Zərdab rayonunun Qoruqbağı kəndinə təbii qaz çəkilir. Artıq iki həftəyə yaxındır ki, kənddə qaz xətlərinin çəkilişinə başlanılıb. Bu barədə Zerdab.com saytına sakinlər məlumat veriblər.
Qeyd edək ki, Qoruqbağı kəndinin sakinləri də qaz xətlərinin çəkiləcəyi və evlərinin fasiləsiz mavi yanacaqla təmin olunacağı günü səbirsizliklə gözləyirdilər. Düzdür, mavi yanacağın çəkilişinə başlanılması hələ o demək deyil ki, bu qış mavi yanacaqdan istifadə etmək mümkün olacaq. Bütün hallarda, bu istiqamətdə işlərə başlanması insanların ürəyincədir.
Zerdab.com saytı xəbər verir ki, bir müddət öncə kənd sakinləri bu məsələ ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə müraciət etmişdilər. Onu da bildirək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun kəndlərində mütəmadi səyyar qəbullar keçirir. Səyyar qəbullarda ən çox qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlıdır. Rayon rəhbərliyi tərəfindən bu müraciətlər aiddiyyatı qurumlara yönəldilir və onların qarşısında qaz çəkilişləri ilə bağlı məsələ qaldırılır. Qoruqbağı kəndinə SSR-i dövründə belə mavi yanacaq verilməyib.
Kənd sakinləri müraciətlərinin müsbət həll edildiyinə görə, Prezident İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə minnətdarlıqlarını bildirirlər.
Zerdab.com