“Gəncliyə Dəstək” İctimai Birliyi “ Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Zərdab rayonunda “Aktivəmsə varam” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, könüllülər şəbəkəsinin yaradılması və onların bilik və bacarıqlarının artırılması yolu ilə aktiv fəaliyyətlərinin təmin edilməsidir.
Layihə zamanı təlimlər, seminarlar və praktik fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Belə ki, orta məktəblərdə şagirdlər üçün maarifləndirici seminarlar təşkil olunacaq, 20 nəfər könüllüdən ibarət “Könüllü Gənclər Klubu” yaradılacaq və onlara 2 günlük təlimlər keçiriləcəkdir. Təlimlərdə “könüllülük nədir”, “könüllülüyün tarixi”, “Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu”, “könüllülüklə bağlı beynəlxalq təcrübə”, “könüllülüyün cəmiyyətin inkişafına tövhəsi”, “könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru”, “Sosial Xidmlət haqqında Azərbaycan Respublikasının Qanunun”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında məlumatlar veriləcəkdir. Təlimlər interaktiv metodla aparılacaq. Eyni zamanda qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, qrup işləri, müzakirələr, iştirakçı və mütəxəssislərlə fikir mübadiləsinin aparılması və təqdimatların keçirilməsi də nəzərdə tutulur.
Layihə çərçivəsində ƏSMM-n sosial işçilərinin, Gənclər və İdman İdarələrinin, Qızıl Aypara cəmiyyətinin nümayəndələrinin könüllülərlərlə görüşləri təşkil olunacaq, həmin təşkilatların fəaliyyətləri ilə tanışlıq və gələcəkdə onların işlərinə cəlb edilməsi işləri həyata keçiriləcəkdir.
Könüllü Gənclər Klubu iştirakçılarının seçilməsi motivasiya əsasında aparılacaqdır. Bunun üçün ali təhsil alan, yüksək nitq qabiliyyətinə malik, təlimlərə hazırlıq və təşkili məsələlərində özünə güvənən gənclər http://gdib.org/form/ saytında qeydiyyatdan keçərək iştirak hüququ əldə edəcəklər.
Təlim keçmiş Könüllü Gənclər Klubu (KGK) məktəblərdə seminarların keçirilməsində iştirak edəcək.
Qeyd edək ki ,layihə Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9 yarımbəndinin (Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi) icrası məqsədilə həyata keçirilir.