Gənclərin şüurlu yaradıcı əməyə hazırlanması, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsi məqsədi ilə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, eləcə də işaxtaran gənclərin iştirakı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə tədbir keçirilib.
Zerdab.com saytının xəbərinə görə, tədbirdə İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov, şəhər 1 saylı məktəb liseyin direktoru Tofiq Ağayev, “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov, şəhər 1 saylı məktəb liseyin 10-cu sinif şağirdi Sevinc Xasayzadə çıxış edərək peşə seçiminin taleyüklü məsələ olduğu üçün kortəbi şəkildə seçilməməli olduğunu izah ediblər.
Çıxış edənlər vurğulayıblar ki, düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərin düzgün təşkili və aparılması xüsusi əhəmiyyətə malikdir. Yanlış peşə seçiminin gələcəkdə onları mənəvi, psixoloji və iqtisadi çətinlik məngənəsində qoyacağını bildiriblər.