“Təqvimin aylarının adlarının dəyişdirilməsi təklifinin edilməsini ilk dəfədir ki, eşidirəm. Mənə ümumiyyətlə belə bir təklifin nə üçün birdən-birə ortaya çıxması aydın deyil, bu nəyə əsasən edilib?” Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva sözügedən məsələ ilə bağlı şərh verərkən dilə gətirib.
Xatırladaq ki, “Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Atatürk Kamallı təqvimdəki ayların adlarına dəyişikliklər edilməsi ilə əlaqədar mübahisələr doğuran təşəbbüslə çıxış edib və öz variantlarını təklif edib.
Millət vəkilinin sözlərinə görə, belə bir təkliflə çıxış etməzdən əvvəl, belə bir təşəbbüsün irəli sürülməsi üçün cəmiyyətdə sosial tələbin olub-olmamasını araşdırmaq lazımdır.
“Hər bir təklif rasional olmalı və cəmiyyətin sosial tələbindən qaynaqlanmalıdır. Bizim istifadə etdiyimiz təqvim ayları adları var və bu adlar bütün dünyada qəbul olunub. Belə olan halda, ayların adlarının dəyişdirilməsi bizə nə verəcək?” – millət vəkili deyib.
Jalə Əliyeva bildirib ki, ümumiyyətlə, bu təkliflə bağlı müsbət nəsə demək də mümkün deyil.
“Şəxsən mən ayların adlarının dəyişdirilməsi üçün hər hansı əsas görmürəm”, – o deyib. Deputat həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı deputat həmkarlarından belə bir təklif eşitməyib. Bununla yanaşı, J.Əliyeva bildirib ki, hər kəsin öz şəxsi mövqeyi ola bilər.
“Bu nöqteyi-nəzərdən, mən hər bir təklifə hörmətlə yanaşıram, lakin deməliyəm ki, edilən təklif əsaslandırılmalıdır” – o deyib.