Deputat Vahid Əhmədov: “Problem ciddidir”
“Rusiyada miqrasiya sahəsində yeniliklərin tətbiq edildiyi hazırkı mərhələdə Rusiyadan Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları kütləvi şəkildə çıxarılır”. SalamNews-un xəbərinə görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə görüş zamanı deyib. Polad Bülbüloğlunun təşəbbüsü ilə keçirilən görüşdə səfir əlavə edib ki, Moskva, Sankt-Peterburq və Yekaterinburq aeroportlarında Rusiyaya gələn Azərbaycan vətəndaşlarına heç bir izahat verilmədən Rusiyaya daxil olmaq qadağan edilir: “Nəticədə elə bir vəziyyət yaranır ki, Azərbaycan vətəndaşlarını aeroporta gəldikdə fakt qarşısında qoyurlar və oradan vətəninə göndərirlər. Bu müxtəlif kateqoriyalı vətəndaşlardır – onların arasında Rusiya ali təhsil ocaqlarının tələbələri, hərdən məktəblilər, tranzitlə gedən vətəndaşlar, deportasiya nəticəsində üzvləri biri-birindən ayrı düşən ailələr və s. Hətta iki epizodda Rusiya XIN-də rəsmi akkreditasiyası olan Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Rusiya ərazisinə buraxılmayıblar”.
Səfir narahatlıqla vurğulayıb ki, xarici vətəndaşın Rusiyaya daxil olub-olmaması barədə qərarı Rusiyada biri-birindən asılı olmayan 11 qurum verir və təklif edib ki, qadağa ilə üzləşmiş vətəndaşlara aid informasiya mübadiləsi aparılsın. Azərbaycan Miqrasiya Xidmətinin təmsilçiləri bütün məsələləri müzakirə etmək üçün yaxın zamanda rusiyalı həmkarlarla görüşməyə hazırdırlar.
Deputat Vahid Əhmədov da baş verənləri şərh edərkən bildirib ki, bütün bunlar siyasi oyunun tərkib hissəsidir. Deputat “Şərq” qəzetinə açıqlamasında deyib ki, miqrantlara qarşı basqılar Azərbaycanı Gömrük Ittifaqına qoşmaq üçün Rusiyanın həyata keçirdiyi siyasətdir: “Rusiyada azərbaycanlıların sıxışdırılması elə-belə yox, çox ciddi məsələdir. Bu proses siyasi məsələ olduğu üçün öz həllini tapması xeyli vaxt aparacaq. Son vaxtlar bölgədə baş verən situasiyalara nəzər yetirsək, aydın olur ki, bütün bunların arxasında Rusiya rəhbərliyi dayanıb. Onların məqsədi Azərbaycanı digər MDB ölkələri kimi Avrasiya Birliyi və Gömrük Ittifaqına üzvlüyünü təmin etməkdir. Bu isə birmənalı Azərbaycanın dövlət və milli maraqlarına zidd olduğu üçün ölkə başçısı onlara istədiyini vermir”.
Vahid Əhmədovun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: “Amma nə qədər ağır olsa da, vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Bu bizim borcumuzdur. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddidir”.
“Azadlıq”