Azərbaycanda təhsil sahəsi işçilərinin orta aylıq əməkhaqqı təqribən 150 manat təşkil edir. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin beş komitəsinin iclasında 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Trend xəbər verir ki, nazirin sözlərinə görə, bu sahədə, həmçinin səhiyyə və digər sahələrdə məvaciblərin artırılması məsələsi olduqca vacibdir və böyük sosial əhəmiyyətə malikdir: “Eyni zamanda, unutmaq olmaz ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Populizmə uymaq olmaz, ilk öncə hesablamalar aparmaq lazımdır”.
“Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi bu kateqoriyadan olan vətəndaşların sosial təminatı və onların rifahının yüksəldilməsi məsələsini nə qədər həll edə bilər?” sualını şərh edən nazir kompleks yanaşmanı vacibliyini xatırladıb: “Bu məsələyə baxmaq olar. Lakin təkrar edirəm ki, hər şeyi ölçüb-biçmək lazımdır. Ölkəmizdə dövlət qulluqçularının sayı elə də çox deyil. Təhsil sahəsində çalışanların sayı 400 mindən çoxdur. Onlara dövlət qulluqçusu statusunun verilməsi təkcə məvaciblərin deyil, həm də bütün qalan sosial paketlər üzrə ödənişlərin artırılması anlamına gəlir. Məsələn, pensiyalarla bağlı sosial paketi bura aid etmək olar. Buna görə hesab edirəm ki, ilk növbədə zəruri hesablamalar aparılmalıdır”.
Onun sözlərinə görə, Təhsil Nazirliyi bu istiqamətdə işlər aparır: “Nazir Mikayıl Cabbarov dəfələrlə qeyd edib ki, nazirlik bütün istiqamətlər üzrə islahatları davam etdirmək niyyətindədir. Hesab edirəm ki, hazırda nazirliyin ayırdığı vəsaitlər hesabına təmin edilən yaxşı iş gedir. Fikrimcə, biz perspektivdə bu islahatların müsbət nəticələrini görəcəyik”.