Hörmətli KİV nümayəndələri! Gəlin vətəndaşlarımızı hüquqi mövzularda birgə maarifləndirək! Bu işdə bizə göstərdiyiniz köməyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu qəbildən olan növbəti məqaləni Sizə göndərirəm və bunu saytınıza yerləşdirməyinizi Sizdən xahiş edirəm. Əvvəlcədən çox sağ olun!
Azərbaycan Respublikasının vətəndaşlığını necə əldə etmək olar? (şərtlər)
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul proseduru yəqin ki, bir çox əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri və eyni zamanda milliyəti azərbaycanlı olan lakin Azərbaycan vətəndaşı olmayan şəxsləri çox maraqlandırır. Bu məsələyə Bakı Hüquq Mərkəzinin hüqüqşünası aydınlıq gətirib.
Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Elnur Əliyevin adından Zerdab.com saytının emailinə daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Hüquqşünas qeyd etməyi lazım bilib ki, 5 il daimi yaşama müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır və o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Elnur Əliyev bildirib ki, bu hallarda həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, yuxarıda göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər
“İndi isə müvafiq şərtlərə cavab verən şəxslərin Azərbaycan respublikasının vətəndaşlığına qəbul proseduru, tələb olunan sənədlər, rüsumlar və s. barədə məlumat verək. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə (Azərbaycan respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 1 saylı Əlavəsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
– 4 ədəd fotoşəkil (3×4 sm);
– yaşayış yerindən ailə tərkibi haqqında arayış;
– dövlət rüsumunun ödənilməsi haqqında sənəd (110 AZN);
– Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
– Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
– Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
– şəxsiyyəti təsdiq edən sənədin surəti;
– qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);
– elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.”- deyə hüquqşünas vurğulayıb.
Hüquq məsləhətçisinin söylədiyinə görə, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.
Bütün sənədlər DMX-ya təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır və nəticələri barəsində müraciət etmiş şəxslərə yazılı məlumat verilir.
E.Əliyev söyləyib ki, şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır. DMX təqdim olunmuş sənədləri rəy verilmək üçün Milli Təhlükəsizlik Nazirliyinə (MTN) və Daxili İşlər Nazirliyinə (DİN) göndərir. MTN-ə və DİN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. DMX əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikası Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatəti vəsatəti rədd edilir. Eyni zamanda, şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Sonda Elnur Əliyev qeyd edib ki, vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
Zerdab.com