızıdır.
Hörmətli oxucular, yuxarıda qeyd olunanlar bərədə, yaxın vaxtlarda işıq üzü görəcək “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyamda ətraflı tanış olacaqsınız.
İndi isə Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı general-leytenant Fərəc bəy Ağayev haqqında əldə etdiyim bilgiləri diqqətə çatdırmaq hesab edirəm ki, həm maraqlı, həm də gərəkli olardı.
H.B.Zərdabinin atası Səlim bəyin dayısı, general-leytenant Fərəc bəy Ağayev görkəmli hərbçi olmuşdur. Həsən bəyin Tiflisdə təhsil almasında Fərəc bəyin müstəsna rolu olmuşdur. Bəs general Fərəc bəy kimdir? Biz onun adına ilk dəfə 1873-1874-cü illərdə “Kavkazski kalendar” illik məcmuəsində rast gəlirik. O, Qafqaz Əlahiddə Ordusunun generalı olmuşdur. Onu hamı “Nikolay Nikolayeviç Ağayev” kimi tanıyırdı. Niyə? Ona görə ki, F.Ağayev-Nikolayeviçi 1844-cü ildə Rusiya imperatoru Birinci Nikolay və arvadı Mariya Aleksandrovna oğulluğa götürmüşdür. Fərəc bəy Nikolayeviç uzun müddət Peterburqda xidmət etmiş və padşahın rəğbətini qazanmışdır. Tiflisdə hamı ona “Rus Ağayev” deyirdi.
O, 1811-ci ildə Şuşa şəhərində anadan olmuş, ilk hərbi təhsilini Tiflisdə almışdır. 1837-ci ildə Qafqaz Əlahiddə Ordusu müsəlman polkunun komandiri olmuş, eskadron komandiri kimi ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuşdur. O, Peterburqda I Nikolayın şəxsi mühafizəçisi də olmuşdur. Fərəc bəy 1854-cü ildə çeçen qoşunlarına da rəhbərlik etmişdir. 1891-ci ildə 80 yaşında vəfat etmiş və öz xahişinə əsasən müsəlman adəti ilə dəfn olunmuşdur.
General-leytenant Fərəc bəy Ağayev-Nikolay Nikolayeviç barədə daha ətraflı məlumat almaq üçün tədqiqatçı jurnalist Şəmistan Nəzirlinin yaradıcılığına istinad etmək lazımdır. O, “Azərbaycan generalları” adlı kitabında yazır:
“1999-cu ilin aprel-may aylarında Gürcüstan Mərkəzi Dövlət Arxivində xalqımızın hərbçi oğulları haqqında araşdırmalar aparanda indiyədək bizə məlum olmayan çoxlu sayda fotoşəkil və rəsmi sənədlər əldə edə bildim. 1850-1855-ci illərdə Dmitri Yermakov soyadlı bir fotoqraf Qafqazın müxtəlif bölgələrini gəzmiş, ötən əsrin görkəmli adamlarının şəklini çəkmişdir. Onların arasında hərbçilər də az deyildi. Yermakovun öz əli ilə tərtib etdiyi on beşdən çox irihəcmli fotoalbomda bir şəkil diqqətimi cəlb etdi. Orada təxminən 40-45 yaşında cavan zabit təsvir olunmuşdu. Qalın bığlı, iri alınlı, mavi gözlü zabitin qurşağında naxışlı bir xəncər bağlanmışdı. Onun ağayana oturuşunda bəy vüqarı vardı. Şəkil sanki dilə gəlib deyirdi: “Mən azərbaycanlıyam!” Ümumi siyahıda göstərilirdi ki, fondda onun iki fotoşəkli saxlanılır. Hər ikisini sifariş verdim. Hər ikisinin də altında “Tatarskiy bey” sözləri yazılmışdı. Daha heç nə. Şəkildə kimin təsvir olunduğunu fondda saxlanan ad göstəricisindən öyrənə bildim. Orada yazılmışdı: “2899 və 8215 saylı fotoşəkillərdə general-leytenant Fərəc bəy Ağayev təsvir olunmuşdur”. Bir ay üç günlük yaradıcılıq ezamiyyətimdə həmin anlardakı qədər sevinməmişdim. Nə yaxşı ki, zənnim məni aldatmamışdı. Bir də ki, necə sevinməyəydim. Yüz səksən səkkiz il əvvəl anadan olmuş, yüz on bir il bundan əvvəl vəfat etmiş generalın fotoşəklini indiyədək Azərbaycanda görən olmamışdı.
Hələ iyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum bir sənəddən mənə məlum idi ki, general-leytenant Fərəc bəy Ağayev məşhur maarifçi Həsən bəy Zərdabinin atası Səlim bəyin doğma dayısı olub. 1858-ci ildə balaca Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına o kömək etmişdir.
Bəs general-leytenant Fərəc bəy Ağayev kimdir? Necə olub ki, tədqiqatçılarımız onun üstündən sükutla keçiblər? Həsən bəy Zərdabi kimi görkəmli maarifpərvəri bizə bəxş edən bu xeyirxah adamın ömür yolu həyatın hansı sınaqlarından çıxıb?
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata ”Kavkaz” qəzetinin 8 dekabr 1891-ci il tarixli nömrəsində və “Kavkazski kalendar” illik məcmuəsinin 1873-1874-cü illərdəki nömrələrində rast gəldik. Birinci mənbədə haqqında geniş məlumatla “Fərəc bəy” kimi təqdim olunan eloğlumuz, “Nikolay Nikolayeviç Ağayev” adlandırılır. Ona görə ki, bu yaraşıqlı, igid qafqazlı zabiti 1844-cü ildə imperator I Nikolay və onun arvadı Mariya Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmişdilər.
General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın Şuşa şəhərində 1811-ci ildə adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa I Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri vəzifəsinə təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayı təşkil edir, özü də onun komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milli alay da Fərəc bəyin alayına təhkim edilir. Süvari qoşun dəstələrinin komandiri kimi yüksək vəzifə daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə “Cəsurluğa görə” yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.
1853-1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayevə general-mayor rütbəsi verilir.
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ-Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edir ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı. Döyüşçülər yürüşə məşhur Qarabağ kəhərlərində və layiqincə silahlanmış halda başladılar.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz yüz doxsan birinci il noyabrın iyirmi altısında səksən yaşında Tiflisdə vəfat etmişdir”.
Oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, apardığım çoxillik tədqiqatların nəticəsi olaraq, 2006-cı ildə nəşr olunan “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı elmi-tədqiqat əsərimdə Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı Fərəc bəy Ağayev şəxsiyyəti barədə söz açılmış, onun kim olması, tarixi xidmətləri işıqlandırılmışdır.
Eyni zamanda həmin monoqrafiyada yazmışam: “O zaman Həsən bəyin atası vəfat etdiyindən o, böyük qardaşlarının himayəsində idi. Əvvəlcə böyük qardaşları onun Tiflisə getməsinə razılıq verməsələr də, bir qədər sonra atalarının dayısı, o zaman Tiflisdə yaşayan general-leytenant Fərəc bəy Ağayev (Nikolay Nikolayeviç) bu məsələdən xəbər tutmuş, onun təklifi və təkidi ilə qardaşları Zərdabinin Tiflis gimnaziyasında təhsilini davam etdirməsinə razı olurlar.
Yazıçı-jurnalist Şəmistan Nəzirlinin gərgin zəhməti bahasına uzun illər apardığı araşdırmaların bəhrəsi olan “Azərbaycan generalları” kitabında tarixi sənədlərə istinad edərək adı heç yerdə çəkilməyən inqilabdan əvvəlki general oğullarımızın xidmətləri haqqında ətraflı məlumat verilmişdir. Onlardan biri də Həsən bəyin atasının dayısı general-leytenant Fərəc bəy Ağayevdir. Onun əvəzsiz xidmətləri barədə “Tarixdə iz qoyub qəhrəmanlarım” başlıqlı yazısında Həsən bəylə bağlı verdiyi məlumatı olduğu kimi oxucuların diqqətinə çatdırmaq maraqlı olardı”.
Fərəc bəy Ağayevin bacısı nəvəsi Həsən bəyin təhsilini davam etdirməsi məsələsində ona yardımçı olması, himayədarlıq etməsi ilə bağlı yuxarıda qeyd etdiyim kitabımda verdiyim, Şəmistan Nəzirlinin məlumatını bir daha təkrarlamaqla onu oxucuların diqqətinə çatdırmaq hesab edirəm ki, maraqlı olardı:
“1858-ci ildə Şamaxıdakı dördsinifli ali ibtidai məktəbdə 144 nəfər buraxılış imtahanı verirdi. Onlardan 32 nəfər azərbaycanlı idi. Burada zadəgan, ruhani, rəiyyət silkinə məxsus uşaqlar təhsil alırdılar. İmtahan verənlər arasında uzun illər çar ordusunda xidmət edən praporşik Səlim bəyin oğlu Həsən bəy Məlikov da vardı. Buraxılış imtahanlarını qeyri-adi müvəffəqiyyətlə verən Həsən bəy fitri istedadı ilə hamını heyran qoydu. İmtahanda iştirak edən Qafqaz təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolay padşahlıq hesabına Birinci dərəcəli Tiflis Gimnaziyasına qəbul olunmasına məmnuniyyətlə razılıq verdi.
Lakin məktəbin direktoru üzrxahlıq edib:
– Aleksandr Pavloviç, – dedi, – cəsarət edib hüzurunuza tərif dolu tələbnamələr yazdığım şagird Həsən bəy Məlikov, bax budur. Özünüz onun biliyinin şahidi oldunuz.
– Yadımdadır, səhv etmirəmsə bir ildə iki dəfə yazmışdınız, – baron Nikolay bir anlıq fikrə gedib, – cənab direktor, – dedi, – bu cılız müsəlman balası sizin yazdığınız təriflərə də layiqdir. Əlbəttə bu müvəffəqiyyətlərin qazanılmasında sizin müəllimlərin böyük əməyi var. Mən onun Tiflis gimnaziyasında oxumasına bütün qəlbimlə sevinərdim. O, həqiqətən də istedadlı uşaqdır.
Məktəb müdiri ona və məktəbinə deyilən tərifdən xoşhal olub, barona hörmətlə təzim etdi.
– Möhtərəm Aleksandr Pavloviç, ancaq bir çətinliyimiz var.
– Nədir o çətinlik, nədən ibarətdir?
İnişil bu uşağın atası Səlim bəy vəfat etdi. İndi ailənin başçısı onun böyük qardaşıdır. O da iki ayağını bir başmağa dirəyib deyir ki, qardaşım Həsən bəyin Tiflisə oxumağa getməsinə razı deyiləm.
– Niyə?
– Deyir ki, uşağı gözümdən uzağa qoya bilmərəm, hələ çox balacadır.
– Olarmı o cənabla özüm söhbət edəm? Bəlkə yola gətirdik.
– Amma bir məsələni sizə açım…
Baron şəhadət barmağını dik tutub zarafatla:
Dayan, dayan, yəqin sünnidir, tərs damarı var. Sən də ondan qorxursan,- deyib başını bulaya-bulaya: – ay müsəlmanlar…
Yox, Aleksandr Pavloviç, sünni olmağına sünni deyil, qorxuram tərs damarı tutar, daha da acığa düşər, belə istedadlı uşaq əlimizdən çıxar. Mən bir fənd işlətmişəm. Deyim qulaq asın. Həsən bəyin atasının dayısı general-leytenant Fərəc bəy Ağayev Tiflisdə yaşayır. Yəqin ki, siz onu tanıyırsınız. Generalın imzası ilə bir xahişnamə hazırlamışam. Guya o, bizim məktəb müdiriyyətindən təvəqqe edir ki, Həsən bəyi Tiflis gimnaziyasına oxumağa göndərək…
– Qardaşı yenə də razılaşmır?
– Biz hələ generalın məktubu barədə Həsən bəyin böyük qardaşına bir söz deməmişik. İstərdik ki, məktub barədə ona siz deyəsiniz.
– Niyə məhz mən…
Ona görə ki, siz Qafqaz təhsil dairəsinin hamisisiniz, Zaqafqaziya Baş İdarəsi Sovetinin üzvüsünüz, həm də həqiqi mül-müşavirisiniz. Sizin-baron Aleksandr Pavloviç Nikolayın sözü daha inandırıcı olar.
– General-leytenant Fərəc bəy Ağayev həzrətlərini mən yaxşı tanıyıram. Deyirsən cəsarət edib onun adından danışaq? Mənə belə gəlir ki, bir müsəlman ziyalısının artması üçün işlətdiyimiz fəndə görə cənab general bizi bağışlar. Amma onu da deyim ki, bu fənd heç də bəd deyil. Çox məharətlə tapılıb. Uşağı xilas etməyin başqa yolu yoxdur. General tərəfdən arxayın olun, razılıq mənim boynuma. Bu barədə Tiflisə qayıdan kimi onun özünə məlumat verərəm.
Baron Aleksandr Pavloviç Nikolay Tiflisə qayıdanda Şamaxı məktəb müdirinin işlətdiyi “fənd” haqqında generala məlumat verdi. General bığaltı gülümsündü və məmnuniyyətlə qohumu Həsən bəy Məlikovu himayəsinə keçirərək, Birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına kömək etdi.”
Bütün yuxarıda göstərilənlərdən, apardığımız tədqiqatlardan məlum olur ki, böyük nüfuz sahibi olmuş azərbaycanlı general-leytenant Fərəc bəy Ağayev nəinki bacısı nəvəsi Həsən bəy Zərdabiyə yardımçı olmuş, ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində xeyriyyəçilik fəaliyyətini davam etdirmişdir.
Gəlin bir anlığa fikirləşək, Həsən bəy Zərdabinin atası Səlim bəyin doğma dayısı, Azərbaycanın ilk generallarından biri Fərəc bəy Ağayevin xatirəsi necə yad olunur, Ş.Nəzirli istisna olmaqla, onun haqqında hansısa digər bir tədqiqatçı tərəfindən araşdırma aparılıbmı?