Həzrəti Musa Allah-Təala ilə görüşmək üçün Tur dağına gedərkən yolda bir adama rast gəlir.
Tanış olurlar və həmin şəxs Həzrəti Musanın bu səfərinin niyyətini öyrənincə deyir: “Allah-Təalaya mənim adımdan yalvararsan ki, mal-dövlətimi azaltsın, çünki mən bu mal-dövlətin ibadətimə əngəl olacağından qorxuram”. Həzrəti Musa həmin adama söz verir və yoluna davam edir. Bir səhradan keçəndə görür ki, birisi özünü boğaza qədər quma basdırıb. Yaxınlaşıb salam verir, tanış olurlar və Həzrəti Musa onun niyə belə elədiyini soruşur. Həmin şəxs də deyir ki, mən o qədər kasıbam ki, geyməyə libasım da yoxdur. Ona görə ayıbımdan özümü burada quma basdırmışam. Sonra da həmin şəxs Həzrəti Musadan xahiş edir ki, Allah-Təala ilə görüşəndə onun bu halını xatırlatsın və uca Yaradandan onun üçün var-dövlət istəsin. Peyğəmbər onun da istəyini Allah-Təalaya çatdıracağına söz verir və yoluna davam edir.
Allah-Təala ilə görüşdə Həzrəti Musa hər iki şəxsin xahişini uca Yaradana çatdırır. Allah-Təala buyurur ki, o birinci adamın var-dövlətini azaltmayacam. Çünki o, mənə layiqincə şükr edənlərdəndir. O ikinci şəxsə gəldikdə, ona çatdırarsan ki, şükür eləsin.
Həzrəti Musa Allah-Təalanın bu buyruğunu zəngin adama çatdırır. O da Allah-Təalanın onu bu cür tanımasından məmnun olur və o andan etibarən daha çox şükür və ibadət etməyə qərar verir.
Həzrəti Musa özünü quma basdırmış adamın yanına gəlir və Allah-Təalanın ona şükür etməyi buyurduğunu söyləyir. O adam da eşələnərək əllərini qumun altından çıxarıb belə deyir: “Hansı günümə şükür eləyim?” Elə bu vaxt güclü bir külək əsir və qumun hamısını sovurub aparır.
Həzrəti Musa lüt-üryan qalmış adama deyir: “Gördünmü, o qum üçün də şükür etmək lazımdır”.
Mənbə: ZAMAN