Həsən bəy Zərdabi Mətbuat Şurasında anıldı

0
60
Həsən bəy Zərdabini anım tədbiri
Həsən bəy Zərdabini anım tədbiri

Azərbaycan Mətbuat Şurasında (MŞ) Həsən bəy Zərdabini anım tədbiri keçirilib. Bu barədə Zerdab.com saytına Mətbuat Şurasından məlumat verilib. Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, xalqımızın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür. Bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də «Əkinçi» qəzetini nəşr edərkən çəkdiyi əzab-əziyyətlərdən hər bir azərbaycanlı məlumatlı olmalıdır. «Bu məlamatlılığı təmin etmək üçün Mətbuat Şurası bir neçə il öncə Həsən bəy Zərdabinin anım gününün keçirilməsi təşəbbüsünü qaldırdı və hər il milli mətbuat günü ilə yanaşı, eyni zamanda noyabrın 28-də biz böyük ziyalımızla bağlı tarixi faktlara müraciət edir, onun milləti qarşısındakı xidmətlərini yada salırıq. Hər dəfə də xatirələri çözələdikcə böyük fəxarət hissi keçiririk», – deyən Şura sədri vurğulayıb ki, kütləvi informasiya vasitələrimizin Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını misilsiz vətənpərvərlik nümunəsi kimi təqdim etməsi cəmiyyət üçün son dərəcə zəruridir.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb. Bu günlərdə Fondun maliyyə dəstəyi ilə «Ziya» qəzetinin nüsxələrinin ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevrilməsi işi həyata keçirilib və toplanmış materiallar kitab şəklində nəşr edilib. «Bundan başqa Fond «Azərbaycan mətbuat tarixi antalogiyası»nın da nəşrini reallaşdırıb. Ümumən qurum bu  sayaq layihələrə hər zaman dəstək verir. Düşünürəm ki, Həsən bəy Zərdabi irsinin daha geniş miqyaslı tətqiqinə şərait yaratmaq da qarşımızda duran mühüm vəzifələrdəndir», – deyə o vurğulayıb.

 MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «Əkinçi» qəzetinin o dövrdə fəaliyyətə başlamasını, eləcə də iki il müddətində ömür sürməsini Həsən bəy Zərdabi şəxsiyyətinin böyük hünəri adlandırıb: «Onun həyat yoluna nəzər salarkən aydın görünür ki, bu adam xalqı maarifləndirməyin ən müxtəlif yollarını nəzərdən keçirib və nəhayət, qəzet çapı üzərində dayanıb. Dahi mütəfəkkirin seçimini səciyyələndirən cəhətlər müəyyən çalarlarla bu günümüz üçün də aktualdır. Mövcud səbəbdən də Zərdabi irsinin geniş xalq kütlələrinə çatdırılmasına hər zaman böyük ehtiyac duyulmaqdadır».

 MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl Həsən bəy Zərdabini təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının görkəmli ictimai xadimi, ziyalısı kimi xarakterizə edib. «Onun 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsasını qoyduğu mətbuatımız qısa zaman kəsiyində xalqın özünüdərk prosesində misilsiz rol oynadı. Nəşrin səhifələrində məişət müstəvisində qaldırılan məsələlər zaman keçdikcə digər mətbuat orqanları tərəfindən milli məfkurə davası ilə bağlı müstəsna tezislərə çevrildi. Nəticə etibarilə bu dava dövlət müstəqilliyimizin qazanılmasına gətirdi. Zənnimcə, bu məqam son dərəcə vacibdir», – deyə o qeyd edib.

 MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli çıxışında Həsən bəy Zərdabi irsinin araşdırıliması sahəsində görülən işlərdən söz açıb. Görkəmli alimin «heç olmaz ki, doğru söz yerdə qalsın» fikrinə müraciət edən N.Əhmədli bildirib ki, Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün son dərəcə vacib məktəb rolunu oynamaqdadır.

 MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə «Əkinçi» qəzeti ilə məhdudlaşmır. Bu mənada dahi mütəfəkkirin ötən əsrin əvvəllərində işıq üzü görmüş «Kaspi» qəzetindəki fəaliyyətindən söz açan baş redaktor diqqəti 1907-ci ilin 28 noyabr tarixinə yönəldib. «Həsən bəyin dəfni böyük izdihamla yadda qalmışdı. Bu, xalqın öz ziyalısına, fikir adamına dəyəri baxımından böyük, eyni zamanda fəxarət duyulası hadisə idi. Hesab edirəm ki, 28 noyabr tarixinin məhz bu aspektinin də qabardılmasına ehtiyac var», – deyə o əlavə edib.

Zerdab.com

Həsən bəy Zərdabini anım tədbiri