628 bal toplamış məzun Zərdabdan Prezidentə məktub yazdı

0
54

ZərdabZərdab rayonu, Bəyimli qəsəbəsinin sakini Məmmədov Zahir Zakir oğlu Prezident İlham Əliyevə məktubla müraciət edib. Zerdab.com saytı həmin məktubun məzmununu təqdim edir:

“Möhtərəm Prezident!

Mən Məmmədov Zahir Zakir oğlu, 2012-ci ildə Zərdab şəhəri H. Aslanov adına 3 saylı orta məktəbi bitirmişəm. Ötən il qəbul imtahanlarında 448 bal toplayaraq BDU-nun biologiya fakültəsinə qəbul olmuşdum.

Lakin hələ uşaqlıqdan arzum həkim olub insanların sağlamlığının keşiyində durmaq olub. Qarşıma qoyduğum arzuya çatmaq niyyəti ilə yenidən hazırlaşmaq, biliklərimi daha da dərinləşdirmək qərarına gəldim və builki qəbul imtahanlarında 628 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul oldum.

Hörmətli cənab Prezident, mən və mənim kimi minlərlə gəncin belə uğurlar qazanmasının, xalqına, Vətəninə, dövlətinə ləyaqətlə xidmət etmək yolunda əzmkarlıq nümayiş etdirməsinin, qarşısına qoyduğu məqsədə nail olmaq üçün var gücü ilə çalışmasının və sonda öz məqsədinə nail olmasının yeganə səbəbkarı və ilhamvericisi Sizsiniz.
Respublikamızın hər yerində olduğu kimi, doğma rayonumuzda da son illər həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, infrastrukturun yenilənməsi, insanların rifahının gündən-günə yaxşılaşması, bütün sahələrdə əldə olunmuş uğurlar, nailiyyətlər, gənclərə göstərilən etimad və onların bütün sahələrdə, o cümlədən idarəetmədə irəli çəkilməsi bir gənc kimi məni də çox sevindirir.

Yaxın günlərdə rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması işlərinə başlanılması xəbəri bir daha sevincimizə yeni sevinc qatdı. Lakin rayonda həkim çatışmazlığı faktı hər kəs kimi məni də narahat edir və ixtisas seçimində haqlı olduğuma bir daha əminlik yaradır.

Məqsədim ali təhsilimi başa vurduqdan sonra yüksək ixtisaslı həkim kimi doğma rayonumuza qayıtmaq və insanlara ləyaqətlə tibbi xidmət göstərməkdir.

Möhtərəm Prezident, biz gənclərə göstərdiyiniz diqqət və qayğıya görə, bizim hərtərəfli inkişafımız və xoşbəxt gələcəyimiz üçün göstərdiyiniz xidmətlərə, gördüyünüz işlərə görə bütün rayon gəncləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Biz gənclər Sizə inanırıq, Sizə arxalanırıq.

Biz xoşbəxt, firavan gələcəyimizi Sizə etibar edirik”.