“Əkinçi”yə heç kimin rəhmi gəlmədi…

11
62

ƏkinçiUstadın dəyərli ideyalarından sevə-sevə bəhrələnirik

Tarixdə Həsən bəy kimi şəxsiyyətlər barmaqla sayıla biləcək qədər azdır. Öz fitri istedadını canından çox sevdiyi millətinin yolunda şam tək əridən bu dahi insan Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzundur. İslam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimidir. Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində İslam Xeyriyyəçilik hərəkatının əsasını qoymuşdur. 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, həm də Rusiyada ilk türkdilli qəzetin – “Əkinçi”nin naşiri olmaqla Azərbaycan milli mətbuatını yaratdı. Dahi həmyerlimizin xalq qarşısındakı xidmətlərinin siyahısını yenə də artırmaq olar: Azərbaycanda ilk qızlar Gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri və s. Lakin H. Zərdabinin Azərbaycanda ilk milli mətbuatın yaradıcısı kimi xidmətləri elə zəngindir ki, indi də böyük bir jurnalistlər ordusu öz peşə fəaliyyətində Ustadın dəyərli ideyalarından sevə-sevə bəhrələnirlər. H. Zərdabi yaşadığı dövrdə doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərindən dərk edərək qəzet çap etmək üçün hökumətə müraciət edir. Tarixi mənbələrdən məlumdur ki, böyük mütəfəkkir İstambuldan hürufat gətirtdirdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail oldu. Bununla da milli mətbuatımızın əsası qoyuldu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” çox böyük çətinliklərlə ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin cəmi 56 nömrəsi işıq üzü gördü və bundan sonra olmazın əziyyətlərinə dözsə də, nə yazıq ki, qəzeti çıxartmaq mümkün olmadı. “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi müddətdə Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Ələkbər Heydərinin Dərbənddən göndərdiyi məktubları, Seyyid Əzim Şirvaninin şeirlərini və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə olan məqalələri dərc edirdi. Zərdabi ilə yanaşı, bu müəlliflər də xalqı qəflət yuxusundan oyatmağa çalışırdı. O dövrdə Azərbaycanda tək bircə qəzet çıxırdı, onun da hər qədəmi ölümlə hədələnirdi. “Harayçı qardaş” imzası ilə Nəcəf bəy Vəzirov var səsilə Moskvadan car çəkirdi ki, “Ay qardaşlar,  “Əkinçi” qəzetinin fəryadını eşidib elm təhsil etmək dalıncan olun, necə ki bir çırağın yağı qurtaranda onun işığı kəsiləndən irəli, ondan bir şəfəq çıxar və bu zaman onun üstə təzə yağ tökülməsə, bilmərrə sönüb tamam ölür, habelə “Əkinçi” qəzeti sizin üçün bu axırda çıxan şəfəqdir. Haray, qardaşlar, yağ, yağ, yağ! Yoxsa “Əkinçi” sönüb  bizi  zülmətə qərq edər ki, bu zülmətdən bizim üçün xilas olmaq yoxdur”. (“Əkinçi” 1875-1877 tam mətn, səh:434). Qəzetin son nömrəsində lap əvvəldə belə bir elan verilmişdi: “Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçaq çıxmağı məlum deyil (“Əkinçi” 1875-1877, tam mətn, səh:447). Bu, Zərdabinin öz sözləri idi və bu elandan iki nömrə əvvəl bu böyük insan ürəyinin qanı ilə yazmışdı: “Allah “Əkinçi”yə rəhm eləsin”. Amma “Əkinçi”yə heç kimin rəhmi gəlmədi. 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə (sentyabr ) 20 nömrəsi çap olunan “Əkinçi” nə yazıq ki, öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq cəmi 2 il 3 ay işıq üzü görən qəzet bizlər üçün böyük bir irs qoyub getdi. Əgər Həsən bəy Zərdabidən sonra yetişən bütün mütərəqqi ziyalılar onu özlərinə “mənəvi ata” saymışlarsa, “Əkinçi” də sonralar meydana çıxan milli mətbuatımız üçün elə ölməz, əbədi ənənələr yaratdı ki, işləmək və yazmaq qələm əhlinə ancaq zövq verdi.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”nin müxbiri.

11 ŞƏRH

  1. Dahi həmyerlimiz H.Zərdabi ilə bağlı bütün ədəbiyyatları, məqalələri həmişə izləyirik. Bu məqalədə həmin sıradan oldu. Tərlan müəllimənin bu məqaləsi doğrudan da milli əkinçi qəzetimizin şərəfli tariixinə layiq bir yazıdır.Bu mövzuda növbəti yazılarınızı gözləyirik.Çox sağolun Tərlan xanım

  2. ALLAH ZƏRDABİYƏ RƏHMƏT ELƏSİN ! DAHİ HƏMYERLİMİZİ XATIRLADANLARA DA KÖMƏK OLSUN.

  3. Allah Zərdabiyə rəhmət eləsin.Onun bütün xidmətləri dəyərlidir.Yazmağa dəyər.

  4. hörmətli Nicat bəy , mən bu yazı üçün yorum yazdım , təəssüf ki, ekranda görünmədi. Ona görə də yorumu təkrar edirəm.
    Azərbaycanın ilk milli qəzeti ” Əkinçi”yə həsr olunmuş bu məqaləni maraqla oxudum, qəzetin tarixi ilə yaxından tanış oldum.Həm də xatırladım ki,noyabrın 28-i dahi həmyerlimizin anım günüdür. Allah Zərdabiyə rəhmət eləsin ! Tərlan xanıma da minnətdaram ki,həmişəyaşar ” Əkinçi”nin tarixini onun məqaləsi vasitəsi ilə bir daha vərəqlədik.

  5. Azərbaycanın ilk milli qəzeti “Əkinçi”yə həsr olunmuş bu məqaləni maraqla oxudum, qəzetin tarixi ilə yaxından tanış oldum. Həmdə xatırladım ki, noyabrın 28-i Dahi həmyerlimizin anım günüdür. Allah Zərdabiyə rəhmət eləsin. Tərlan xanıma da minnətdaram ki, həmişəyaşar əkinçinin tarixini onun bu məqaləsi vasitəsilə bir daha vərəqlədik.

  6. Belə məqalələri oxuduqca ZƏRDABİ haqqında bilgilərimiz daha da artır.

  7. Hörmətli Nicat bəy! Əvvəla, Sizi salamlayıram. Mən Zərdabinin qardaşı oğlu Həmdullah bəyin qızı Sara (Ruxsarə) İsayevanın qızıyam. Tərlan xanımın “Əkinçi”yə heç kimin rəhmi gəlmədi…” yazısını oxudum və çox xoşuma gəldi. Bu, öz yerində. Sizə müraciət etməkdə isə bir ayrı məqsədim var.Saytınızda bu yaxınlarda qardaşım oğlu Samirin faciəli vəfatı ilə əlaqədar yazı yayımlanmışdır(həmin yazının da müəllifi Tərlan xanım idi ).Buna görə Sizə öz adımdan və ailəmizin adından çox-çox minnətdarıq.

  8. Gülafər xanım, mən də Sizi salamlayıram. Öz növbəmdə xoş sözlərinizə görə mən də təşəkkürümü bildirirəm. Bu yazıya görə mən də Tərlan xanıma minnətdarlığımı bildirirəm. Özünə də demişəm, buradan bir daha bildirim ki, Tərlan xanımın yazılarını sevə-sevə oxuyanlardan biri də mənəm. Bu yazını isə paylaşmağı buradan özümüzə borc bilirik. Zatən Zerdab.com məhz bu kimi yazılara görə mövcuddur, var və inşallah, olacaq da. Tərlan xanımın da, gözəl insan İsaməddin müəllimin də, gənc jurnalist Züleyxa xanımın da yazılarını həvəslə oxuyur və bizə göndərilənləri bundan sonra da paylaşacağımızı bildiririk. Bizi sevən, saytımızı oxuyan insanların hər birinə dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı, xoşbəxtlik və xeyirli ömür arzulayırıq. Allah Sizləri pənahında saxlasın. Məndən Sara xalaya da salam deyin.

  9. Hörmətli Nicat müəllim ,mənim haqqımda dediyiniz və yazdığınız bu xoş sözlərə görə təkrar-təkrar minnətdaram .Sizin mənə ünvanladığınız bu dəyər , mənə ən gözəl duyğuları yaşatdı. Allah Sizlərdən razı olsun !

  10. “Əkinçi”nin böyük tarixinə həsr etdiyim bu kiçik yazımı oxuyan hər bir izləyiciyə , xüsusən də zəhmət çəkib yorum yazanlara təşəkkür edirəm . Arzulayıram ki, milli mətbuatımıza olan bu maraq bizi heç vaxt tərk etməsin. Həmişə “Əkinçi”yə məhəbbətlə yanaşa bilək . Qəzeti bizlər üçün irs qoyub gedən Həsən bəy Zərdabiyə isə Allah rəhmət eləsin !

Comments are closed.